Biz ədalətin və humanizmin tərəfindəyik - MƏQALƏ

Qardaş və dost Pakistan dövləti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bildiyimiz kimi diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulub. Paytaxt Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb. Azərbaycan və Pakistan arasındakı hərtərəfli əlaqələrin inkişafında müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndərimiz Heydər Əliyev xüsusi xidmətləri olmuşdur. Bu gün həmin müdrik siyasət ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə uğurla davam etdirilir. Dost və qardaş Pakistan Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib. Bunun bariz nümunəsidir ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, bir sözlə Ermənistanı bir dövlət kimi tanımayıb. Xüsusilə qeyd etmək lazımdır ki, qardaş Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bununla yanaşı digər mühüm hadisəni də qeyd etmək lazımdır ki, 2015-ci il martın 11-14-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin güclənməsinə böyük töhfə vermişdir.

Eyni zamanda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin cari ilin iyulun 11-12-sini əhatə edən tarixlərdə Pakistana olan dövlət səfəri hər iki qardaş ölkənin strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. 2024-cü ilin iyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər. Çıxışı zamanı Prezident İlham Əliyev bir sıra tarixi faktları diqqətə çatdırıb. Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Həqiqətən, bu bağlantı böyük sərvətdir. Bəli,cənab Prezidentin qeyd etdiyi kimi;- biz qardaşıq, dostuq! Xüsusilə dövlətimizin başçısı bildirdi ki, qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq.

Bu isə təbii ki, onu göstərir ki, Azərbaycan Prezidentinin ali rəhbərliyi ilə ölkəmizin mövqeyi daim konstruktivdir, ədalətlidir, bir sözlə beynəlxalq hüquq normaları çərçivəsindədir, biz ancaq ədalətin və humanizmin tərəfindəyik.

Dövlətlərimiz və xalqlarımız arasındakı tarixi və mənəvi bağlılıq bizim üçün həqiqətən də qürurvericidir. Bu gün energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlıq etdiyimiz müdafiə sənayesində bir sıra yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Beləliklə, biz güclü tərəfdaşlığı nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də davam etdirməkdəyik.

Biz hər birimiz müstəqil Azərbaycanın müstəqil vətəndaşı kimi iftixar hissi keçirir və fərəhlənirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səmimi, dürüst və yüksək insani keyfiyyətlərə malik olan şəxsiyyət kimi, eyni zamanda qətiyyətli, güclü və qalib Lider kimi beynəlxalq müstəvidə böyük nüfuz və hörmət sahibidir. Bir sıra qardaş xalqlarda olduğu kimi,o cümlədən qardaş Pakistan xalqı da cənab Prezidentimizə olan böyük sevgisini məhz səfər zamanı nümayiş etdirdi ki, bu xoş hadisə də məhz cənab Məhəmməd Şahbaz Şərifin mətbuata bəyanatla çıxışı zamanı xüsusilə qeyd olundu. Bəli, Azərbaycan Prezidentinin yüksək mənəvi keyfiyyətləri, diplomatik məharəti və bənzərsiz siyasəti bizi xoşbəxt və firavan gələcəyə aparır. Çünki tam əminliklə vurğulamaq lazımdır ki, bu müdrik siyasət sülh, dostluq, qardaşlıq və humanizm prinsiplərinə əsaslanır.

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə