Barıt qoxulu olimpiada - ANALİTİK

Barıt qoxulu olimpiada - ANALİTİK

Paris küçələrində ordu, polis, jandarma və zirehli maşınlar hakimdir

Parisdə növbəti olimpiada keçirilir, artıq yarışların bir qisminə start verilib, minlərlə tamaşaçı axın-axın Fransa paytaxtına axışır. Başqa bir vaxt olsaydı, bu möhtəşəm idman şousunda iştirak etməyənlərin keçirdiyi təəssüf hislərini yaşaya bilərdik. Amma, vəziyyət fərqlidir, təşkilatçı ölkə küçələrə şoumenlər əvəzinə əsgər və jandarmları, dəniz pişiklərindən tutmuş qara geyimli xüsusi təyinatlılara qədər, əli silah tutan kim varsa, hamısını Parisin küçələrinə töküb. Bir sözlə, Parisdən idman yox, barıt qoxusu gəlir…

Fransa terrordan qorxur, 1972-ci il Münhen Olimpiadasında yaşanan qanlı hadisənin bir daha təkrarlanmasını istəmir. Xatırlatmaq istərdik ki, Almaniyada keçirilən olimpiada zamanı Fələstin Azadlıq Təşkilatının üzvləri gecə saat 4.30-da İsrail idmançılarının qaldıqları Olimpiya kəndinə hücum ediblər. Qaçmağa cəhd edən iki İsrail idmançısı güllələnib. FƏT-in üzvləri 9 İsrail nümayəndisini girov götürəndən sonra İsrail həbsxanalarında saxlanılan 200 məhbusun azad olunması tələbini irəli sürüblər. Alman polisinin fələstinliləri aldatmaq cəhdi uğursuzluğa məruz qalıb. İsrailli girovların hamısı həlak olub, 3 fələstinli sağ ələ keçirilsə də qalanları atışmada öldürülüb.

Bu gün parislilər şikayətçidirlər, onları küçələrə sərbəst çıxmağa qoymurlar. Düzdür Paris sakinləri ta əvvəldən deyingən olublar, amma bu dəfəkində haqlıdırlar. Belə olimpiada olmur, avtomat lülələrinin kölgəsi altında idman yarışları keçirilmir. Sakinlər Olimpiya oyunlarının onların gündəlik həyatına necə təsir etməsindən narazıdırlar. Şəhər piyadaların və nəqliyyat vasitələrinin hərəkət etdiyi yollar maneələrlə bağlanıb. Restoranlar və otellər qapalıdır, sahibkarlar gəlirlərini itirir, Paris boşdur. Parisin geniş bulvarları, əzəmətli abidələri və izdihamlı kafeləri kifayət qədər yararsız mənzərə əsərini xatırladır. 44 000-dən çox çirkin metal maneələr, demək olar ki, hər döngədə - Luvrdan İl Sen-Luiyə qədər piyadaların girişini əngəlləyir.

Bu müvəqqəti maneələrin yaradacağı izdihama cümə günü rəsmən start veriləcək. Bütün bunlar Olimpiada zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə genişmiqyaslı hazırlıq tədbirləri çərçivəsində quraşdırılıb. Paris hakimiyyəti ölkənin ən yaxın tarixində terror aktları ilə bağlı ağrılı epizodları xatırlayaraq, Yay Oyunları üçün Fransa paytaxtına axın edən milyonlarla turist və idmançını qorumaq üçün əlindən gələni edir. Ancaq hamı bundan məmnun deyil. Əsas metro stansiyaları bağlanıb, yolların bütün zolaqları hasarlanıb və yalnız olimpiyaçıların hərəkəti üçün ayrılıb. Olimpiada bir neçə həftə ərzində yerli əhalinin həyatını alt-üst edəcək.
Ən sərt məhdudiyyətlər isə cümə günü, Oyunların açılış mərasimi ərəfəsində tətbiq olunacaq. Üç yüz il əvvəl XV Lüdovikin qızının toyundan sonra baş verənlər ilk dəfə Sena çayında qayıq paradı ilə təkrarlanacaq. Paradda 300 mindən çox insan iştirak edəcək. Heyrətamiz tamaşanın olacağı gözlənilir. Əlbəttə, bu, təhlükəsizlik xidmətləri üçün əsl kabusdur. Daxili işlər naziri Gerald Darmanin çərşənbə axşamı jurnalistlərə deyib: "Bu, ev sahibi ölkələrin sülh dövründə üzləşdiyi ən ciddi təhlükəsizlik problemidir".

Mərasimdən əvvəl Sena üzərindəki körpülərin əksəriyyəti bağlanır. Səlahiyyətlilər həmçinin tarixi şəhər mərkəzinə girişi məhdudlaşdırıb. Luvr, Notr-Dam kilsəsi və Eyfel qülləsinin yerləşdiyi çayın yaxınlığındakı geniş ərazini bloklayıblar. Oraya yalnız xüsusi QR kodu olan şəxslər gələ bilər ki, bu da həmin ərazilərin sakinlərinə, orada çalışan əməkdaşlara və restoranlarda masa və ya muzeylərə əvvəlcədən bilet bron edənlərə verilir. Daxili Təhlükəsizlik Departamenti sayt vasitəsilə bu cür keçidlər üçün 200,000-dən çox müraciət qəbul etdiyini söyləyib.

Paris təhlükəsizlik xidmətinin əməkdaşları ilə doludur. Olimpiada zamanı hər gün şəhərdə 30 min polis və jandarm çalışacaq. Açılış günü isə 10.000-i hərbçi olmaqla 45 min təhlükəsizlik işçisi Paris küçələrində keşik çəkəcək. Fransa hökuməti parislilərin bütün məhdudiyyətlər barədə əvvəlcədən məlumatlı olması üçün əlindən gələni edib. Lakin şikayətlər olimpiya idman növü olsaydı, çox güman ki, qızıl medal qazanacaq paytaxt sakinləri gündəlik gediş-gəlişlərinin pozula biləcəyindən qəzəblənirlər. Səkidə piyadaların ətrafında e-velosiped sürən Rudolf adlı bir kişi "Şəhərin mərkəzində hərəkət etmək ümumiyyətlə mümkün deyil" deyib. Əlavə edib ki, Rue Rivoli küçəsi əsasən velosiped yoludur, amma metal maneələrlə kəsilib. Əsəbiləşən Antuan adlı başqa bir velosipedçi isə polisi baryerdən keçməyə razı sala bilmədiyini söyləyib. O, QR kodu göstərir, lakin ondan istifadə edərək Sena çayını keçməyin mümkün olmadığı bildirir.

Mağaza və restoran sahibləri deyirlər ki, onlar da Olimpiya Oyunları və metal hasara görə itkilərə məruz qalırlar. Palais Royal yaxınlığındakı kitab mağazasından bir satıcı "Paris boşdur" deyib. Otel və restoranları təmsil edən UMIH təşkilatı, qadağan olunmuş ərazidəki restoran və kafelərin gəlirlərinin 60 faizinə qədər itirdiyini bildirib. Fransa hakimiyyəti itkilərin bir hissəsini kompensasiya edəcəyinə söz verib. Amma kompensasiya üçün müraciətlərə daha sonra baxılacaq və bu, xüsusi təyin olunmuş komissiya tərəfindən həyata keçiriləcək. Boz zonadan bir neçə metr aralıda dayanan taksi sürücüsü Abdelkaber isə gəlirinin yarıdan çoxunu itirdiyini deyib. "Dözülməzdir, özümüzü həbsxanada hiss edirik" deyib, "hər şey çox pis təşkil olunub" bildirib. O əlavə edib ki, qadağan olunmuş əraziyə daxil olmaq istəyən turistlərdən mütəmadi olaraq imtina etməyə məcburdur. Turistlərin də işi çətinə düşüb. Dan, Emi və onların qızları Klo Olimpiada zamanı Parisə səfər etmək üçün Kaliforniyanın Sakramento şəhərindən yola düşüblər. QR koduna ehtiyac duyduqlarını bilmədikləri üçün onların boz sahəyə girişi qadağan edilib.

Hədəfdə asiyalılardır

Fransanın xüsusi xidmət orqanları Mərkəzi Asiya ölkələrindən gələn immiqrantlar arasında kütləvi yoxlama aparır. Paris “İslam Dövləti”nin Əfqanıstan qolu iyulun 26-da başlayacaq Olimpiya Oyunlarında kütləvi hücum təşkil etmək üçün diasporadan istifadə edə biləcəyindən narahatdır. BMT ekspertlərinin qeyd etdiyi kimi, Moskva yaxınlığındakı Crocus City Hall-da baş verən terror aktından sonra Aİ-nin bir sıra ölkələrində hazırlıq səviyyəsi xeyli yüksəlib. Bununla belə, Paris üçün əfqan yaraqlıları nisbətən yeni bir fenomendir. Bəzi icmalarda yoxlamalar faktını Fransa daxili işlər naziri Gerald Darmanin də təsdiqləyib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri postsovet məkanı ölkələrindən Fransaya köçənləri “xüsusən diqqətlə izləyir”.
Daxili İşlər Nazirliyinin rəhbəri hesab edir ki, onlar qlobal cihadın əfqan tərəfdarlarının - “Vilayət Xorasan” qrupunun təbliğatına qarşı həssas qrupdurlar. Darmanen vurğulayıb ki, “Xorasan layihəsi” “ən təhlükəli hərəkat”dır, baxmayaraq ki, indiyədək konkret təhdidlər qeydə alınmayıb.

Fransanın təhlükəsizlik aparatının diqqətini Mərkəzi Asiya ölkələrindən gələn mühacirlərə yönəltməsi barədə ilk məlumatı Reuters yayıb. Onun mənbələri bildiriblər ki, hüquq-mühafizə orqanları tez bir zamanda keçmiş sovet respublikalarından olan miqrantlar haqqında ətraflı məlumat toplamağa və onların icmaları ilə dil tapmağa çalışır. Kəşfiyyat xidmətlərindəki mənbə qeyd edib ki, Fransanın müvafiq departamentləri bu yaxınlarda Əfqanıstanla qonşu ölkələrdə yaşayan onlarla “Vilayət Xorasan” kuratorunu müəyyən edə bilib və gəncləri onlayn rejimdə işə götürüblər. Təhlükəsizlik xidmətindən bildiriblər ki, “Vilayət Xorasan” yeni təhlükədir, radikaldırlar və yeni silahlardan istifadə etməyi daha tez mənimsəyən şəxslərdir.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, Oyunlara hazırlıq çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları artıq 1 milyon insan üzərində yoxlamalar həyata keçirib. Olimpiadanın açılış mərasimində könüllüləri, işçiləri və digər iştirakçıları əhatə ediblər. Hüquq-mühafizə orqanları bioqrafik məlumatları öyrəndikdən sonra 5 minə yaxın insana idman tədbirlərinə qatılmaq icazəsi verilməyib. Bu uğursuzluqların hansı səbəblərlə bağlı olduğu məlum deyil.

Fransa Olimpiadası çətin şərtlər altında keçiriləcək. Fransa rəhbərliyi 2016-cı ildə Rio-de-Janeyroda və ya 2012-ci ildə Londonda olduğu kimi paytaxtdan kənarda tam hüquqlu Olimpiya parkı tikmək əvəzinə, bəzi hadisələri Parisin mərkəzində lokallaşdırmaq, digərlərini isə bütün əraziyə səpmək qərarına gəlib. Mütəxəssislər etiraf edirlər ki, ictimai yerlərdə müvəqqəti idman arenalarının yerləşdirilməsi qoruyucu tədbirlərin görülməsini çətinləşdirir.

Rəqiblərinin siyasətlə məşğul olmaq əvəzinə idmanla məşğul olmaq dəvətinə əməl edəcəyinə ümid azdır. Yeni Xalq Cəbhəsinin deputatları artıq pensiya islahatının ləğvi ilə bağlı qanunu Məclisə təqdim etməyə hazırlaşdıqlarını bəyan ediblər. Müsahiblər Makrondan solçuların ölümcül düşmənlərinin - Milli Birliyin deputatlarının da bu təklifə qoşulmasına hazır olub-olmadığını soruşublar. Görünməmiş bir olay baş verib, Makron “səsvermədə birləşməklə onlar öz qanunlarını prezident koalisiyasına diktə edə biləcəklər”, deyə cavab verib.

Emmanuel Makron bunun tamamilə mümkün olduğunu etiraf edib. Lakin o, əmin edib ki, o, məclisin “yenidən buraxılmasını” nəzərdə tutmur (bir ildən sonra bunu etmək hüququ olacaq) və özü də istefa vermək niyyətində deyil. Fransızlar ona ikinci prezident mandatını həvalə etdiyi üçün o, 2027-ci ilə qədər vəzifəsində qalacaq.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə