"İndi Rusiyaya daha güclü Azərbaycan lazımdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"İndi Rusiyaya daha güclü Azərbaycan lazımdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri, Moskvanın Cənubi Qafqazda rəsmi Bakıya müstəsna mühüm qiymətli dövlət kimi baxdığının təzahürüdür. Azərbaycanla Rusiya strateji tərəfdaşlıq səviyyəsini müttəfiqlik qarışılıqlı fəaliyyətinə qədər yüksəltməklə əlaqələrdə perspektivli sahələr aça biliblər". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.

Aqşin Kərimov sözlərinə belə davam edib: "Vladimir Putinin Bakıya səfər edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevlə apardığı müzakirələr, mətbuata verilən birgə bəyanatlar da elə daha çox əməkdaşlıqdan yeni mərhələlərə həsr olunan gündəliyin formalaşdırıldığını deyir.

Səfərin ehtiyaclar indeksindəki qiymətləndirməsi ilə əlaqədar isə fikirlərim bundan ibarətdir ki, indi Rusiyaya daha güclü Azərbaycan lazımdır. Çünki Azərbaycanın geriyədönməz strateji çəkisi mövcuddur ki, bu da, Moskva üçün cəlbedicidir.

Rusiya-Ukrayna müharibəsinin gedişatlarında üzə çıxan sürpriz tendensiyalar Moskvanın geosiyasi tənlikləri həll edə bilmək bacarıqlarını təhlükəyə məruz qoyur. Vladimir Putin Cənubi Qafqazda Kremlin üzləşdiyi geosiyasi mürəkkəb tənlikləri həll etməkdən ötrü Azərbaycanın strateji manevrlərinə ehtiyac hiss edir. Bunu Putinin İlham Əliyevlə məhdud tərkibdə keçirdiyi görüşdə səsləndirdiyi “Aydındır və hamıya yaxşı məlumdur ki, Rusiya, o cümlədən Ukrayna istiqamətində böhranlarla üzləşir, amma Rusiyanın Cənubi Qafqazda vəziyyətdə tarixi iştirakı son bir neçə ildə bizə bu hadisələrə cəlb olunmağın vacibliyini diktə edir, əlbəttə, tərəflərin lazım bildiyi hissədə” mövqe də təsdiqləyir. Yəni bu səfər həm də ehtiyac faktoru kimi həyata keçirildi və təbii ki, bu, Azərbaycanla Rusiya arasında qarşılıqlı gözləntiləri də gündəmə gətirir. Azərbaycanla Rusiya bu gözləntilərini “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” əsasında formalaşdırırlar. Azərbaycanla Rusiyanın bundan sonrakı əməkdaşlığının qarşılıqlı maraqları nəzərdə tutan kontekstdəki əhəmiyyəti yüksələcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə