"Azərbaycan ilə Türkiyə münasibətləri artıq strateji əməkdaşlıq səviyyəsini keçərək, demək olar ki, ortaq dövlət təfəkkürü səviyyəsinə yüksəlib". Bu sözləri SİA-ya açıqlamasında türk jurnalist Güngör Yavuzaslan deyib.
Onun sözlərinə görə, xüsusilə Şuşada imzalanmış Bəyannamə ilə təhlükəsizlik sahəsində ortaq bir strategiya formalaşdıran iki dövlət, Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi və təlimi məsələsində yüksək səviyyədə əməkdaşlıq aparır.
Hazırda Ermənistanla aparılan danışıqlar və bu prosesdən əldə olunan nəticələr, Azərbaycanın arxasında Türkiyənin verdiyi qəti və şərtsiz dəstəyin bariz göstəricisidir: "Türkiyə, qısaca desək, Ermənistana açıq şəkildə bildirir: “Əgər mənimlə münasibətləri normallaşdırmaq istəyirsənsə, əvvəlcə Azərbaycanla anlaşmalı, problemlərini onunla həll etməlisən".
Eyni zamanda, Cənubi Qafqazda formalaşan bu diplomatik və strateji əməkdaşlıq regional baxımdan da qiymətləndirilməlidir. Son dövrlərdə Suriyaya Azərbaycan təbii qazının Türkiyə üzərindən nəqli də məhz bu əməkdaşlığın nəticəsidir. Yəni iki ölkənin əməkdaşlığı konkret nəticələr əsasında inkişaf edir.
Zəngəzur dəhlizinin açılması məsələsi də ortaq diplomatik strategiya ilə həyata keçirilir. Bu dəhliz istifadəyə verildikdən sonra Xəzər və Qafqaz hövzəsində yeni bir strateji nəqliyyat marşrutu formalaşacaq ki, bu yolun əsas memarı Azərbaycan olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə