Dəfələrlə tarixi Ermənistanın deyil, real, əsl Ermənistanın haylar üçün daha “münasib” olacağı barədə çıxış edən erməni baş nazir Nikol Paşinyanın ortadakı “mənzərəni” görmədiyi, daha doğrusu, görməməzliyə vurması hayları bərk qıcıqlandırır. Bəli, əslində, real Ermənistan daha məqbul variant olmalı idi, nəinki, tarixi Ermənistan nağılları fonunda bir cəfəngiyyat. Məsələ burasındadır ki, real Ermənistan deyilən də heç haylar üçün “xoş” deyil, çünki ortada olan əsl reallıqlar onlar üçün həzm olunacaq görünmür. Çünki real Ermənistan iddiası fonunda əsl reallıqları görən ermənilər öz vəziyyətlərini görmüş olurlar və artıq acınacaqlı durumlarını təkzib edə də bilmirlər...
Günahkar da, səbəbkar da özləridirlər və elə əsl reallığın biri də məhz bundan ibarətdir
Küçə nümayişlərində əli sarıqlı, beli çantalı bir nümayişçinin çığır-bağır salmasını böyük bir “hünər” hesab edən haylar onu baş nazir kürsüsünə “oturdanda” elə bilirlərmiş ki, onlar bundan sonra yağ-bal içində olacaqlar. Məsələ burasındadır ki, həmin o “yaralı nümayişçi” elə həmin kürsüdə oturan kimi haylar xəyallarının yanlışlıq olduğunu başa düşdülər. Çünki ortada heç bir dəyişiklik görmədilər. Əksinə, reallıqlar öz çılpaqlığı ilə gözlərinin qarşısına qoyuldu, özü də əsl reallıqlar, qondarma yox. Əsl reallıqlar da məhz hayların hay-hayının gedib, vay-vayının qaldığını göstərən reallıqlar idi və bunu görən istənilən erməni bir başına, bir də dizinə döyməli oldu. Amma başlarına döydürən reallıqların səbəbkarları da elə özləri, öz yanlış davranışları, xislətləri və ümumiyyətlə, özlərinə məxsus ermənilikləri idi ki, onları üz-üzə qoydu.
Əgər haylar elə zənn edirlərsə ki, onları bu vəziyyətə Nikol Paşinyan qoyub, bərk yanılırlar. Onlar “yanlış yol” tutduqları üçün belə arzuolunmaz vəziyyətlə qarşılaşıblar. Amma Nikolun onları bu vəziyyətə saldığını düşünənlər heç də az deyillər. Ermənistana məxsus mətbuat səhifələrindən də görünür ki, onu “qınamaq” artıq ənənəyə çevrilib. Məsələ burasındadır ki, bəli, Vovayeviç hayların “istəklərindən” hakimiyyəti ələ keçirmək üçün xüsusi şəkildə, özünəməxsus hiyləgərliklə istifadə edə bilsə də, vəziyyəti dərhal dəyişmək üçün onun “sehrli çubuğu” olmalı idi. Bu isə elə erməni nağıllarından qətiyyən fərqlənən deyil və buna ümid etmək, ən yaxşı halda, sadəlövhlük sayılır. Lakin hələ də nəyə isə ümid etmək birbaşa axmaqlıqdır. Çünki arzuolunmaz vəziyyəti, xoşagəlməz halı dəyişmək üçün ən azından potensial imkanlar lazımdır və bunu da Ermənistanda axtarmaq belə mümkün deyil.
Ermənilər xam xəyallara düşməli deyil, gördükləri əsl reallıqları qəbul etməlidirlər
Hazırda erməni cəmiyyəti əhalinin hər mənada ödəmə qabiliyyətinin yox dərəcəsində olduğunun fərqindədir. Onun da fərqindədir ki, bu cür ödəmə qabiliyyəti olmadığı halda, üstəlik, ictimai nəqliyyatın belə qiymətləri durmadan artırılır. Doğrudur, Nikol Paşinyan küçə nümayişlərində erməni xalqına qızıldan dağlar vəd edirdi və hakimiyyəti ələ keçirdikdən dərhal sonra hər bir erməninin yaşayışını “düzəltmək” barədə vədlər verirdi, lakin onun vədlərinə də düşünmədən inanan elə ermənilər özləri idilər. Sanki haylar dərk edə bilmirdilər ki, bütün bunlar əsl reallıqlar deyil. Bax elə əsl reallıqlardan biri də onlar üçün vergilərin qiymətlərinin artırılmasıdır. Büdcəsi yox dərəcəsində olan bir ölkədə vergilərin artırılması gözlənilən idi və məhz bu reallığı əvvəlcədən görmək, dərk etmək lazım idi. İndi artıq çox gecdir və ermənilər gördükləri əsl reallıqları qəbul etmək məcburiyyətindədirlər.
Maraqlıdır, İrəvanın küçə və meydanlarında axmaqcasına revanş barədə hay salan haylar görmürlərmi bu reallıqları? Revanşistlər ortada olan əsl reallıqların fonunda nəyə güvənirlər və acınacaqlı durumda olan ölkələrinin halı ilə bu axmaq fikrə düşüblərmi? Məgər onların axmaqlıqları, mənasız və əsassız iddiaları özü də əsl reallıqlar fonunda gülünc deyilmi? Əlbəttə ki, gülündür. Bu gün öz ölkəsini təmin edə bilməyən, ödəmə qabiliyyəti olmayan əhali üçün ictimai nəqliyyatın qiymətlərini və vergiləri artıran və bununla da büdcəsini qismən təmin edəcəyini “ümid edən” bir ölkədə hansısa revanş sözünü işlətmək belə, ilk növbədə, yanlışlıq olmaqla yanaşı, həm də xam xəyallara düşmək deməkdir. Bax elə əsl reallığın biri də budur.
Paşinyan əsl Ermənistanın mənzərəsini ortaya qoydu və beləliklə, əsl reallıqları da haylar görmüş oldular
Erməni baş nazirin, Nikol Paşinyanın arvadi Anna Akopyanın heç bir dövlət vəzifəsi tutmadan dövlət başçısının səlahiyyətlərini öz üzərinə götürməsi də əsl, real Ermənistanın hazırki mənzərəsidir. Daha doğrusu, növbəti əsl reallığın biri də budur. Bir ölkə rəhbərinin arvadının heç bir səlahiyyət sahibi olmadan yetərincə kompetensiyaya “sahib çıxması” elə həmin ölkənin özünün də konstitusiyasına ziddir. Bax elə əsl Ermənistanın mövcud olan əsl reallığı bundan ibarətdir və hazırda bunu ermənilər özləri də yaxşı görürlər. Görürlər ki, ölkə “bir təhər” idarə olunur və bu idarəetməni kim oldu öz əlinə götürməyə çalışır. Daha doğrusu, xaos elə hakimiyyətin özündə də yetərincədir və bunu elə Anna Akopyanla bağlı deyilənlər də təsdiq edir. Özü də “əsl reallığı” göstərir.
İndi erməni cəmiyyətində “əsl reallıqlar” kifayət qədər çoxdur və əsl Ermənistan özünün qeyri-peşəkar komandası, həmin o hakimiyyət komandasının düşünülməmiş qərarları, axmaq ideyaları, uğursuz təşəbbüsləri fonunda göz önündədir. Bax elə hayları hay-küy salmağa da vadar edən budur, bu reallıqdır. Hər dəfə diplomatik görüşlər zamanı ölkə hakimiyyətinin özünü gülünc günə qoyduğuna ermənilər artıq alışqan olublar. İstənilən tədbirin, istənilən görüşün ardınca elə erməni cəmiyyəti özü belə öz hakimiyyət komandasını lağa qoyur, ələ salır və gülünclüyünü açıq şəkildə etiraf da edir. Məhz bu da əsl reallıqlardan biridir və əsl Ermənistanın əsl görüntüsüdür.
Haylar görürlər ki, dövlət borcunun görünməmiş artımı davamlı xarakter alıb. Görürlər ki, büdcə kəsiri olduqca böyükdür. Qondarma, yalançı islahatlar adı altında Ermənistan hakimiyyətinin uğursuzluğunu da müşahidə edirlər. Hətta əhalinin etimadının yox dərəcəsində olması da göz önündədir. Göz önündə olan daha bir məqam odur ki, əsl Ermənistan Nikol Paşinyanın özünün, ailəsinin və komandasının iştirak etdiyi korrupsiya kampaniyasıdır. Tarixi deyil, əsl, real Ermənistan dedikdə, Nikol Paşinyan görünür, heç özü də başa düşmürmüş əsl reallıqları. Bu gün tarixi, yəni, qondarma, xəyali, utopik Ermənistandan imtina etmək iddiasını ortaya atan Paşinyan əslində, elə əsl Ermənistanın mənzərəsini ortaya qoydu və beləliklə, əsl reallıqları da haylar görmüş oldular. Görmüş oldular ki, əsl, real Ermənistanda əsl reallıqlar nədən ibarətdir...
Bütün xəbərlər Facebook səhifəmizdə