"Hökumət bütün tərəflərlə birgə yeni çözüm yolları tapa bilər" - Zahid Oruc

"Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili konstitusion mandatı çərçivəsində fəaliyyəti zamanı hər hansı maneə və qanunsuz təsirlə üzləşməyib". SİA xəbər verir ki, bu sözləri plenar iclasda deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, Milli Məclisə təqdim olunan 3 fəsil, 101 səhifə və yekun diaqramlardan ibarət Məruzədə, ilk növbədə vətəndaşların müraciətlərinə xüsusi yer ayrılıb: "Xatırladaq ki, ötən il Ombudsmanın ünvanına 29.371 müraciət daxil olub ki, əvvəlki illə müqayisədə fərq cəmi 40 müraciət təşkil edir. Əlbəttə, müraciətlərin daha aydın təsnifatına ehtiyac var, belə ki, hansı hakimiyyət orqanlarından, yaxud yerli qurumlardan daha çox şikayətlərin olduğu, tələblərin xarakeri və əhatə etdiyi coğrafiyanın təhlili təkcə statistik deyil, gerçək problemlərin xəritəsini görməyə imkan verərdi. Sənəddə mülki hüquqlarla bağlı, ilk növbədə, mənzil fondunun yenilənməsi ilə əlaqədar xüsusilə də Bakı şəhərində problemlərin hələ də qaldığı göstərilir. Hökumət bütün tərəflərlə birgə yeni çözüm yolları tapa bilər.

Məruzədə növbəti dəfə, Müvəkkilin beynəlxalq mandatı çərçivəsində Yaxın Şərqdə döyüşən azərbaycanlıların yaxınlarının ölkəmizə qaytarılmasının diqqətdə saxlandığı vurğulanır. Rusiya-Ukrayna savaşında da hər iki tərəfdə vuurşan azərbaycanlıların taleyi eyni xarakterli məsələdir. Ümidvarıq ki, Suriyada hakimiyyət dəyişikliyi, dövlətimizin beynəlxalq nüfuzunun güclənməsi və nəhayət, Dəməşqdə səfirliyimizin açılması gələcəkdə vətəndaşlarımızın belə avantürüst əməliyyatlarda iştirakına imkan verməyəcək".

"Milli Preventiv Mexanizm çərçivəsində Müvəkkil ötən il ümumilikdə müxtəlif qurumlara 352 başçəkmə həyata keçirib. Müsbət haldır ki, planlaşdırılmayan baxışlar haqda geniş məlumat verilir. Əlbəttə, Penitensiar müəssisələrdə sıxlıq problemi davam edir. Məlumat üçün, ölkəmizdə hər 100 min nəfərə 220-230-a yaxın məhbus düşür. Onlardan 600-a qədəri qadındır. Göstərici kriminogen durumun sabitliyindən xəbər verir və Avropa sıralanmasında yüksək yerlərdən biridir.

Həbs yerlərində saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi haqqında Məruzədəki digər statistik məlumatlar bizi narahat edir. Penitensiar müəssisələrdə 2022-ci ildə vəfat edən 151 məhbusdan 146-sı, 2023-cü ildə isə 169 məhbusdan 163-ü xəstəliklər səbəbi ilə həyatını itirib. Göründüyü kimi, ağır xəstə məhkumların cəzadan azad olunmalarına dair məhdudiyyətlərin aradan qaldırılması, təqdimatların göndərilməsindəki problemlərin həlli zəruridir.

Azadlıqdan məhrumetmə deyil, məhdudlaşdırma tədbirləri-“cəza bilərziyi”nin tətbiqi mütərəqqi hadisədir. Probasiya Xidmətinin yaradılması təkcə büdcə vəsaitlərini qorumur, həm də şəxsin yaxınlarından və cəmiyyətdən təcridsiz islahına xidmət edir. Məlumat üçün deyək ki, hazırda şərti məhkum edilən 3519 adama elektron nəzarət vasitəsi tətbiq edilib və Xidmət fəaliyyət dairəsini, rəqəmsal monitorinqi, sosial adaptasiya və bərpa tədbirlərini gücləndirir. “Probasiya haqqında” yeni qanun qəbul edəriksə, cəza siyasətində alternativ qərarların dairəsi genişlənər" - deyə o, əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə