Qərbin bölgədə normallaşma prosesinə maneələr yaradan manipulyasiyaları yolverilməzdir - DEPUTAT DANIŞDI
“Avropa İttifaqının (Aİ) Ermənistan Silahlı Qüvvələrinə dəstək məqsədilə 10 milyon avro məbləğində yardım göstərmək barədə qərarı Qərbin bir daha Cənubi Qafqazda dayanıqlı sülhdə və sıx əməkdaşlığa deyil, gərginliyin davam etməsində maraqlı olduğunun sübutudur. Eyni zamanda, son zamanlar Fransanın təhriki ilə Hindistanın da Ermənistanla ikitərəfli münasibətlərinin istiləşməsinin şahidi oluruq. Bu ölkələr arasında müxtəlif sahələrə dair müqavilələr imzalanır, qarşılıqlı səfərlər reallaşdırılır. Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, İrəvanın 2024-2025-ci maliyyə illəri üçün Dehlidən silah və hərbi texnika almasına dair imzaladığı müqavilələrin həcmi 600 milyon dollara çatıb. Bu fikirləri SİA-ya açıqlamasında VI çağırış Milli Məclisin deputatı Kamran Bayramov deyib.
K.Bayramov qeyd edib ki, Ermənistanın aktiv silahlandırılması, Fransa və Hindistanın əli ilə bölgədə yenidən silahlı qarşıdurmalara rəvac verilməsi prosesi fərqli bir fazaya qədəm qoyub. Fransa Ermənistanı həm Hindistanın əli ilə, həm də, birbaşa özü silahlandırır. Ötən il bəlli olmuşdu ki, Paris İrəvana yüz milyonlarla avro dəyərində silah-sursat satır. Bu barədə Fransanın məşhur “Le Mond” nəşri yazmışdı və bildirilmişdi ki, silah satışında müxtəlif texnikaların, o cümlədən, zenit-raket komplekslərinin verilməsi nəzərdə tutulur. Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan Fransanın çoxməqsədli “Bastion” zirehli texnikası İrəvana göndərilmişdi. “Bastion” üçün komponentlər də, göndərilən silah-sursatın arasında yer alırdı. Bütün bunları göndərən isə Fransanın “ARQUUS” şirkəti idi. Dehlinin hay ölkəsinə artan marağının arxasında bir sıra iqtisadi və geosiyasi maraqların dayandığı şəksizdir. Hindistanın Ermənistan “sevgisi” tək silah alveri ilə məhdudlaşmır. Dehlinin burada iqtisadi maraqları da var. Hindistan hökuməti Ermənistanı ölkəsini İran vasitəsilə Avropa ilə birləşdirən dəhlizə çevirmək istəyir. Rəsmi Dehli transkontinental dəmir yollarının tikintisi ilə Cənub-Şimal dəhlizini reallaşdırmaq məqsədi güdür. Pakistan Hindistanın Avropa və Mərkəzi Asiyaya çıxan quru yollarını bağladığı üçün hind hökuməti bu layihə vasitəsilə yeni quru yolları əldə etmək həvəsindədir. Bundan əlavə, Cənub-Şimal dəhlizi İranı Çinin orbitindən çıxarmağa və Pekinin regiondakı infrastruktur layihələrini mühasirəyə almağa hesablanıb. Çünki Çin Asiya regionunda hind hökumətinin ciddi iqtisadi rəqibi sayılır.
K.Bayramov bildirib ki, Aİ Avropa Sülh Fondu adı altında Ermənistana ilk dəfə belə bir yardım edir. Hətta qərar da Aİ tərəfindən yerləşdirilən beynəlxalq hərbi missiya və əməliyyatlarda gələcəkdə mümkün iştirakı halında onun silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıması kimi fikir də yer alıb. Verilən qərardan da aydın görünür ki, bu bölgədə sülhə deyil, Ermənistanın sürətlə silahlandırılmasına və nəticə etibarilə bölgədə müharibənin alovlandırılmasına xidmət edir. Qərb bu cür addımları ilə, ölkələri silahlandırıb təxribatlara cəlb etməklə öz neokolonist siyasətlərini həyata keçirib maraqlarını təmin etməyə çalışırlar. Ona görə də başda Fransa olmaqla bəzi digər ölkələr məqsədyönlü şəkildə Ermənistanı silahlandırma yolunu seçiblər.
K.Bayramov əlavə edib ki, Fransanın timsalında Qərbin məqsədinin Ermənistanda Rusiyaya qarşı yeni cəbhə yaradılması olduğu aşkardır - başqa sözlə, Ermənistanı “yeni Ukrayna” kimi “qazana atırlar”. Qərbin Cənubi Qafqazda gərginlik yaratmaq planından əziyyət çəkən ölkə olacaqsa, bu ölkə yenə də Ermənistan olacaq. Nə Ermənistanın, nə də onun havadarlarının bundan sonra bölgədə vəziyyəti xeyilərinə dəyişməsi qeyri-mümkündür. Fransanın sülh əleyhinə addımları nəticə verməyəcək. Bu siyasət müasir sivil dünyanın reallıqlarını əks etdirmədiyi kimi, Azərbaycanın uğurlu diplomatik təşəbbüsləri qarşısında duruş gətirməyəcək. Çünki, Ermənistanın baş naziri Nikol Paşinyanla birgə bölgədə normallaşma prosesinə əngəl yaratmaq istəyən Fransanın işğalçı dövləti hərbiləşdirmək siyasəti 44 gün davam edən İkinci Qarabağ müharibəsində iflasa uğrayaraq cəhənnəmə getdi. Bölgədə normallaşma prosesinə maneələr yaradan bu kimi manipulyasiyalar siyasi, iqtisadi, hərbi qüdrəti ilə fərqlənən, sülh naminə apardığı diplomatik səyləri dəstəklənən Azərbaycana heç zaman zərər verə bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB