“Avropa İttifaqı hələ də bu reallığı qəbul etmək istəmir” - MÜNASİBƏT BİLDİRİLDİ

“2020-ci il 44 günlük Vətən müharibəsi bir çox cəhətlərdən mühüm önəm kəsb edir və tarixə yazıldı. Əvvəla ona görə ki, Azərbaycan 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında qalan ərazilərini öz ordusunun gücü, Ali Baş Komandanın qətiyyəti və vətən övladlarının misilsiz qəhrəmanlığı nəticəsində işğaldan azad etdi. Bu eyni zamanda regionda yeni reallıqların əsasını qoydu. Hansı ki bu reallıqları məhz Azərbaycan öz tarixi qələbəsilə yaratdı. Lakin təəssüflər olsun ki, istər regionun bəzi ölkələri, istərsə də Avropanın bir sıra ölkələri, o cümlədən Avropa İttifaqı hələ də bu reallığı qəbul etmək istəmirlər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Nadir Azəri deyib.

Onun sözlərinə görə, başda Fransa olmaqla Avropanın bəzi ölkələri, o cümlədən Avropa İttifaqı bu reallığı qəbul etmək əvəzinə, Ermənistanı silahlandırmaq, orada revançist əhval-ruhiyyənin yenidən güclənməsinə təkan vermək yolunu tutublar: Təbii ki bu sırada “xüsusilə fərqlənən” Fransadır. Bu dövlətin ümumiyyətlə müstəmləkəçilik, müharibələrə sövq etmə, regionları mühairbə zonalarına çevirmə yolunda bir rolu var. İndi isə bu rolu Cənubi Qafqazda oynamaqdadır. Təəssüflər olsun ki, hazırda Avropa İttifaqı Fransanın Cənubi Qafqazda öz çirkin niyyətlərini həyata keçirməsinə dəstəkçi, Ermənistan isə Fransa üçün maşa rolunda çıxış edir. Bəlli olduğu kimi Avropa İttifaqı Ermənistana Avropa Sülh Fondundan daha 10 milyon avro ayırmağı düşünür. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas artıq bu təklifi Aİ Şurasına təqdim edib. Xüsusi olaraq qeyd edək ki, bu vəsait Ermənistanın müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq. Yəni hər şey gün kimi aydındır”.

N.Azəri bildirib ki, bu yardımla bir daha Fransanın qanlı istəklərinin reallaşdırılması üçün hazır vəziyyətdə olan Avropa İttifaqının Cənubi Qafqazda növbəti müharibənin olmasına çalışdığı öz təsdiqini tapdı: “Nə yazdıqları olsun ki, mənfur qonşularımız da bu istəyin reallaşması üçün bir daha “vasitə” olmağa hazırdırlar. Lakin nə qədər gec deyil Ermənistan hakimiyyəti ağlını başına yığmalı, reallığı qəbul etməlidir. Ermənistan hakimiyyəti 44 günlük Vətən müharibəsinin nəticələrini unutmamalıdır. Bu zavallı, işğalçı təfəkkürlü ölkə və onun xalqı bilməlidir ki, Azərbaycanın güclü ordusu bütün təxribatlara layiqincə cavab verməyə hazırdır və bu dəfə bizim yumruğumuzun gücü Ermənistan üçün ölümcül olacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə