“Növbədənkənar parlament seçkilərinin keçirilməsi tarixi zərurət idi” - DEPUTAT DANIŞDI

“Azərbaycan Prezidenti sentyabr ayının 1-də növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb. 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyinə qovuşduqdan sonra ölkəmizdə altı dəfə parlament seçkiləri keçirilib. Lakin yeddinci dəfə keçiriləcək parlament seçkiləri Azərbaycan xalqının həyatında olduqca əlamətdar, tarixi bir hadisə kimi qalacaq. Belə ki, artıq vətəndaşlarımız öz seçki hüquqlarından doğma torpaqlarında istifadə edəcəklər. Bu nəinki Azərbaycan xalqının həyatında, hər bir cəmiyyət üzvü üçün fərdi olaraq çox əlamətdar hadisədir. Bu baxımdan hesab edirəm ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi həm tarixi zərurət idi, həm də ictimai sifariş idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, ölkəmizdə yeni reallıqlar fonunda, yəni ərazi bütövlüyümüz təmin olunduqdan və bütün ərazilərimiz üzərində suverenliyimiz təmin olunduqdan sonra növbədənkənar Prezident seçkiləri keçirildi: “Xalqımız yekdilliklə YAP-ın namizədi cənab İlham Əliyevi dəstəklədi. Azərbaycan Prezidenti qeyd etdi ki, növbədənkənar prezident seçkiləri Azərbaycan inkişafının yeni tarixi mərhələsinin başlanğıcıdır. Sözsüz ki, növbədənkənar prezident seçkiləri qarşıda daha məsuliyyətli mərhələdə diqqətimizi olduqca vacib məsələlərə yönəltməyə imkan verəcək. Biz yaxşı xatırlayırıq ki, 2018-ci ildə də növbədənkənar prezident seçkiləri oldu və sonrakı mərhələdə dövlətimiz olduqca mühüm vəzifələri yerinə yetirdi. 2018-ci ildə növbədənkənar prezident seçkilərindən sonra 2019-cu ildə parlament də buraxıldı və 2020-ci il fevral ayında növbədənkənar parlament seçkiləri keçirildi. Bu seçkilərdən sonra Azərbaycan xalqı tarixinin ən böyük zəfərini qazandı, ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdik.
Bütün bunlar göstərir ki, həmin dövrdə də növbədənkənar seçkilərin təyin olunması təşəbbüsü olduqca düzgün, zamanında irəli sürülmüş təşəbbüs idi.
Hazırda da tarixi inkişafımızın yeni bir mərhələsinə qədəm qoyduq və yeni mərhələdə qarşımızda çox ciddi hədəflər mövcuddur. Konstitusiyaya görə, parlament seçkiləri noyabr ayının ilk həftəsində keçirilməli idi. Lakin proqmatik düşüncə tərzi sərgiləyərək, zaman baxımından düzgün, milli maraqlarımıza uyğun araşdırma apararaq parlament seçkilərinin iki ay qabağa çəkilməsi haqqında qərar qəbul olundu. Bu da hər şeydən öncə yeni tarixi reallıqlar fonunda keçiriləcək ilk seçkidir. Soydaşlarımız artıq məcburi köçkün statusunda deyil, öz doğma torpaqlarında seçki hüquqlarından istifadə edəcəklər. Hər bir vətəndaşın həyatında bu xüsusi bir hadisədir. Növbədənkənar parlament seçkiləri bundan sonrakı mərhələdə əsas diqqətimizi mühüm məsələlərin həllinə yönəltməyə imkan verəcək. Çünki parlament seçkiləri özlüyündə olduqca mühüm siyasi hadisədir.
COP29 konfransının keçirilməsi ilə eyni vaxtda bu mühüm siyasi prosesin də eyni vaxtda təşkil olunması məqsədəuyğun deyil. Bu həm parlament seçkilərinin əhəmiyyəti nöqteyi nəzərindən, həm də COP29 konfransının əhəmiyyəti nöqteyi nəzərindən doğru olmazdı. Buna görə də seçkilər iki ay öncəyə çəkilir. COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ən mühüm konfransdır. Konfrans çərçivəsində ölkəmizə 80 minə qədər qonaq gəlməsi gözlənilir. Konfransın ən yüksək tələblərə cavab verərək, təşkil olunması ölkəmizin birbaşa beynəlxalq imici məsələsidir. Hər zaman olduğu kimi bu mühüm beynəlxalq konfransa da ən yüksək şəkildə ev sahibliyi edəcək. Bu isə ölkəmizin dünyaya verdiyi mühüm töhfə olacaq. Çünki bu gün beynəlxalq təhlükəsizliyə ən ciddi təhdid yaradan amillərdən biri də iqlim dəyişmələridir. Bəşəriyyət iqlim dəyişmələrinin olduqca təhlükəli nəticələri altında çox ciddi düşünməkdədir.
Azərbaycan COP29 konfransına xüsusi önəm verməklə beynəlxalq təhlükəsizlik məsələsinə, bəşəriyyətin gələcək rifahı məsələsinə nə dərəcədə həssas yanaşdığını bir daha nümayiş etdirir. Qeyd etmək lazımdır ki, Azərbaycan qədər səmiyyətlə qlobal məsələlərin həllinə yanaşan dövlətlərin sayı çox azdır. Azərbaycan dövlətinin, ölkə başçısının təşəbbüsləri hər zaman insanlığın rifahına, təhlükəsizliyinə xidmət edir. Ölkəmizdə parlament seçkilərinin irəli çəkilməsi də bir daha bunu aydın nümayiş etdirir.
Ayrıca olaraq xüsusi vurğulanmalıdır ki, növbədənkənar parlament seçkilərindən sonra qarşıdakı daha böyük inkişaf hədəflərimizə çatmaq uğrunda çox təsirli addımlar atacağıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə