BMT-də Azərbaycanın mina təhlükəsizliyi sahəsində fəaliyyətinə dair konfrans keçirilib - FOTOLAR

BMT-nin Nyu-York şəhərində yerləşən mənzil qərargahında Yüksək Səviyyəli Siyasi Forum çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və heç kəsi kənarda qoymamaq naminə mina və partlamamış hərbi sursat fəaliyyətləri” adlı paralel tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Azərbaycan İqtisadiyyat Nazirliyi, Laos Xarici İşlər Nazirliyi, BMT İnkişaf Proqramı və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyanın (UNESCAP) birgə təşkilatçılığı ilə baş tutub.

Laosun baş nazirinin müavini, xarici işlər naziri Salemsay Kommasit çıxışı zamanı bildirib ki, partlamamış hərbi sursatlar və minalar Laos xalqının müharibənin qalıqlarından mübarizəsinə mane törədir və xalqın inkişafına ciddi təhlükə yaradır. Onun sözlərinə görə, ölkənin hazırda üçdə biri partlamamış hərbi sursatlardan çirklənib.

Daha sonra çıxış edən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Laos və Azərbaycanın UNESCAP tərəfindən irəli sürülmüş Könüllü Milli Hesabat tvinninq təşəbbüsü çərçivəsində əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, konfransın mövzusu Azərbaycan, o cümlədən bəşəriyyət üçün əhəmiyyət kəsb edr. Nazir müavini əlavə edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında qarşıya çıxan əsas problemlərdən biri beynəlxalq sülh və rifahın təmin olunması sahəsində qlobal təşəbbüslərə kölgə salan mina problemi məsələsidir. Bu baxımdan o, Azərbaycanın adınının dünyanın 5 ən çox minalanmış ölkələri siyahısına daxil edildiyini vurğulayıb: “Bu minalar Azərbaycanda insan təhlükəsizliyi üçün böyük təhdid təşkil etməyə davam edir. Təxminən 3400 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan təxminən 600-ü ölümlə nəticələnib. Mina partlayışına görə həyatını itirənlərdən 358-i uşaq, 30-u qadındır”.

Sahib Məmmədovun sözlərinə görə, ərazilərin minalarla çirklənməsi əhalinin həyat və yaşayışını təhlükə altına alır, yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıtmasına mane törədir. O əlavə edib ki, bərpa istiqamətində minasızlaşdırmanın vacib rolunu qəbul edən Azərbaycan 18-ci milli Dayanıqlı İnkişaf Məqsədini irəli sürüb.

İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və Sosial Siyasət Şöbəsinin müdiri Hüseyn Hüseynov 18-ci milli Dayanıqlı İnkişaf Məqsədinin məqsəd və hədəfləri barədə geniş təqdimatla çıxış edib.

Daha sonra BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru İrina Zivkoviç təmsil etdiyi qurumun Azərbaycanda aktiv komandasının fəaliyyət göstərdiyini qeyd edib. Onun sözlərinə görə, komanda mina məsələsi də daxil olmaqla sıx gündəliyə malikdir. UNDP rəsmisi həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə bu yaxınlarda beynəlxalq mina fəaliyyətinə dair konfransı keçirdiklərini əlavə edib. “UNDP mina çirklənməsi və partlamamış hərbi sursatlarla mübarizə aparan ölkələri dəstəkləyir. Bu dəstəyə ən yaxşı təcrübələrlə bağlı informasiya mübadiləsi, süni intellekt, dron, peyk kimi yeni texnologiyalarla bağlı məlumat paylaşımı, heyvanların, o cümlədən itlərin mina fəaliyyətlərinə cəlb olunması sahəsində təcrübə mübadiləsi daxildir. Azərbaycanın da bu sahədə çox yaxşı təcrübəsi var. Mən buna şəxsən şahid olmuşam. ANAMA və UNDP arasında Mükəmməllik Mərkəzi yaradılıb. Bu mərkəz gələcək dövrlər üçün fəaliyyətləri inkişaf etdirir və ilkin mərhələdə Azərbaycana, növbəti mərhələdə isə başqa regional və qlobal ölkələrə dəstək məqsədi daşıyır. Əməkdaşlığımızdan böyük gözləntilərimiz var”,- deyə BMT baş katibinin köməkçisi bildirib.

Daha sonra əmək və əhlinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov mina qurbanlarının sosial müdafiəsi barədə danışıb və nazirliyin onların həyat şəraitinin inkişafı və təminatı sahəsində əhəmiyyətli addımlar atdığını qeyd edib. Nazir müavini bildirib ki, minadan əziyyət çəkən insanların sosial ödənişlərinin artırılması və sosial müavinətlərin təyin edilməsi üçün vacib qanunlar irəli sürülüb. “Bu baxımından 10 yeni sosial müavinət təyin edilib. 2018-ci ildə 4 sosial islahatlar paketi həyata keçirilib. Artırılmış sosial müavinətlər əhalinin ən həssas təbəqəsinə yönləndirlir. Onların əhatəsi 60 faiz artaraq 880 min insanı əhatə edib”,- deyə Anar Kərimov bildirib.

Nazir müavini əlavə edib ki, mina qurbanları sosial sığorta proqramı çərçivəsində birdəfəlik təzminatla təmin olunurlar. Təzminatın məbləği mina insidenti nəticəsində baş vermiş xəsarətin dərəcəsindən asılıdır.

O həmçinin əlavə edib ki, mina qurbanları müxtəlif tibbi və fiziki sosial reabilitasiya xidmətlərindən yararlanmaq şansına malikdirlər. Bu baxımdan o 700-lük yataq yerinə malik 14 reabilitasiya mərkəzinin mövcud olduğunu qeyd edib.

Sonda Azərbaycan nümayəndə heyəti tədbir iştirakçılarının suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə