Gürcüstan seçkilərə hazırlaşır. Cəmi 10 gündən sonra bu ölkənin istiqaməti müəyyənləşəcək, Qərbə, yoxsa Moskvaya doğru meyllənəcəyi bəlli olacaq. Parlament seçkiləri həm Rusiyanın, həm də ABŞ başda olmaqla Qərb blokunun diqqətindədir. Hakim “Gürcü arzusu” partiyasının xarici siyasi kursunda baş verən dəyişiklik iki qütbü bir ölkəin gələcək taleyində rəqibə çevrilib. Bəzi analitiklər hətta Gürcüstanda baş verəcək, daha doğrusu ehtimal olunan hadisələrin bütövlükdə regionda sülhün, yoxsa qarşıdurmanın hakim olacağını proqnozlaşdırırlar. Rəsmi Tbilisi son illərdə təhlükəsizlik ilə bağlı ciddi narahatlıqların fərqindədir.Həm də bu narahatlıq Rusiya ilə bağlı deyil, əksinə müttəfiq saydığı Qərbdən gəlir. Buna görə Gürcüstanla Qərb arasında soyuq küləklər əsir.
Bəs Gürcüstanı nədən narahatdır? Axı dünənə qədər bu ölkəni bütün mənalarda yönləndirən, ona ilham verən Qərb deyildimi? Bəli, hər münasibətin bir sonu da varmış. Qərbin Gürcüstanın daxili işlərinə ifrat dərəcədə müdaxiləsi münasibətlərin pozulmasına gətirib çıxarıb. Brüsselin, Vaşinqtonun dəstəklədiyi “cəmiyyət institutları”nın bir gün Gürcüstana başağrısı olacağı qaçılmaz idi. Tbilisinin milli maraqlardan çıxış etməsi, necə deyərlər, bir anlığa özünə qayıtması hər şeyi dəyişdirdi və parlament çox mühüm qərarlar qəbul etdi. Öncə “Xarici agentlər” haqqında qanun qəbul edildi, ardınca LGBT təbliğatını qadağan edən qanun qüvvəyə mindi. Bütün bunlar Qərbə çox ciddi mesaj oldu. Tbilisi bununla Qərbin Gürcüstandakı təsir gücünü zəiflətmək planını işə saldı. Seçki öncəsi atılan bu iki addımla Gürcüstan müəyyən mənada istəyinə nail oldu.
Gürcüstanın Qərblə münasibəti Kremli də aktivləşdirib. Moskva 2008-ci ildən bəri siyasi münasibətlərin kəsildiyi Tbilisi ilə buzları əritmək, münasibətləri normallaşdırmaq niyyətini ortaya qoydu. Bununla da oktyabrın 26-da keçiriləcək parlament seçkilərində Rusiya-Qərb geosiyasi qarşıdurmasının yeni mərhələsinə start verdi. Bəs Gürcüstanın Qərbdən niyə uzaqlaşdı? Sual düşündürücüdür. Görünür bunun yeganə səbəbi Qərbin verdiyi sözü tutmamasıdır. Gürcüstan Avropa İttifaqına və parallel olaraq NATO-ya üzv olmaq niyyətində idi. Amma onu oyundankənar vəziyyətə salan Qərb Moldova və Ukrayna üzərində dayanmağı məqbul saydı. Tbilisi bunun əvəzində “Xarici agentlər” haqqında qanun qəbul etdi və avropalıların sevimli “təriqəti” sayılan LGBT barədə ciddi ölçü götürdü.
Bu gün Qərbin yeganə və təhlükəli rıçaqlarından biri olan cəmiyyət institutları ölkədə çaxnaşma yaratmaq üçün hazırlıqlara başlayıblar. Əslində, gürcü politoloqların dediyi kimi, müxalifət seçkilərə yox, seçkilərdən sonrası dövrə hazırlıq görür. Bütün bunlara baxmayaraq “Gürcü arzusu” partiyasının hazırda reytinqi yüksəkdir. Yəni seçkilərdə qələbə qazanmaq şansı böyükdür. Gürcüstan hakimiyyəti Azərbaycanın uzun müddətdir tətbiq etdiyi balanslı siyasətdən yararlanmağa çalışır. Yəni, Azərbaycan bu gün Rusiyaya qarşı heç bir beynəlxalq koalisiyaya və ya sanksiyalara qoşulmur. Həm də Qərblə əməkdaşlıq edir. Ukraynaya da humanitar yardım göstərir. Bundan başqa Bakı ayrı-ayrılıqda ABŞ, Çin, İran, Hindistan ilə ikitərəfli münasibətləri yüksək səviyyədə tutur. Bir sözlə, Azərbaycan bütün güc mərkəzləri ilə münasibətlər qurub.
Gürcüstana köhnə dostlarından – Qərb ölkələrindən zərbə zərbə dalınca gəlir. Böyük Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində illik dialoqu və müdafiə sahəsi ilə bağlı digər danışıqları dondurub. Bunu Britaniyanın Gürcüstandakı səfiri Garet Uord müsahibəsində deyib. Səfir bildirib ki, bunun səbəbi Tbilisinin demokratiya yolundan geri addım atmasıdır. O qeyd edib ki, biz Gürcüstanın dayanıqlılığı və ümumi rifahını gücləndirmək üçün birlikdə çalışacağıq. Lakin son bir il ərzində Gürcüstan hökuməti fərqli kurs seçib. Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi xarici agentlər haqqında qanununun qəbulundan sonra dayandırılıb.
Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib ki, gələn ildən Qafqaz ölkəsinin Aİ və ABŞ ilə münasibətləri “yenidən qurulmaqla xeyli yaxşılaşacaq”. 2025-ci ildə “Ukraynada müharibə bitəcək” və “tamamilə yeni reallıq gələcək”. Ukraynada “birinci cəbhə” bitən kimi Gürcüstanda ikinci cəbhənin açılmasına maraq dərhal aradan qalxacaq. Əvvəllər Kobaxidze dəfələrlə bildirib ki, ABŞ administrasiyasına, eləcə də Avropanın ən böyük dövlətlərinin administrasiyalarına nəzarət edən “qlobal müharibə partiyası” Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır. Eyni zamanda hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze jurnalistlərə bildirib ki, Aİ-nin siyasəti SSRİ-nin ittifaq respublikaları ilə bağlı qərarlara “möhür vuran” dövrünü xatırladır.
Gürcüstanın Böyük Britaniya ilə, eləcə də digər Qərb tərəfdaşları ilə münasibətləri bu il “Gürcüstan hökumətinin atdığı addımlar nəticəsində korlanıb”. O, xüsusən də parlamentin qəbul etdiyi xarici agentlər haqqında qanunu xatırladıb. “Gürcü arzusu”nun liderləri sui-qəsd nəzəriyyələrini təbliğ etməyə və Qərb tərəfdaşlarının Gürcüstanı sarsıtdığına dair faktları irəli sürməyə başlayanda onlar məyus olublar.
Qeyd edək ki, may ayında Gürcüstan parlamenti Xarici Agentlər Qanunu kimi tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanunu təsdiqləyib. Sənədə baxılması kütləvi etirazlarla müşayiət olunub. Parlament seçkiləri ərəfəsində müxalifət koalisiyasına rəhbərlik edən prezident Salome Zurabişvili Konstitusiya Məhkəməsi vasitəsilə qanunun qüvvəsini dayandırmağa cəhd etsə də, məhkəmə bundan imtina edib. Avropa İttifaqı isə buna dərhal reaksiya verib və ilkin olaraq Gürcüstanla vizasız rejimi dayandırıb.
Müxalifətin 1000 lari təqaüd məsələsi…
Müxalifət seçkiqabağı təbliğat kampaniyasında seçiciləri aldatmaq, onları öz tərəfinə çəkmək üçün hər cür oyunlara gedir. Hətta müxalifət onlara səs verəcəkləri, qalib edəcəkləri halda seçicilərə hər ay 1000 lari, yəni 620 manat təqaüd vəd ediblər. “Müxalifətin 1000 lari təqaüd məsələsi ilə bağlı seçki vədi yalan və blefdir". Gürcüstan mediası xəbər verir ki, bu barədə fikirləri Tbilisi meri Kaxa Kaladze deyib. Onun sözlərinə görə, belə olan halda qeyd olunan məbləğ hansısa istiqamətdən tutulmalıdır ki, bu da ağlasığmazdır: "Yadımdadır, bu vəd ilk dəfə açıqlananda telekanalların birində debat etmişdilər. Digər tərəfdən, səhv etmirəmsə, “Qırçı”nın təmsilçisi də var idi. Orada insanların necə aldadıldığı tam bir şəkil önə çəkildi. Elementar riyaziyyatı bilmirdilər, nə vəddən, hansı 1000 lari pensiyadan danışırıq?! Bu adi blef, yalan və cəfəngiyyatdır. Onların 1000 lari pensiya təyin etmək niyyəti ilə bağlı heç bir arqumentləri yoxdur. Bu inanılmazdır?! Sonra nəyisə çıxarmalı və nəyi çıxardığını söyləməlidir. Sağlamlığı azaldırmı? Onun infrastrukturu yoxdur? Hansı istiqaməti kəsməlidir? İnanılmazdır”.
Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib ki, “Gürcü arzusu”nun reytinqi təxminən 60 faizdir. Belə bir şəraitdə müxalifətin texniki hökuməti haqqında danışmaq farsdır. Baş nazirin sözlərinə görə, seçkilər həmişəki kimi keçiriləcək, parlamentin ilk iclası noyabrın sonu dekabrın əvvəlində keçiriləcək. Qondarma deyil, normal hökumət təyin olunacaq. Təqdim olunan, həyata keçirilməsi üçün yazılmayan plan isə ölkəni düz 1 il bütövlükdə dayandırmaq və bu müddətdə ölkəni müharibəyə cəlb etmək, ölkəni narahat etmək deməkdir. Bu, onların planı, tapşırığı və məqsədidir ki, hələ həyata keçirilməyib.
“Xalq hakimiyyəti” partiyasının icraçı katibi Quram Maçaraşvili isə deyib ki,Avropa İttifaqı ölkələri xarici işlər nazirləri gündəlikdə nəzərdə tutulanlardan başqa yeni bir şey deyə bilməzlər. Bu, acınacaqlı vəziyyətdir, lakin xoşbəxtlikdən Avropada Gürcüstanın pərəstişkarı olan insanlar var. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə Maçaraşviliyə sual verilib. Burada digər məsələlərlə yanaşı, Gürcüstan məsələsi də müzakirə olunub. Avropa Parlamentində bir çox deputatlar meydana çıxıb və Gürcüstanın suverenliyini dəstəkləyiblər. Xarici qüvvələr Gürcüstanda milli hökumətin olmasını istəmirlər. Onlar istəyirlər ki, müxalifətdə və Salome Zurabişvili məsələsində baş verənləri açıq şəkildə gördüyümüz kimi əvvəldən axıra qədər xarici qüvvədən asılı olacaq bir hökumət olsun. Hətta xarici güc də artıq əlini yelləyib ki, müxalifət ən azı qələbəyə bir az da yaxınlaşacaq.
Qərbin dəstəklədiyi müxalifər 26 oktyabrdan əvvəl deyil, ondan sonrakı vəziyyətlə bağlı bəyanatlar verir. Amerika səfirliyinin mesajı 26-dan əvvəl deyil, sonra küçəyə çıxmaqdan çəkinməmək barədədir. Bilirlər ki, tamamilə uduzacaqlar və indi “B” planı var, ölkədə radikal proseslər gözlənilir. Onlar bilirlər ki, bu seçkilər də onların qələbəsi ilə bitməyəcək və Gürcüstan dövləti qalib gələcək. Amma çalışacaqlar, çünki onların başqa yolu yoxdur.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə