“Hind” klinikası cadu ilə insanları müalicə edir? ŞİKAYƏT

Qarabağ müharibəsi iştirakçısı və qazisi, ehtiyatda olan zabit Səfər Məmmədovun başına gələnləri Şeyx Nəsrullahla Keyfli İsgəndərin "duel"inə bənzətmək olar

Dünya yaranandan cadu, tilsim, sehr kimi mistik əməllər olub və bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Aparılan arxeoloji araşdırmalarla təsdiq olunub ki, hələ 60-70 min il bundan əvvəlki dövrlərdə Hindistan, Fransa, Yunanıstan, Nigeriya, Avstriya kimi ölkələrin ərazisində cadu, tilsim, sehr kimi əməllər geniş yayılmışdır. İnsanlar buralarda müəyyən mistik rituallar, ayinlər icra etmiş və başqalarının bədbəxcliyi üzərində özlərinə xoşbəxtlik əldə etməyə çalışmışlar. Bu gün dünyamız dəyişsə və müasir yeniliklər həyatımızın ayrılmaz hissəsini təşkil etsə də, yenə də elə insanlar var ki, cadu, tilsim kimi əməllərə inanır və ondan istifadə etməyə çalışır. Hətta onlar dostunun, qonşusunun və ya hansısa tanışının cadu ilə üzləşdiyini və bu səbəbdən də həyatının alt-üst olduğunu deyərək, dinləyicilərini inandırmağa çalışır. Dinimizə görə, cadu, tilsim, sehr kimi əməllər haram hesab edilir, günah sayılır. Müqəddəs "Quran Kərim"in "Ənam" surəsinin 151-ci ayəsində Uca Allah belə buyurur: "(Ya Rəsulum!) De: "Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!" İslama görə nahaq yerə insan öldürmək, qeybət etmək, yalan danışmaq, valideynin üzünə ağ olmaq, zina etmək kimi əməllər böyük günahlara daxildir".

Bu gün Şeyx Nəsrullahlarla yanaşı, kefli İsgəndərlərimiz də mövcuddur

Çox təəssüflər olsun ki, müasir dövrün yeniliklərinə baxmayaraq insanlar çox vaxtı öncəgörənin, baxıcı deyilən şəxslərin yanına gedir, hansısa probleminin həllinə, üzləşdiyi müşkül işin aradan qaldırılmasına yardım istəyir. Baxıcı və ya öncəgörən deyilən şəxs də Şeyx Nəsrullah kimi yalan vədləri ilə qarşısında dayanıb, çarəsiz şəkildə ona baxan insana hər kəsin taleyində baş verə biləcək hadisələrdən danışır, sonra da pulunu-parasını alıb, "get işin düzəldi" deyib, yola salır. Ancaq elə Keyfli İsgəndələr var ki, cadu, tilsim, sehr kimi əməllərə inanmır və onların adları çəkiləndə gülürlər. Belə demək olar ki, bu gün Şeyx Nəsrullahlarla yanaşı, keyfli İsgəndələrimiz də mövcuddur. Qarabağ müharibəsi iştirakçısı və qazisi, ehtiyatda olan zabit Səfər Məmmədovun başına gələnləri Şeyx Nəsrullahla Kefli İsgəndərin "duel"inə bənzətmək olar. Belə ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən müharibədə sağlamlığını itirən və buna görə bədəninin müxtəlif nahiyələrində hələ də zədələri qalan Səfər Məmmdov sosial şəbəkələri izləyərkən, rastına "Hind" klinikasında sağlamlığını bərpa edə biləcək elana rast gəlir. Qazi yubanmadan "Hind" klinkası ilə əlaqə saxlayır və özünü travmatoloq həkim kimi təqdim edən Paşa Yaqubla danışır. Paşa doktor Səfər Məmmədovu inandırır ki, dərdinə çarə yalnız və yalnız "Hind" klinikasındakı peşəkar həkimlərdir. Biçarə Səfər Məmmdov başına hansı bəlalar gələcəyini müəyyənləşdirmədən, "Hind" klinikasına gedir. Həkim deyilən Paşa Yaqub onu qarşılayır və söz-söhbətdən, tanışlıqdan sonra, qazidən pul tələb edir. Səfər Məmmədov "həkim müalicə üsulunuz nədən ibarətdir" sualını edərkən, həkim " 50 manat ver, deyim" cavabını alır. Çarəsiz durumda olan S.Məmmədov P.Yaquba 50 manat verir. Pulu alınca gözlərinə işıq, qoluna güc gələn həkim nərə çəkib başlayır qazinin bədənini "püf"ləməyə. Bu "puf"ləmə seansı bir neçə dəqiqə çəkir. Sonda həkim Paşa Yaqub élan edir: "Səfər Məmmədov sizin bədəninizdə cadunun izləri var, mən cin və şeytanların köməyi ilə bədəninizdəki tilsimi təmizləməyə çalışıram".

Paşa Yaqub: "Mən Hindistanda və dünyanın bir neçə ölkəsində tibbi təhsil almışam, psixoloq dərsləri keçmişəm, sənə cadu olunub"

Uzun müddət qanlı–qadalı döyüş yolu keçən və erməni gülləsinə tuş gələn, lakin şəhid olmayıb, qazi düşən S.Məmmədov elmli, savadlı həkim hesab etdiyi P.Yaqubun sözlərindən təəccüblənir və deyir: "Həkim, buyurun, baxın, axı mən dedim ki, tibbin müasir texnoloji aparatları təsdiq edir ki, mənim belimdə 2 yerdə qrija, bel fəqərəmdə isə çat var" deyərək, bir daha müvafiq tibbi sənədləri həkimə təqdim edir. Həkim isə israr edir: "Mən Hindistanda və dünyanın bir neçə ölkəsində tibbi təhsil almışam, psixoloq dərsləri keçmişəm, sənə cadu olunub. Bir neçə dəfə seansa gəlsən, belindəki yırtıqlar və bel fəqərəndəki çat sağalacaq". Kifayət qədər həyat təcrübəsi olan Səfər Məmmədov oyuna düşdüyünü anlayır. Mübahisədə bundan sonra yaranır. S.Məmmədov pulunu geri istəyir. Hipokrat andına xilaf çıxan P.Yaqub isə pulu qaytarmaqdan imtina edir. Hətta qaziyə qarşı hörmətsizlik göstərir, onu aşağılamağa çalışır. İndi S.Məmmədov aidiyyəti dövlət qurumlarından, xüsusilə də Səhiyyə Nazirliyindən kömək istəyir. Deyir ki, əgər Səhiyyə Nazirliyi, TƏBİB "Hind" klinkasının, xüsusilə də klinikanın həkimi deyilən şəxsin əməlinə münasibət bildirilməsə, onda o şübhələr yaranacaq ki, dövlət qurumları Azərbaycanda cadugərliyin, sehr və tilsimin təbliğində "Hind" klinikası ilə ortaqdılar.

Bizdən isə onu demək qalır ki, həqiqətən də bu cür hal biabırçılıqdır, həm də təhlükəlidir. Yuxarıda qeyd etdiyim kimi, cadu, tilsim, sehr kimi əməl dinimizə görə günahdır. Günah hesab edilən əməli klinka vasitəsi ilə təqdim və təbliğ etmək, müxtəlif ritual vasitələrlə beldə olan yırtığı, çatı aradan qaldıracağını iddia etmək rüsvayçılıqdır. Elə isə "Hind" klinikası açıq şəkildə élan etsin ki, "iynə, dərman və bu kimi tibbi vasitələrlə insanları müayinə və müalicə etmək nəticə verə bilməz, mistik rituallar, ayinlərlə insanlara şəfa vermək mümkündür". Kefli İsgəndər belələrini əsas gətirək, yaxşı deyib "Allah sizə rəhmət eləsin, ölülər".

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə