Böyük Qayıdışın Xocalı mərhələsi...

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması müasir tariximizin ən mühüm hadisəsidir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində torpaqlarımız erməni işğalından azad olundu. Ötən ilin sentyabrında isə Qarabağ erməni separatçılarından tam təmizləndi və oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Bayrağımızı ucaltmasını sonsuz iftixar və qürur hissi ilə izlədik. Bu torpaqlarda üçrəngli Bayrağımızın dalğalanması tariximizin şanlı səhifəsidir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, mayın 28-də - Müstəqillik Günündə Xocalı şəhərinə ilk qayıdan sakinlərə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən evlərin açarlarının təqdim olunması, sakinlərlə səmimi görüş tarixi hadisədir: “Bu, o deməkdir ki, Böyük Qayıdışın Xocalı mərhələsi başlayır. Məlumdur ki, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə burada azərbaycanlılara qarşı soyqırımı törədiblər. Şəhər bir neçə saatın içində tamam məhv edilib, uşaqlara, qadınlara, qocalara belə aman verilməyib. Xocalı yarası hər bir azərbaycanlının qəlbini göynədir, qaysaq bağlamırdı. Prezident İlham Əliyev ötən il oktyabrın 15-də Xocalıda da üçrəngli Bayrağımızı ucaltdıqdan və mayın 28-də şəhərə qayıdışın başlanmasından sonra soyqırımı qurbanlarının, bütün şəhidlərimizin ruhları rahatdır. İlk dəfə olaraq bu soyqırımının 32-ci ildönümü məhz Xocalı şəhərində də anıldı. Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Xocalı şəhərində bərpa-quruculuq işlərinə start verildikdən cəmi bir neçə ay sonra keçmiş məcburi köçkünlərin qayıdışına başlanıldı. Doğma Xocalıya qayıdan sakinlərin sevincinin həddi-hüdudu yoxdur. Bütün xalqımız da bu hadisəyə sevinir. Çünki soyqırımına məruz qalmış Xocalıya 32 ildən sonra həyat qayıdır”.

Deputatın sözlərinə görə, insanların doğma yurdlarına qayıdışı ilə həmin torpaqlar yenidən canlanır. Xocalıya ilk köç edən sakinlərlə görüşü zamanı Prezident İlham Əliyevin dediyi kimi, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. “Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan Xocalıda törətdiyi cinayətləri etiraf etməli və bizdən üzr istəməlidir. Eyni zamanda, bu hərbi cinayətini tanımalıdır.

Deputat qeyd edib ki, müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, bu il 20 min keçmiş məcburi köçkünün qayıdışı təmin olunacaq. Artıq 44 ailənin Xocalı şəhərinə qayıdışı təmin olunub. Rəsmi məlumatlara əsasən, Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Beləliklə, doğma Qarabağ torpağının əzəli sakinləri öz yurdlarına geri dönürlər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunmuş bütün ərazilərimiz ən müasir səviyyədə yenidən qurulur. Bu torpaqlar dünyanın ən gözəl guşələrindən birinə çevriləcək”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə