Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Təcavüzkar Ermənistanın işğalda saxladığı rayonlarımızdan biri də Cəbrayıl rayonu olmuşdur. Cəbrayıl işğal zamanı 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. 1050 kvadrat kilometri əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Cəbrayıl rayonu təbii sərvətlərlə zəngin rayonlarımızan biri olmuş, işğala qədər kənd təsərrüfatının bir çox sahələri yaxşı inkişaf etmiş, eyni zamanda, bir sıra sənaye müəssisələri mövcud olmuşdur. Rayonda qədim tarixi-mədəni abidələr - Divlər sarayı mağarası, Qalacıq kəndindəki Məscid təpəsi, Canqulu və Qumtəpə kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki Başıkəsik gümbəz, Sirik kəndindəki Qala, Diri dağındakı Qız qalası, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki Sultan Məcid hamamı, Şıxlar kəndindəki Dairəvi türbə, Xubyarlı kəndindəki Dairəvi 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.

İşğala məruz qalan Cəbrayıl rayon sakinləri 27 il məcburi köçkün həyatı yaşamalı olmuş və respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində məskunlaşmışlar.

Azərbaycan Ordusunun 1994-cü il yanvarın 5-də keçirdiyi Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi və eləcə də bəzi strateji yüksəkliklər işğalçılardan azad edilmişdi. 2016-cı ilin Aprel döyüşləri zamanı isə ordumuzun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Şanlı ordumuzun bu uğurları ölkəmizi Böyük Qələbəyə yaxınlaşdırırdı.

2020-ci ildə Azərbaycan xalqı sübut etdi ki, işğalla barışmayıb və düşmən 27 sentyabr tarixində növbəti dəfə təxribatlara əl atanda ordumuzun cavabı çox ağır oldu. Vətən müharibəsinin ilk günü Cəbrayılın 2 kəndi məhz işğaldan azad olundu. Zəfər yürüşünü davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın 4-də Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Aparılan hərbi əməliyyatlar nəticəsində Cəbrayıl şəhəri və 80 kənd işğaldan azad edildi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 26 noyabr 2020-ci ildə imzaladığı Sərəncama əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təsis edilmiş və ümumilikdə 22797 hərbçi bu medalla təltif edilmişdir. Cəbrayıl rayonu azad edildikdən sonra dövlət başçısı İlham Əliyev 10 dəfə rayona səfər etmiş, ilk səfəri zamanı Xudafərin körpüsündə dövlət bayrağımızı ucaltmışdır. Digər səfərləri zamanı isə Prezident İlham Əliyev çoxsaylı təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən, 4 oktyabr - Cəbrayıl Şəhəri Günü kimi müəyyən olub.

İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da bərpa-quruculuq işləri sürətlə həyata keçirilir, insanların öz doğma yurd-yuvalarına qayıdaraq yaşaması və işləməsi üçün lazımi infrastrukturun yaradılması istiqamətində ciddi tədbirlər görülür. Artıq sentyabrın 26-da 36 ailə - 117 nəfər Cəbrayıl şəhərinə köçürülüb. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə