Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

İyunun 21-də “Euronews” televiziyasına müsahibəsində Prezident İlham Əliyev bildirdib ki, Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdur. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Bu isə ölkəmizin enerji sektorunda qlobal liderliyini əks etdirir. Artıq Bakı Enerji Həftəsi inklüziv platformaya çevrilib. Tədbir öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra Azərbaycan bərpaolunan enerji sahəsində işə başladı və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Qısa müddət ərzində ölkəmizdə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurlar qazanılmışdır.

Ölkə başçısı müsahibəsində vurğulayıb ki, Azərbaycan yaşıl gündəliyini nümayiş etdirir. Ölkəmiz nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Bərpaolunan enerji istehsalı sahəsində “Masdar” Azərbaycanın strateji tərəfdaşıdır. Həmçinin “ACWA Power” və BP sərmayədarlar sırasındadır. Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı olub. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır. Prezident İlham Əliyev onu da qeyd edib ki, milli enerji şəbəkəmizi gücləndirməliyik. Sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıyıq. Ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəf ixracdır. Beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.

“Euronews” televiziyasına müsahibəsində Prezident İlham Əliyev onu da qeyd edib ki, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birlik və həmrəylik yaratmaqdır. Azərbaycan COP zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.

Ölkədə yaxşı sərmayə mühitinin olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirdib ki, Azərbaycan ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində məhz öndə gedənlərdən olmaq Azərbaycanın üzərinə düşən öhdəlikdir. yap.az

Bütün xəbərlər Facebook səhifəmizdə