“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri ilə görüş keçirilib

Qərbi Azərbaycan İcmasında Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi zamanı mükafatlandırılan eyniadlı olimpiadanın qalibləri ilə görüş keçirilib. Bu barədə SİA-ya Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Görüşdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, son 200 ildə ata-baba torpaqlarından zorla qoparılan soydaşlarımız, onların yaşadıqları ağrı-acı ilə bağlı gənclərin məlumatlı olması, Qərbi Azərbaycana geniş maraq göstərmələri onların milli ruhunun yüksək səviyyədə olması və vətənə bağlılığının göstəricilərindən biridir. Sədr qeyd edib ki, Qərbi Azərbaycan tarixinin, mədəniyyətinin gənc nəslə ötürülməsində sözügedən olimpiada mühüm əhəmiyyət daşıyıb.

Daha sonra Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli çıxış edərək olimpiadanın keçirilməsində İcma ilə yaxından əməkdaşlığın xüsusi önəmini vurğulayıb. Mətin Kərimli qalibləri təbrik edərək onlara göstərdiyi əzm və bacarıq üçün təşəkkür edib.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, VI çağırış Milli Məclisin deputatı, olimpiadanın keçirilməsində mühüm rolu olan Məlahət İbrahimqızı çıxışında gənclərin ümummilli məsələmiz olan Qərbi Azərbaycanla bağlı geniş marağını təqdir edərək onlara bundan sonrakı fəaliyyətləri və olimpiadalar zamanı uğurlar arzulayıb, vurğulayıb ki, bu, onların da gələcək nəsillərə ötürməli olduğu müqəddəs missiyadır.

Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev bildirib ki, olimpiadada 10 mindən çox şagird iştirak edib, onlara 30 sual təqdim olunub. Sualların cavablandırılması üçün onlara 70 dəqiqə vaxt verilib. Fuad Qarayev vurğulayıb ki, olimpiadada iştirak edən bütün şagirdlər böyük həvəslə finala can atırdılar.

Daha sonra olimpiadanın hazırlanmasında və keçirilməsində mühüm rolu olan ekspertlər çıxış ediblər.

Sonda şagirdlərə Qərbi Azərbaycan İcması adından hədiyyə və mükafatlar təqdim olunub.

Qeyd edək ki, olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etmək olub. Ölkənin ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak edəcəyi olimpiada 3 mərhələli olub. Olimpiadanın yarımfinal turu may ayında bölgələr üzrə, final mərhələsi isə iyun ayında Naxçıvan Muxtar Respublikasında keçirilib. Olimpiada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə