Hər bir xalqın tarixinə əbədi həkk olunan, “qızıl hərflər”lə yazılan elə illər, aylar, günlər var ki, qərinələr, əsrlər ötsə də, heç vaxt yaddaşlardan silinmir. Zaman keçdikcə həmin tarixi anların əhəmiyyəti, xalqın gələcək taleyində müstəsna rolu, obrazlı şəkildə ifadə etməli olsaq, möhtəşəmliyi özünü daha qabarıq şəkildə büruzə verir. 2003-cü ilin 15 oktyabrı Azərbaycanın çağdaş tarixinə məhz belə gün kimi əbədi həkk olunub.
Həmin gün keçirilən prezident seçkilərində xalqımız demək olar yekdilliklə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyub inkişaf etdirdiyi böyük yolun davamına səs verdi. Seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev andiçmə mərasimində Ulu Öndər Heydər Əliyevə bu müraciəti etdi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”.
Bu gün son 21 ilin reallıqlarını təhlil edərkən bu vədin yüksək səviyyədə yerinə yetirildiyini sonsuz fəxarət və qürur hissi ilə qeyd edirik. Prezident İlham Əliyevin ötən il Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi münasibətilə xalqa müraciətini məhz mədəniyyətimizin beşiyi, Qarabağın tacı azad Şuşadan çatdırması verilən vədə sadiqliyinin əyani təzahürü oldu.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə söyləyib.
Deputat vurğulayıb ki, dövlətimizin başçısının bu müraciətdə səsləndirdiyi “Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi... Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik” fikirləri Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən səsləndirdiyi “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları” çağırışının davamı kimi dəyərləndirildi.
Bildirilib ki, təbii, zəfərlərimiz bununla tamamlanmadı. Qarşıda qətiyyətli Prezident İlham Əliyevin 2003-cü il oktyabrın 15-də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə bağlı verdiyi vədin reallaşması kimi ümdə vəzifə dururdu. 2020-ci ilin Vətən müharibəsində tarixi Zəfərimizdən üç il sonra - 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başladığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatdan da az vaxtda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsi, Ali Baş Komandanın 20 il əvvəl verdiyi vədin tamamilə reallaşması oldu. Ötən il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə ucaldaraq bu müraciəti etdi: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”.
Bəli, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu illər uğurlarla, qələbələrlə dolu illər oldu. Çətinliklər də, problemlər də oldu. Ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla getdi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun Prezidentinə göstərdiyi inam və vahid amal ətrafında birləşmək bacarığıdır.
V.Rəhimzadə ki, Prezident İlham Əliyevin hər bir müraciəti müjdələrlə zəngin, sabaha böyük inam çağırışıdır. Bu, Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycanın 1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə başlanan inkişaf yolu bu günümüzün və gələcəyimizin əsası oldu. Bu yol dahi şəxsiyyətin şah əsəri olan müasir müstəqil Azərbaycanı ancaq və ancaq qələbələrə aparır. Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, liderlik keyfiyyətləri Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas etdi. Onun layiqli davamçısı Prezident İlham Əliyev bu gün Azərbaycanı ərazi bütövlüyü, suverenliyi, tam bərpa edilmiş, dünya siyasətinə təsir göstərmək gücündə olan qalib, regionun lider dövlətinə çevirdi.
Milli Məclisin deputatı onu da bildirib ki, ötən 21 il ərzində qazanılan uğurlar Ulu Öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış müdrik siyasəti nəticəsində yaradılan möhkəm təmələ diqqət yetirərək geniş təhlillər aparmağı zərurətə çevirir. Yeni tarixi reallıq, yeni tarixi mərhələ Heydər Əliyev siyasətinin təqdimatıdır. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi. Ən əsası odur ki, 2003-cü ildə müdrik və uzaqgörən xalqımız düzgün seçim etdi. “Hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi”, - söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi. Yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi.
Son 21 ilin uğurlarını, Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı misilsiz nailiyyətləri geniş təhlil etməyə ehtiyac yoxdur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu illərin tarixinə gəldikdə hər şey göz qabağındadır. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər.
Vüqar Rəhimzadə sonda vurğulayıb ki, qalib, bütövləşən Azərbaycanın uğurları, zəfərləri xalqımızın 2003-cü ildəki seçimində yanılmadığını nümayiş etdirir. Bundan sonra keçirilən prezident seçkilərində İlham Əliyevin inamlı qələbələri Heydər Əliyev siyasətinə xalqın inamının, etimadının təsdiqidir. Bu siyasətin nəticəsində Azərbaycanın müstəqilliyi daimi, dönməz oldu, ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Ümummilli Lider müstəqilliyimizin, onun layiqli davamçısı Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adlarını tariximizə qızıl hərflərlə yazdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə