“Azərbaycan xarici siyasətində ŞƏT mühüm platforma kimi istifadə etməkdədir” - ŞƏRH EDİLDİ

“Azərbaycanın xarici siyasəti çərçivəsində dünya ölkələri ilə yanaşı beynəlxalq təşkilatlarla fəal əlaqələr qurulur. Belə təşkilatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı iqtisadi əlaqələr, sivilizasiyalararası dialoq dadiqqət mərkəzində olan məsələlərdəndir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, bu nüfuzlu təşkilatın 3-4 iyul tarixlərində keçirilən Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib: “Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. Xatırladaq ki, dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak edib. “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunan budəfəki Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları diqqət mərkəzində saxlayıblar. Əsas siyasi sənəd olan Astana Bəyannaməsi ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyur, təşkilatın fəaliyyətini qiymətləndirir və gələcək üçün istiqamətləri müəyyənləşdirir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan imicinin ifadəsidir: “Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı ölkəmizin gündəliyinin irəlilədilməsi, eləcə də regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olma baxımından çox önəmlidir. Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi,siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir”.

Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir: “2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Bu mötəbər təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyev Astana sammiti çərçivəsində təşkilata üzv olan bir sıra ölkələrin liderləri ilə səmərəli görüşlər keçirib. Eyni zamanda, dövlətimizin başçısı Zirvə görüşündə dərin məzmunlu çıxış edib. Bütövlükdə, Azərbaycan özünün xarici siyasətində Şanxay Əməkdaşlıq Təşkilatından mühüm platforma kimi istifadə etməkdədir. Azərbaycanın çox vacib geosiyasi və coğrafi mövqedə yerləşməsi Asiya ilə Avropanın iqtisadi-ticarət əlaqələrində önəmli rol oynayır. Bu fakt ölkəmizə böyük dividentlər qazandırır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə