Ağdama həyat qayıdır - Sarıcalı kəndinə birinci mərhələdə 203 ailə köçürüləcək
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Qarabağ özünün yeni dövrünə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş digər ərazilər kimi, Ağdam rayonuna da həyat yenidən qayıdır. Rayon mərkəzində və kəndlərdə genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri icra olunur.
Ağdam rayonunda tikintisi həyata keçirilən yaşayış məntəqələrindən biri də Sarıcalı kəndidir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi SİA-nın bölgə müxbirinə bildirib ki, Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən Sarıcalı kəndinin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.
Birinci mərhələ üzrə buraya 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır. Artıq 203 fərdi ev inşa olunub. Evlərin 63-ü iki, 91-i üç, 45-i dörd, 4-ü isə beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb.
Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, o cümlədən klub-icma mərkəzi, çoxfunksiyalı inzibati bina, bazar kompleksi, ticarət və məişət xidməti obyektləri, tam orta məktəb, körpələr evi-uşaq bağçası tikilib. Sarıcalı kəndində inşa olunmuş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.
Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Sarıcalı kəndi Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilmişdi, burada evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə 1024 nəfər əhali yaşayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə