“Azərbaycan Konstitusiyası dünyanın ən demokratik konstitusiyalarından biridir” - DEPUTAT

“12 noyabr Konstitusiya Günü müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biridir. 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa edilsə də hələ ana qanun qəbul edilməmişdi. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra bu məsələ ilə məşğul olmağa başladı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin sədrinin müavini Musa Qasımlı deyib.

Deputat bildirib ki, konstitusiya layihəsini hazırlayan komissiya təşkil edildi: “Həmin komissiyanın sədri Ümummilli Lider Heydər Əliyev oldu. Layihə Azərbaycan və dünya təcrübəsini nəzərə alırdı.
Ən vacib məsələlərdən biri isə konstitusiya layihəsinin ümumxalq müzakirəsinə verilməsi oldu.

Noyabrın 12-də ölkəmizin vətəndaşları - səsvermə hüququ olanlar, həm Konstitusiya layihəsinə referendumda səs verdilər, həm də müstəqillik tariximizdə ilk dəfə olaraq birinci çağırış Milli Məclisə seçkilərdə mövqelərini bəyan etdilər. Azərbaycan Konstitusiyası dünyanın ən demokratik konstitusiyalarından biridir. Burada dövlətin quruluşu idarəçiliyi, vətəndaşların hüquq və azadlıqları öz əksini tapıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə