Bu ay delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır - Prezident
Şadam ki, biz bu kəndləri (Qazax rayonunun 4 kəndi - red.) qaytarmaq üçün başqa metodlara əl atmalı olmadıq. Zənnimcə, son dörd ilin dərsləri, - hərçənd erməni tərəfindən onlar hələ tam dərk olunmayıb, - nəzərə alınır. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"Beləliklə, bunu, həmçinin təkcə delimitasiya üzrə deyil, həm də sərhədin demarkasiyası işində yaxşı ilk addım hesab edirəm. Zənnimcə, bu, elə bir nadir hadisədir ki, delimitasiya və demarkasiya demək olar ki, eyni vaxtda həyata keçirilir", - dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, artıq həmin kəndlərə mütəxəssislərdən ibarət qrup ezam olunub: "Orada erməni yaşayış məntəqələrinə yaxınlıq məsələsi və eskalasiya olacağı təqdirdə müəyyən təhdidlər var. Ona görə də mən tapşırıq verdim ki, bu kəndlərin sakinləri üçün mənzil fondunun tikintisi məqsədilə daha çox müdafiə olunan yer seçilsin, onların təhlükəsizliyi təmin edilsin. Çünki belə bir təcavüzkar qonşumuz olduğu üçün biz, ilk növbədə əhalimizin təhlükəsizliyi haqqında düşünməliyik".
"Beləliklə, düşünürəm ki, proses maksimum şəffaf oldu, həmçinin ermənilərin yeni himayədarları tərəfindən müsbət qarşılandı, çünki demarkasiya prosesi də aparıldı. Əlbəttə, bu, sərhədin bütün perimetri üzrə dəqiqləşdirmə üçün təkan verməlidir. Delimitasiya və demarkasiya üzrə Ermənistan və Azərbaycan komissiyalarının razılaşdırdığı protokol elə ondan xəbər verir ki, sərhədin dəqiqləşdirilməsi zamanı bir çox amillər – təhlükəsizlik, kommunikasiyalar, yaşayış məntəqələri, tarixi, ekoloji amillər və sair nəzərə alınmalıdır. Yəni, Ermənistan ilə Azərbaycan arasında mövcud olan şərti sərhəd, birincisi, ehkam deyil. Bizim mövqeyimiz həmişə ondan ibarət olub ki, bunun üçün mənim dediyim bir çox bu və ya digər amillərin dəqiqləşdirilməsi tələb olunur. Amma bildiyim kimi, bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır. Bizim metodologiya üzrə yanaşmamız var, onu erməni tərəfinə təqdim etmişik. Mənə məruzə etdilər ki, aldığımız şifahi cavab ondan xəbər verir ki, onların tərəfindən xüsusi etiraz yoxdur. Beləliklə, yaşayıb görərik", - İlham Əliyev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə