"Suqovuşanın əhəmiyyəti o qədər böyük idi ki,..." - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Azərbaycan Ordusunun İkinci Qarabağ savaşında keçirdiyi bütün əməliyyatlar barəsində elmi cəhətdən tədqiqatlar aparılmalı və öyrənilməlidir. Prinsip cəhətdən bu elə də var. Ona görə ki, cənab Prezident dediyi kimi aparıcı dövlətlərin hərbi akademiyalarında Azərbaycanın İkinci Qarabağ savaşında XXI əsrin tələblərinə cavab verən müasir üsullarla aparılan döyüşlər əlbəttə diqqət mərkəzindədir və dərs vəsaiti kimi öyrənilir. Azərbaycanda da bununla bağlı çox böyük işlər aparılır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Şair Ramaldanov sözlərinə belə davam edib: "Bugün Suqovuşan əməliyyatının və Suqovuşan yaşayış məntəqəsinin həm də ad günüdür. Çünki artıq bugün cənab Prezident Suqovuşanın azad edilməsi ilə bağlı Malagiz yaşayış məntəqəsini Suqovuşan yaşayış məntəqəsi adlandırıb. Artıq həmin yaşayış məntəqəsi Suqovuşan yaşayış məntəqəsi kimi öz tarixini davam edir. O ki qaldı Suqovuşanın yerləşdiyi ərazi ətrafında olan yüksəkliklər, əlbəttə, bunları taktiki cəhətdən çox əhəmiyyətli strateji hədəflər kimi qiymətləndirmək olar. Azərbaycan o istiqamətdə olan korpus komandirinin hazırladığı əməliyyat planı əsasında Suqovuşanın azad edilməsində qeyri-standart bir üsul istifadə olunaraq bu düşmən üçün gözlənilməz oldu. O istiqamətdə düşmənin nisbəti Azərbaycan bölmələrinə, qoşunlarına, ordularına, qüvvəsinə nisbətən iki dəfə çox idi.

Ümumiyyətlə, cəbhənin mərkəzində olan istiqamət düşmənin ən çox və ən güclü müdafiə olunan, qüvvə toplanan, yerləşdirililən bir istiqamətdir və belə olduğu halda düşmən də Azərbaycanın ordusunun əsas zərbə istiqamətini məhz o istiqamət kimi qəbul etmişdir. Suqovuşanın azad edilməsində korpus komandirinin planına uyğun olaraq yandan ötmə və sızma əməliyyatlarına üstünlük verilmiş və bu əməliyyat, bu üsul uğurla nəticələnərək düşmənin hətta 10 kilometrdən də yuxarı sahib hakim yüksəkliklərlə arxasına keçməyə müvəffəq olmuşdur.

Suqovuşanın əhəmiyyəti o qədər böyük idi ki, o istiqamətdə düşmən 17 dəfə əks, yəni yenidən işğal etmək üçün cəhd göstərmişdir. Ancaq bizim komandir heyətinin orada olan və əsgərlərimizin səyi, qəhrəmanlığı və peşəkarlığı nəticəsində düşmən böyük itkilərlə dala çəkilməyə məcbur olmuşdur. Suqovuşan əməliyyatı İkinci Qarabağ savaşında torpaqların azad edilməsində özünəməxsus xüsusi yeri olan bir əməliyyat kimi Azərbaycan hərb tarixinə daxil oldu".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə