"COP29 ən uğurlu tədbirlərdən biri kimi yadda qalacaqdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"COP29 hər nə qədər Birləşmiş Millətlər Təşkilatının qlobal iqlim dəyişikliyi ilə bağlı təşkil etdiyi ən mühüm tədbirlərdən biridirsə, bir o qədər də dünyanın təhlükəsizliyi üçün, xüsusilə də, ekoloji təhlükəsizliyi üçün çox vacib tədbirdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, hər şeydən əvvəl qeyd etmək lazımdır ki, COP29-un Azərbaycanda keçirilməsi özü-özlüyündə bir hadisədir: "Ancaq bu günə qədər COP29-a gedən yolu, hazırlıq mərhələsini biz təhlil etməyə çalışsaq, görəcəyik ki, hələ tədbirin keçirilməsinə bir neçə ay qalmasına baxmayaraq Azərbaycan bu tədbirə ev sahibliyi etməyə çox ciddi şəkildə hazırlaşır. İstər Azərbaycanın COP29-la bağlı yaratdığı təşkilat komitəsi üzvlərinin müxtəlif ölkələrə səfərləri, istər müxtəlif ölkə nümayəndələrinin və BMT-nin müvafiq komissiya üzvlərinin Azərbaycana səfər etməsi, aktiv aparması ondan xəbər verir ki, 29-cu sessiya əvvəlki 28 sessiyadan fərqlənəcəkdir.

Bu, nəticə etibarilə həm də dünyanın ekoloji baxımdan daha təhlükəsiz olması üçün yeni bir mərhələ yaradacaqdır. Ona görə də, əlbəttə ki, Azərbaycan Prezidenti dünənki müraciətində bu məsələlərə toxundu. Xüsusən, biz bilirik ki, ekologiya və səhiyyə, sağlamlıq bir-birilə sıx əlaqədardır. Çünki insan təbiətin bir parçasıdır. Təbiətdə baş verən hər hansı neqativ proses, şübhəsiz ki, birbaşa onun sağlamlığına da təsir göstərir. Ona görə bu məsələlərin kompleks şəkildə ələ alınması bir daha onu göstərir ki, COP29 bu məqsədlər üçün təşkil olunmuş ən uğurlu tədbirlərdən biri kimi yadda qalacaqdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə