“Mühacir hökumətinin yaradılmasının vaxtı artıq yetişib“ - ŞƏRH EDİLDİ

“Ermənistandan deportasiya olunmuş 250 mindən artıq azərbaycanlının öz dədə-baba yurduna qayıdışı və onların qayıdana qədərki müddətdə mühacir hökumətinin yaradılmasının vaxtı artıq yetişib. Çünki biz indiyə qədər erməni təcavüzünün kökünün kəsilməsi ilə məşğul olurduq”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, biz həm torpaqlarımızı azad etdik, həm də separatizm ocağını söndürdük: “Otuz il öncə Ermənistandan dəhşətli şəraitdə qovulmuş Azərbaycanlıların nəhayət haqlarının bərpa olunması və yurdlarına qayıdışı işini həll etməliyik. Bunun üçün dövlət səviyyəsində sistemli olaraq artımlar aparılır. Sözügedən insanların öz vətənlərinə qayıdış haqqının Ermənistan tərəfindən rəsmən etiraf edilməsi üçün işlər gedir. Eyni zamanda mühacirətlər hökumətinin yaradılması həll edilməlidir.

Müharibədən sonrakı 4 il ərzində beynəlxalq arenada, diplomatik çərçivədə aparılan işlər artıq dünyanı 250 mindən artıq azərbaycanlının qovulması məsələsi ilə agah edib. Mühacir hökumətinin yaradılması və hökumətin eyni zamanda həm Azərbaycan dövlətinin hakimiyyət orqanları ilə münasibətlərinin qurulması, həm də onun dünyada tanınması yönümündə addımların atılmasına ehtiyac var. Mühacir hökumətin yaradılması və onun tanıdılmasına nail olmaqla 250 mindən artıq Qərbi azərbaycanlının tarixi yurdlarına qayıdışı prosesini də sürətləndirə bilərik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə