Azərbaycanın belaruslu milli qəhrəmanının anasına hədiyyə və yardım çatdırılıb - FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov Belarusa rəsmi səfəri çərçivəsində bu ölkədə yaşayan Azərbaycanın belarus əsilli milli qəhrəmanı Anatoli Davidoviçin anası Kima Andreyevnanın yaşayışı, səhhəti ilə maraqlanıb. Bu barədə SİA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Azərbaycanın Ali rəhbərliyi adından hədiyyələr və yardım milli qəhrəmanın anasına çatdırılıb.

Kima Andreyeva Azərbaycan xalqına, dövlətinə, Ali rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Anatoli Davidoviç 1965-ci ildə Belarus Respublikasının Slutsk şəhərində doğulub. 1992-ci ilin iyununadək SSRİ, sonra Rusiya Silahlı Qüvvəlarində xidmət edib. Mayor rütbəsinədək yüksələn Anatoli 1992-ci ilin iyunundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. O, N saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. Dərin biliyə malik olan belaruslu zabit Azərbaycan Silahlı Qüvvələrinin möhkəmlənməsinə böyük töhfələr verib, topçu mütəxəssislər hazırlanmasında özünün bilik və təcrübəsini əsirgəməyib.

1992-ci il iyunun 9-da, Ağdam istiqamətində gedən ağır döyüşlərdə başından yaralanır. Həkimlərin səylərinə baxmayaraq 1992-ci il iyunun 13-də Bakı şəhər Mərkəzi Hospitalında dünyasını dəyişir. Onun qəbiri Belarus Respublikasının Sulutsk şəhərindədir.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviçə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə