“Azərbaycan-Suriya münasibətləri yeni mərhələyə qədəm qoyur” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan ilə Suriya arasında diplomatik münasibətlərin tarixi müəyyən dövrlərdə çətinliklərlə müşayiət olunsa da, son illərdə iki ölkə arasında əməkdaşlıq imkanları genişlənməkdədir. Qeyd olunmalıdır ki, keçmişdə, xüsusilə Suriya Prezidenti Bəşər Əsədin hakimiyyətinin əvvəlki mərhələsində Suriya rəsmiləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dair bəzi şübhəli yanaşmalar müşahidə olunmuş, hətta zaman-zaman Ermənistanın işğalçılıq siyasətinə dəstək ifadə olunmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Aydın Mirzəzadə sözlərinə belə davam edib: “Lakin Suriyada hakimiyyət strukturunda baş verən dəyişikliklərdən sonra yeni siyasi rəhbərlik Azərbaycanla əlaqələrin yenidən qurulmasına və inkişaf etdirilməsinə maraq göstərmişdir. Bu kontekstdə Azərbaycan tərəfi, xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi altında, Suriyanın yenidən qurulması və bərpası prosesində iştirak etməyə hazır olduğunu bəyan etmişdir. Azərbaycan həm MİNAS (minalardan təmizləmə), həm də İKT (informasiya-kommunikasiya texnologiyaları) sahəsində malik olduğu təcrübəni Suriyaya təqdim etməyə, eləcə də bu sahədə Türkiyə ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməyə hazırdır. Suriyalı rəsmilərlə aparılan görüşlər zamanı bu məsələlər geniş müzakirə olunmuş və artıq ilk praktiki addımlar atılmışdır. Məsələn, Azərbaycan təbii qazının Suriyaya çatdırılması istiqamətində ilkin razılaşmalar əldə edilmişdir. Bununla yanaşı, digər sahələr üzrə də əməkdaşlığın genişləndirilməsi istiqamətində mütəmadi məlumat mübadiləsi və müzakirələr aparılır.

Azərbaycan dövlət quruculuğu, islahatların tətbiqi və xüsusilə işğaldan azad edilmiş ərazilərin bərpası sahəsində zəngin təcrübəyə malikdir. Bu təcrübə Suriyanın post-münaqişə dövründə sosial-iqtisadi inkişafına töhfə vermək baxımından əhəmiyyətli potensiala sahibdir. Azərbaycan, eyni zamanda qədim Şərq sivilizasiyasının bir parçası olaraq, regionda baş verən proseslərə biganə qalmır. Ölkə, suverenliyini və müttəfiqlik əlaqələrini qorumaqla yanaşı, beynəlxalq əməkdaşlıq və qarşılıqlı layihələrin reallaşdırılması istiqamətində daim açıq siyasət yürüdür.

Təcrübə göstərir ki, Azərbaycan müxtəlif beynəlxalq platformalarda – o cümlədən Qoşulmama Hərəkatında mühüm rol oynamış və pandemiya dövründə də bir sıra dövlətlərə, o cümlədən Suriyaya yardım göstərmişdir. Həmçinin Azərbaycan universitetlərində həmin hərəkatın üzv dövlətlərindən olan tələbələr üçün təqaüd proqramları ayrılmışdır. Nəticə etibarilə, Azərbaycan–Suriya əməkdaşlığı nümunəsi göstərir ki, Azərbaycan həm etibarlı dost, həm də güclü strateji tərəfdaşdır. Bu əməkdaşlıq hər iki ölkəyə siyasi, iqtisadi və humanitar sahələrdə böyük faydalar vəd edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə