Makron üçün GÖZLƏNİLƏN ZƏRBƏ – TƏHLİL

Makron üçün GÖZLƏNİLƏN ZƏRBƏ – TƏHLİL

Bu il 9 iyun tarixində Avropa Parlamentinə seçkilərin, parlament seçkilərinin keçiriləcəyi məsələsi indi bütövlükdə Avropanın gündəmini zəbt edib. Ona görə ki, həmin seçkinin nəticələri ümumilikdə Avropanın siyasi mənzərəsini belə dəyişə bilər. Hətta Fransada ifrat sağçıların hazırkı prezidenti dəstəkləyən liberal qüvvələr üçün ciddi problemlər yarada biləcəyi belə istisna edilmir. Deməli, qarşıda Fransa prezidenti Emmanuel Makron üçün təhlükli və ciddi bir sınaq, bir imtahan gözlənilir. Daha dəqiq desək, bu, Makron üçün gözlənilən zərbə sayılır.

Makrona və partiyasına dəstək daha da azala bilər və azalma etimalı tamamilə mümkün hesab olunur

Diqqətə çatdıraq ki, bu ilin may ayında keçirilən sorğular Makronun İntibah partiyası üçün çox məyusedici proqnozlar vəd edir. Bütün hesablamalara görə, Marin Le Penin ifrat sağçı Milli Ralli partiyası qarşıdan gələn seçkilərdə 31% səslə liderdir. Eyni zamanda, onlar Makronun partiyasını çox fərqlə qabaqlayırlar. Fransa əhalisinin cəmi 15%-i prezidentyönlü İntibah partiyasına səs verməyə hazır olduğu artıq çoxdan bəllidir. Hətta bu gün seçicilərin 14%-i əvvəllər demək olar ki, tamamilə yaddaşdan silinmiş Rafael Qluksmannın rəhbərlik etdiyi Sosialist Partiyasının siyahısına səs verməyə hazırdır və demək olar ki, indiki prezidentin partiyası ilə eyni həddədir. Eyni zamanda ekspertlər qeyd edirlər ki, Makrona, onun partiyasına olan dəstək gələcəkdə daha da azala bilər. Təkcə aprel ayında aparılan sorğu ilə müqaisəyə əsasən, prezident partiyasını dəstəkləyənlərin sayı ümumi seçici siyahısında 3,5 % azaldığını nəzərə alsaq görərik ki, azalma etimalı tamamilə mümkün hesab olunur.

Fransa liderinin reytinqinin tamamilə aşağı düşdüyü və hələ də düşməkdə olduğu göz önündədir

Maraqlıdır ki, görəsən baş verənləri izah etmək üçün Makron nə edəcək? Görəsən düşünürmü ki, nə baş verir? Hökumət fransızları uğurlarına inandırmağa çalışarkən Makronun partiyasının niyə belə aşağı reytinqi olduğunu Fransa lideri necə izah edə biləcək? Axı, hökumət ağız dolusu bəyan edir ki, Fransa iqtisadi cəhətdən Almaniya, İtaliya və Böyük Britaniyanı qabaqlayır. Hətta həmin ölkənin hökumət nümayəndələri həmçinin deyirlər ki, 2022-ci ilin sonunda Fransada işsizlik səviyyəsi son 40 ilin ən aşağı səviyyəsinə çatıb və “cəmi” 7,1% təşkil edib. Lap 2023-cü ildə işsizlərin faizi bir qədər artsa da belə bu gün Fransanın əmək qabiliyyətli əhalisinin cəmi 7,5%-i işsizdir. Bununla belə yenə də Makronun partiyasının reytinqinin tamamilə aşağı düşdüyü və hələ də düşməkdə olduğu göz önündədir. Yəqin ki, bütün bunlar əbəs yerə deyil və sözsüz ki, səbəbləri var.

Fransa prezidenti vəziyyətinin kritik olduğunu özü hamıdan yaxşı başa düşür

Diqqətə çatdıraq ki, fransızların xeyli hissəsi Makronu “varlıların prezidenti” olaraq qəbul edir. Etiraf edək ki, bu cür qəbul etməkdə fransızlar haqlıdırlar, çünki Fransız korporasiyalarının gəlirlərinin nisbi artımı adi fransız sakinləri üçün heç bir nəticə vəd etmir. Ələlxüsus da Makronun və onun partiyasının, eləcə də hökumətinin ardıcıl olaraq sosial ixtisar siyasəti yürütməsi fonunda ümumiyyətlə hansısa vəd barədə danışmaq mümkün deyil. Pensiya yaşının 64 yaşa qaldırıldığı pensiya islahatı özü də fransızlar üçün bir bəhanədir. Amma görünən odur ki, hazırkı Fransa hakimiyyəti heç nəyi nəzərə belə almaq istəmir. Nümunə üçün qeyd etmək olar ki, Fransa həmkarlar ittifaqlarının daha bir neoliberal islahatlara 2023-cü ildə kütləvi nümayişlər və tətillərlə cavab verməsinə Makron hökuməti heç zərrə qədər belə məhəl də qoymadı.

Təkzib etmək olmaz ki, Makronun məntiqsiz islahatları, əgər buna islahat demək olarsa, həm işsizlərə, həm də əhalinin ən az imkanlı təbəqələrinə ağrılı şəkildə zərbə vurmuş oldu. Düzdür, 2019-cu ildə keçirilən son Avropa Parlamenti seçkilərində Makron və Le Pen arasında fərq minimal olub, lakin bu dəfə ekspertlər Milli Rallinin öz rəqiblərini 10-13 xalla məğlub edə biləcəyini proqnozlaşdırırlar. Özünə gələn prezident Makron vəziyyəti xilas etmək üçün aqressiv tədbirlər görməyə çalışır. Amma o yaxşı bir tədbir görə bilmir. Tənqidçilər Makronun son şüarı olan “Fransa Fransa olaraq qalsın” şüarının birbaşa sağ populistlərdən götürüldüyünü iddia edirlər. Hazırkı prezident də Fransa üçün çox aktual olan miqrasiya məsələsinə münasibətində kəskin şəkildə sağa doğru dəyişib. Amma millətçi düşərgədən olan rəqiblərinin meydanda xal qazanmaq cəhdi indiyədək əks nəticəyə gətirib çıxarıb. Belə ki, 2023-cü ilin dekabrında prezidentin immiqrasiya ilə bağlı qanun layihəsi yalnız qaydaların sərtləşdirilməsi ilə bağlı bəndlər daxil edildikdən sonra və sağ müxalifətin dəstəyi ilə qəbul edilib.

Prezidentin orta təbəqənin gəlirlərini artırmaq vədləri o qədər də faydalı görünmədi. İndi düz on milyonlarla adi fəhlə, qüllüqçu və pensiyaçı ondan öz halını soruşa bilər, hansıki bu zaman fransızların liderinin deməyə sözü olmaz. Yəni, adi sual qarşısında vəziyyətinin necə ola biləcəyini hər halda özü daha yaxşı bilir. Ümumiyyətlə, Emmanuel Makron vəziyyətinin kritik olduğunu özü hamıdan yaxşı başa düşür, çünki onun hakimiyyətinin nələrə səbəb olduğu da, fransızların narazılıqları da özünə bəllidir.

“Sülh göyərçini” Fransa liderini yaxşıca hədəfə ala bilib və zərbə qarşısında da qoymaq üzrədir

Bəli, indi Mari Le Pen özünü dırnaqarası da olsa “sülh göyərçini” olaraq göstərməyə çalışır. Xüsusilə, fransız millətçilərinin lideri Makronu Fransa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı qeyri-müəyyən vədlərə görə tənqid edərək, bunu daha qabarıq şəkildə göstərmək istəyir. Eyni zamanda o, Fransanın bu məsələdə beynəlxalq təcrid vəziyyətində olduğunu, nə ABŞ, nə də Avropadakı NATO müttəfiqlərinin əksəriyyəti tərəfindən dəstəkləndiyini qeyd edir və birbaşa olaraq Makronu zəif, yararsız göstərməyə hədəflənib. Əslində, Marin Le Pen heç də “sülhməramlı” deyil və bunu onun davranışlarından da görmək olur. Onun məhz digər ifrat sağçı liderləri kimi Azərbaycanla münaqişədə Ermənistanı dəstəkləməyə dəfələrlə çağırış etməsi kimliyi haqqında qətiyyətlə fikir söyləməyə, heç də sülh niyyətli olmadığını sübut etməyə əsas verir. “Bakıya və onun müdafiəçisi Ərdoğana qarşı ən sərt qətiyyət ermənilərə toxunan bu daimi təhlükənin qarşısını almağın yeganə yoludur”, deyən Marin Le Pen haqqında “sülhməramlı” deməyə qətiyyən imkan vermir və onun ikiüzlülüyünü ortaya qoyur. Amma buna baxmayaraq, həmin o dırnaqarası “sülh göyərçini” Fransa liderini yaxşıca hədəfə ala bilib və əməlli başlı zərbə qarşısında qoymaq üzrədir.

Bir Avropa ölkəsi daxilindəki ziddiyyətlər həmin ölkə liderinin sosial ədalətsizliyini isbatlayır

Makronun heç də reytinq barədə düşünməyə haqqı çatmır. Fransa daxilində ziddiyyətlərin olması özü belə onun mahiyyətini ortaya qoymaq üçün kifayət edir. İndi Fransada sosial ədalətsizliyin kəskinləşməsi hər kəsə bəllidir. Yeni Kaledoniyada etiraz dalğasının yaranması özü də Makron üçün kifayət qədər zərbə vəd edir. Azərbaycanın Qarabağ iqtisadi rayonundan öz xoşu, öz istəyi ilə gedən ermənilərin öz müqaəddəratını təyin etmə hüququndan dəm vuran Makron heç öz ölkəsində bu barədə düşünmür və etirazçıların həmin hüquqularını eşitmək belə istəmir. Belə olan halda Emmanuel Makron nəyə ümid edə bilər və onun gözləntisi nə ola bilər axı? İndi Fransa əhalisinin 68%-i hesab edir ki, ölkələrində demokratiya “çox yaxşı deyil” və ya “heç də yaxşı deyil”. Onlar hesab edirlər ki, Makronun dövründə Fransada siyasətə etimad dərəcəsi son 15 ilin ən aşağı səviyyəsinə çatıb. Fransızların yalnız 30%-i siyasətə inanır ki, bu da Almaniyadan 15%, Polşadan isə 24% azdır. Bütün bunların fonunda Avropa Parlamentinə indiki seçkilərdə Makron üçün yaxşı heç nə vəd edilə bilməz. Bunu onun özü də çox yaxşı bilir. Hətta bilir ki, bu dəfə seçkilərdə ciddi “zərbə” də ala bilər. Yəni, bu, Makron üçün gözlənilən zərbə hesab olunur. Prezident Makronun və onun arxasında duran siyasi qüvvələrin nüfuzunun daha da pis olması günün reallığıdır.

Avropa Parlamentinə bu seçkiləri həm də Fransa Milli Assambleyasının prezidenti və deputatlarının gələcək seçkiləri üçün bir məşq də adlandırırlar. Ancaq milli seçkilər yalnız 2027-ci ildə baş tutacaq və bu müddət ərzində həm Fransada, həm də dünyada çox böyük dəyişikliklər gözləniləndir. Yalnız bir məsələ dəqiqdir ki, Makron hakimiyyəti Beşinci Respublika tarixində həm fransız xalqının özünün, həm də dünyanın bir çox müstəqil dövlətlərinin maraqlarına zidd siyasətin simvolu olaraq yaddaşlarda qalacaq. Bununla belə artıq 9 iyun tarixind Avropa seçkilərinin ilk nəticələri məlum olanda Fransanın bir çox siyasi partiya və qurumlarında silkələnmə və rezonans belə gözləniləndir...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə