Nümayəndə heyətimiz Panamada İqlim Həftəsində iştirak edib

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 19-21 may tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə Panama şəhərində keçirilən İqlim Həftəsində və bu çərçivədə baş tutan mandatlı tədbirlərdə və yüksəksəviyyəli plenar iclasda iştirak edib.

SİA-nın məlumatına görə, XİN-dən bildirilib ki, mayın 21-də baş tutan yüksəksəviyyəli plenar iclasda Y.Rəfiyev Azərbaycanın COP29 sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı məlumat verib. Azərbaycanın sədrliyi ilə COP29-da qəbul edilən tarixi qərarların, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il 300 milyard ABŞ dolları həcmində maliyyənin səfərbər edilməsini nəzərdə tutan Bakı Maliyyə Məqsədinin və Paris Sazişinin karbon bazarları ilə bağlı 6-cı maddəsinin 10 il davam edən nəticəsiz danışıqlardan sonra Bakıda Azərbaycanın sədrliyi altında razılaşdırılmasının əhəmiyyətini vurğulanıb.

Səfər çərçivəsində Y.Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti UNFCCC Katibliyinin icraçı direktoru Simon Stiell, icraçı direktorun müavini Noura Hamladji və Braziliyanın COP30 Baş İcraçı Direktoru Ana Toni və Baş danışıqçısı Lilian Çagas ilə ikitərəfli və Katibliyin iştirakı ilə üçtərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanın COP29-da əldə etdiyi nailiyyətlər, bu istiqamətdəki fəaliyyəti və təcrübəsi, iqlim dəyişmələri ilə mübarizə konteksində COP29-da qəbul edilmiş qərarların icrasının əhəmiyyəti, UNFCCC-nin Köməkçi Orqanlarının cari ilin iyun ayında keçiriləcək 62-ci sessiyası və COP30-da aparılacaq iqlim danışıqlarının mövzuları üzrə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə