Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq

Prezident İlham Əliyev: "Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi"

İdman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biri olduğundan, bu sahəyə dövlət tərəfindən böyük diqqət ayrılıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb. Azərbaycan dünyanın idman arenasında artıq özünə layiqli yer tutub. İstər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə.

Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq ölkənin bütün sahələrində, eləcə də idman sahəsində böyük nailiyyətlər əldə olunub. Dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycanda yüzlərlə beynəlxalq yarışlar keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb. Üola salacağımız 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. "Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib. İlin ən böyük yarışı Yay Olimpiya Oyunları olduğunu bildirən dövlət başçımız burada da Azərbaycan idmançılarının tarixi nəticə əldə etdiyini bildirib: "Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir. Onu da deməliyəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır".

"VƏTƏNPƏRVƏRLİK AMİLİ DAİM DİQQƏTDƏ OLMALIDIR"

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün idmanımız özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bütün olimpiya oyunlarında idmançılarımız uğurlar qazanıblar. İdman tarixinin yaxın dövrünə nəzər salsaq görərik ki, dünyanın ən mötəbər idman tədbirlərindən olan Olimpiya Oyunlarında Azərbaycan idmançılarının möhtəşəm qələbələr qazanıblar. Olimpiya Oyunlarında Azərbaycan komandasının əldə etdiyi nəticələrə nəzər salsaq, çox böyük uğurların əldə edildiyinin şahidi olarıq. İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Son illərin idman nailiyyətlərinə nəzər yetirdikdə bir daha şahidi oluruq ki, Azərbaycan bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq edib. Başqa sözlə, idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. "Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır", - deyən Prezident diqqətə çatdırıb ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir.

Birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. IV İslam Həmrəyliyi Oyunlarında isə idmançılarımız 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasətinin nəticəsi olaraq, idmançılarımızın sorağı mötəbər yarışlardan qalib kimi eşidilir.

Vurğulamaq yerinə düşər ki, ölkəmizdə idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etməyə imkan yaradır.

"QARABAĞ BÖLGƏSİNDƏ, BAKI ŞƏHƏRİNDƏ ƏN MÜASİR İDMAN İNFRASTRUKTURUMUZ VARDIR"

Ölkəmiz keçirilən bütün beynəlxalq idman yarışlarına tam hazır vəziyyətdədir. Belə yarışların keçirilməsi və idmançılarımızın bu və ya digər yarışlarda qalib olması onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. Ölkəmizin mötəbər idman yarışlarını keçirməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Ölkəmizdə müasir tələblərə cavab verən möhtəşəm idman qurğuları fəaliyyət göstərir. Müasir dövrümüzdə mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir. Digər tərəfdən, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir. Bu gün ölkəmizdə Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, Atletlər kəndi və bir sıra idman qurğuları var. Vətən müharibəsində düşmən işğalından azad edilmiş rayonlarımızda da idman müəssisələrinin yaradılması nəzərdə tutulur. Mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir. Bu da gəncləri idmana olan marağını daha da artırır və mövcud şərait onları daha da ruhlandırır: "Uzun illər bütün bölgələrdə idmanla məşğul olmaq üçün dövlət öz fəaliyyətini aparıb. Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur, müxtəlif bölgələrdə, o cümlədən Qarabağ bölgəsində. Bakı şəhərində ən müasir idman infrastrukturumuz vardır", - deyən Prezident bildirib ki, biz hələ təxminən 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını keçirmişdik: "Ondan sonra İslam Həmrəylik Oyunlarını keçirmişdik və keçən ay Bakıda COP29 beynəlxalq iqlim konfransı da Olimpiya Stadionunun içində və onun ətrafında keçirilmişdir. Yəni, burada da vaxtilə inşa etdiyimiz idman obyektinin - Olimpiya Stadionunun böyük rolu olmuşdu. Çünki əgər vaxtilə biz bunu etməsəydik, bu boyda, bu miqyasda beynəlxalq tədbiri keçirə bilməzdik - 197 ölkə, 76 min qeydiyyatdan keçmiş iştirakçı təmsil olunurdu və qonaqların məmnunluğu xüsusi qeyd edilirdi. Cəmi 10 şikayət var idi, onlar da tezliklə öz həllini tapdı".

"GƏNCƏ ŞƏHƏRİ MDB OYUNLARININ MƏRKƏZİ OLACAQ"

Azərbaycan Prezidenti çıxışında gələn il Azərbaycanın növbəti böyük idman yarışına ev sahibliyi edəcəyi mesajını da verib. Bu Üçüncü MDB Oyunlarıdır ki, Azərbaycanda keçiriləcək. "Bunun üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq " – deyə Prezident bildirib. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə "Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Gəncə şəhər stadionu Azərbaycanın ən böyük klub stadionudur. Stadion 1959-cu ildə tikilərək istifadəyə verilib. Burada bir sıra məşhur oyunlar keçirilib. Azərbaycan Premyer-liqasının 2015/2016-cı il mövsümündə tamaşaçı sayında rekord vuran "Kəpəz" futbol klubunun çempionat ərzində 18 ev oyununu Gəncə şəhər stadionundan 240 min 650 azarkeş izləyib. Ən çox tamaşaçı 2016-cı il fevralın 14-də XXI turda keçirilən "Kəpəz"–"Qarabağ" görüşündə qeydə alınıb – 20 min 400 tamaşaçı. "Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin ən böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi" – deyə dövlət başçımız bildirib.

Gəncə şəhərində Üçüncü MDB Oyunlarında 7000 iştirakçı, onların komandaları, heyətlərini qəbul etmək şərait yaradılmalıdır. Azərbaycan Prezidenti çıxışında onu da bildirib ki, gələn ildən başlayaraq Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılacaq: "Həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin. Əlbəttə ki, biz təbii olaraq bu Oyunlara da hazırlaşırıq. Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər".

Bütün bunlar, Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür. Azərbaycanın mötəbər idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi bu sahənin, eləcə də həmin idman növlərinin inkişafına, idmanın kütləviliyinin təmin olunmasına xidmət edir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə