Bu gün Portuqaliyanın Porto şəhərində keçirilən ATƏT Parlament Assambleyasının (ATƏT PA) 32-ci İllik Sessiyası çərçivəsində Baş Komitələr üzrə iclaslar başa çatıb. SİA xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyevin sədri olduğu İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitənin “Helsinki Yekun Aktının 50 illiyinin qeyd olunması: ATƏT məkanında yeni reallıqlara cavab” adlı qətnaməsi müvafiq düzəlişlə qəbul olunub.
Üç gün davam edən komitə iclaslarında, həmçinin müxtəlif məsələlər üzrə 6 əlavə qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib.
İyulun 2-də İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitənin rəhbərliyinə seçkilər keçirilib. Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev yekdilliklə yenidən Komitənin sədri vəzifəsinə seçilib.
Komitənin sədr müavini vəzifəsinə Ukrayna nümayəndəsi Artur Gerasimov, məruzəçi vəzifəsinə isə Portuqaliya nümayəndəsi Paula Kardosa seçiliblər.
Qeyd edək ki, Azay Quliyev bundan əvvəl də ATƏT PA-da müxtəlif vəzifələrə seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə