ATƏT/DTİHB müşahidəçiləri Beyləqanda seçkiyə hazırlıq prosesini izləyiblər

ATƏT/DTİHB müşahidəçiləri Beyləqanda seçkiyə hazırlıq prosesini izləyiblər

“83 saylı Beyləqan Dairə Seçki Komissiyasında qeydə alınmış 6 namizəd mübarizə aparır. Namizədlərin seçkiqabağı təşviqat kampaniyasında qanunvericiliyə uyğun olaraq, bərabər şərait yaradılıb. Bütün məntəqələrdə qapalı və açıq görüş yerləri ayrılıb, o cümlədən, təşvqiqat lövhələri yerləşdirilib”. SİA xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Dairə Seçki Komissiyasının (DSK) sədri Zakir Vəlişov deyib.

DSK sədri qeyd edib ki, sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə dairə üzrə 667 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

“Dairə üzrə 59 daimi, 2 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. 7 məntəqədə veb-kamera, 14 məntəqədə pandus quraşdırılıb. Dairədə qeydiyyatdan olan seçicilərin sayı 55 min 169-dur. Ən yaşlı seçicinin 108 yaşı var. 700-dən çox yerli müşahidəçi qeydiyyatdan keçib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçiləri Dairə Seçki Komissiyasında və 2 seçki məntəqəsində seçkiyə hazırlıq prosesi ilə tanış olublar”, - deyə DSK sədri əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə