"Fransa əgər doğrudan da beynəlxalq hüququn tərəfdarıdırsa,..." - POLİTOLOQ ŞƏRH ETDİ

"Fransa Milli Assambleyasının qətnaməsində Azərbaycanın məhkəmə sisteminə qarşı səsləndirilən "qeyri-qanuni məhkəmə prosesi" ittihamları təkcə hüquqi deyil, həm də siyasi kontekstdə təhlil olunmalıdır. Bu ittihamlar bir sıra beynəlxalq hüquqi prinsiplərə və dövlətlərin suveren hüquqlarına ziddir və Fransanın beynəlxalq hüquqa münasibətdə tətbiq etdiyi ikili standartların bariz nümunəsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, məhkəmə hakimiyyəti hər bir suveren dövlətin daxili işidir və bu prinsip BMT nizamnaməsi də daxil olmaqla, beynəlxalq hüququn əsas sənədlərində öz əksini tapır. Azərbaycan Respublikasının hüquq sistemində məhkəmə müstəqilliyi Konstitusiya ilə qorunur və ölkənin hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən istintaq və məhkəmə prosesi tam qanuni əsaslarla aparılır. Azərbaycan məhkəmələri tərəfindən həbs edilən şəxslər - o cümlədən keçmiş “separatçı rejimin” üzvləri - müstəqil dövlətin qanunlarını pozmuş şəxslər kimi məsuliyyətə cəlb olunurlar: "Fransa isə bir tərəfdən beynəlxalq hüququn aliliyindən danışır, digər tərəfdən isə Azərbaycanın suveren hüquqlarını şübhə altına almağa cəhd edir. Bu, klassik “ikili standart” siyasətidir. Fransanın digər münaqişəli bölgələrdə və ya öz ölkəsində analoji hallarda fərqli mövqe sərgiləməsi, məsələn, Korsikada separatizmlə mübarizə zamanı sərt tədbirlərə əl atması, amma Azərbaycana gəldikdə separatçıları "siyasi məhbus" kimi təqdim etməsi ciddi ziddiyyət yaradır. Fransanın “qeyri-qanuni məhkəmə prosesi” iddiası, əslində, Azərbaycanın hüquqi sisteminə qarşı qərəzli və əsassız bir hücumdur. Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmuş, Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımış dövlətdir və burada hüquqi prosedurlar beynəlxalq normalara uyğun şəkildə həyata keçirilir. Hətta həmin məhbusların müdafiə hüquqları da təmin olunub və bütün hüquqi prosedurlar şəffaf şəkildə aparılır.

Digər mühüm məqam ondan ibarətdir ki, Fransanın bu məsələni siyasi manipulyasiya alətinə çevirməsi sülh gündəliyinə ciddi zərbə vurur. Siyasi mövqelərin hüquqi məsələlərə qarışdırılması beynəlxalq ictimaiyyət üçün mənfi presedent yaradır və bölgədəki gərginliyin daha da dərinləşməsinə səbəb ola bilər. Fransa əgər doğrudan da beynəlxalq hüququn tərəfdarıdırsa, onda ilk növbədə dövlətlərin suverenliyinə hörmət etməli, onların hüquqi sisteminə qarşı siyasi motivli hücumlardan çəkinməlidir. Əks halda, bu, həm beynəlxalq hüququn prinsiplərinə zidd olar, həm də Fransanın regionda vasitəçi kimi etibarlığını ciddi şəkildə sual altına salar. Azərbaycanın məhkəmə sisteminə qarşı yönələn “qeyri-qanuni” ittihamlar hüquqi reallıqla deyil, siyasi maraqlarla diktə olunmuş yanaşmadır və Fransanın beynəlxalq hüquqa yanaşması ilə qətiyyən uzlaşmır. Bu, daha çox geopolitik maraqlar naminə beynəlxalq hüququn selektiv tətbiqidir və belə halların beynəlxalq münasibətlər sistemində artması ümumi etimad mühitini sarsıdır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə