"Heydər Əliyevin senzuranı ləğv etməsi plüralizmin genişlənməsinə şərait yaradıb" - Əhməd İsmayılov

Azərbaycan mediası özünün təməl funksiyalarını yalnız ölkə müstəqillik əldə etdikdən sonra yerinə yetirməyə başlamış və mövcud tarixi şəraitdə müstəqil media təsisatlarının əsası qoyulub. SİA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış nitqində deyib.

O qeyd edib ki, bu baxımdan Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda senzuranın ləğv edilməsi plüralizmin genişlənməsinə, jurnalistikanın inkişafına yeni nəfəs vermiş, əlverişli şərait yaradıb.

Agentliyin rəhbəri vurğulayıb ki, cəmiyyətin sosial sifarişi kimi meydana çıxan “İctimai proseslər media müstəvisində” platformasını yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaqdır. Eyni zamanda ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsini daha da artırmaq da bura daxildir.

Ə.İsmayılov xatırladıb ki, bu il zəngin və şərəfli inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı bu il özünün 150 illik yubileyini qeyd edir: “1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc etmiş, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparmışdır”.

İcraçı direktor deyib ki, maarifçilik xüsusiyyətləri ilə seçilən “Əkinçi” qəzeti milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə