İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqanın etimadnaməsini qəbul edib. SİA xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin, ticarət, investisiya, insanlar arasında əlaqələr və digər sahələrdə əməkdaşlıq isitiqamətlərinin müəyyənləşdirilməsinin önəminə toxundu.

Prezident İlham Əliyev BMT, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

COP29-da Ruanda Prezidentinin iştirak edəcəyindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı bu tədbirin önəminə toxundu, onun iqlim dəyişmələri ilə bağlı qlobal səviyyədə müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğuladı və Azərbaycanın bu sahədə fəal iştirak etdiyini dedi.

Çarlz Kayonqa Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin salamlarını dövlətimizin başçısına çatdırdı və qeyd etdi ki, ölkəsinin Prezidenti COP29-da iştirakını səbirsizliklə gözləyir. Səfir vurğuladı ki, Ruanda Prezidenti ona Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini deyib və ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Ruanda dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Azərbaycan Prezidentinin ikitərəfli münasibətlərə dair söylədiyi fikirlərə görə minnətdarlığını bildirən səfir əlaqələrimizin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini dedi.

Görüşdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, humanitar, elm və təhsil sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə