Jurnalistlər Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı ilə Sərhəd Qoşunları Komandanlığının “Qazax" əlahiddə sərhəd diviziyasında olublar. SİA xəbər verir ki, sərhəd diviziyasında əvvəlcə şəhidlərimizin xatirəsinə ucaldılan abidə ziyarət olunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların ruhuna dualar oxunub.
Daha sonra “Qazax" əlahiddə sərhəd diviziyasının komandiri, Vətən müharibəsi iştirakçısı general-mayor Misir Əliyev yaradılan şərait barədə media nümayəndələrini məlumatlandırıb. Bildirib ki, sərhəd diviziyasında 1000-dən çox kamera fəaliyyət göstərir. Sərhədlərə nəzarət yüksək səviyyədə təmin olunur. Termal, eləcə də digər kameralar müşahidə məntəqələrindən izlənilir.
Burada “Qazax” əlahiddə sərhəd diviziyasının yüksəkhazırlıqlı şəxsi heyəti silah arsenalı, döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası nümayiş etdirilib.
Media nümayəndələrinə “Yaşıl Sərhəddə şərti sərhəd pozucusunun” saxlanılması əməliyyatı nümayiş olunub.
General-mayor Misir Əliyev şərti olaraq üç sərhəd pozucusunun dövlət sərhəd postunu pozmasını HTC tipli kameralar vasitəsilə monitorda nümayiş etdirib. Sərhəd zastavası sərhəd pozucusunun yaxalanması ilə bağlı “Həyəcan” və “Silaha” komandasına qaldırılıb. İkinci monitorda isə şərti sərhəd pozucularının yaxalanması izlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə