Rəşad Orucov İŞDƏN ÇIXARILIR

Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir. SİA xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında layihədə yer alıb.

Layihəyə əsasən, Toğrul Nəcəfəli oğlu Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilov Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilməsi təklif olunur.

Bundan başqa, Rəşad Temraz oğlu Orucovun AMB İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi məsələsi də layihədə yer alıb.

Rəşad Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2022-ci il tarixli, 544-VIQR №-li qərarına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. O, Azərbaycan Respublikası Prezidentinin 7 iyun 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

Qeyd edək ki, "Mərkəzi Bank haqqında" qanuna əsasən İdarə Heyətinin 7 daimi üzvü olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə