Gəncədə Dövlət Bayrağı Günü ilə bağlı tədbir

Gəncə Şəhər İcra Hakimiyyətinin və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə konsert proqramı keçirilib. SİA xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər Məhkəməsinin sədri Xəqani Tağıyev, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və şəhər ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə və həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində bugün dövlət bayrağımız azad Qarabağımızda qürurla dalağanır. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır.
Daha sonra F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, solist Məhərrəm Qasımov, GDU-nun nəzdində Regional Kollecin tələbələri, “SOS” Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının Gəncə filialının sakini 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunan geniş konsert proqramı ilə çıxış ediblər. Bir-birindən maraqlı çıxışlar tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə