“İki ölkə arasındakı əlaqələr hər gün daha da inkişaf edir” - ŞƏRH OLUNDU
“Azərbaycanla Özbəkistan arasında kifayət qədər yüksək səviyyədə əlaqələr qurulub. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri strateji müttəfiqliyə köklənən münasibətlər kontekstindədir. Xüsusilə son aylarda cənab Prezidentin Özbəkistana səfəri, Özbəkistan prezidentinin də ölkəmizə səfərləri fonunda iki ölkə arasındakı əlaqələr hər gün daha da inkişaf edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, iki ölkə arasındakı dostluq əlaqələri daha da mükəmmələşir: “Eyni zamanda Azərbaycan-Özbəkistan münasibətləri kontekstində, həm də nəzərə almaq lazımdır ki, iki ölkənin iqtisadi potensialı çox böyükdür. Bu gün Özbəkistanın Qarabağda yenidənqurma prosesinə də maraq göstərdiyini görürük. Artıq Füzulidə Özbəkistan tərəfindən orta məktəb Azərbaycana hədiyyə edilib, Xankəndində emal müəssisəsi ilə bağlı razılığa gəlinib. Bütün bunlar Azərbaycan Özbəkistan əlaqələrinin Qarabağ üzrə göstəriciləridir. Təbii ki, başqa şəhərlər, paytaxt Bakıda da qarşılıqlı investisiya qoyuluşları davam edəcək. Azərbaycan-Özbəkistan hökumətlərarası yüksək şuranın iclasında da gördük ki, hər iki ölkənin iqtisadi əməkdaşlığı mənəvi qardaşlıq fonunda daha da inkişaf etdirmək potensialı var. Bununla bağlı iki ölkə rəhbərinin şəxsi dostluq münasibətlərinin ön planda olması dövlətlərarası əlaqələri də möhkəmləndirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB