Azərbaycan platformasından yaşıl ideyalara baxış TƏHLİL

Prezident İlham Əliyev: "Yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq"

Həmrəylik və əməkdaşlıq platforması olan COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsidir. Ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı olan COP29 Azərbaycanın gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha sərgiləyəcək. Azərbaycan platformasından COP29 çərçivəsində dünya miqyasındakı proseslərə, eləcə lə iqlim, həm digər yaşıl ideyalara nəzər salınacaqdır. Yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı Azərbaycanın enerji siyasətinin prioritetiləri sırasındadır. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyaya rəsmi səfəri çərçivəsində dövlətlərarası ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələləri, o cümlədən COP29 ilə bağlı hazırlıq işləri müzakirə edilmişdir. Dövlət başçımızın bu dəfəki səfəri əsasən, iqlim siyasəti çərçivəsində idi. Səfər çərçivəsində dövlətimizin başçısı "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı etmişdir.
Qeyd edək ki, Azərbaycan Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biri olan Almaniya ilə əlaqələrin inkişafına mühüm önəm verir.
Müasir dövrdə dünya ölkələri ilə sıx əməkdaşlıq edən etibarlı tərəfdaş olan Azərbaycan Almaniya ilə də müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrinə malikdir. İki ölkə arasındakı münasibətlərdə uğurlu səhifələr açılıb və bu gələcək əməkdaşlığın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə olan əməkdaşlıq, xüsusilə də, Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərləri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ay Almaniyaya işgüzar səfəri əlaqələrin davamlığının göstəricisidir. İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri də Azbaycanla əməkdaşlıq etməyə maraq göstərirlər.

"QOŞULMAMA HƏRƏKATINDA KÖRPÜ ROLUNU OYNAMAQDA BÖYÜK TƏCRÜBƏMİZ VAR"

Azərbaycan Prezidenti İlham Əliyevin "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı "Euronews" telekanalının müxbirinə verdiyi müsahibə zamanı dövlət başçımıza ünvanlanan "Builki COP-dan nə gözləyə bilərik, hansı məsələlər icra olunacaq və sadəcə, müzakirə olunmayacaq?" sualına "Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq?" – deyə bildirmişdir.

"HƏMRƏYLİK MALİYYƏLƏŞMƏNİN VƏ NECƏ UĞUR QAZANACAĞIMIZIN AYRILMAZ HİSSƏSİDİR"

Azərbaycanın yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək bir ölkə kimi seçilməsi dövlətimizin daha bir uğuru, eləcə də qlobal miqyasda güclü diplomatiyasının göstəricisidir. Əlbəttə ki, Azərbaycanın beynəlxalq miqyaslı - BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurla sədrlik etməsi ona göstərilən etimadın, inamın göstəricisidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi uğurumuzda mühüm əhəmiyyət kəsb edir. SOP29-un ölkəmizdə keçirilməsi sülh prosesinin məntiqidir.
Məlumdur ki, ötən il BƏƏ-də keçirilən COP28-də qazıntı yanacağı ideyası üstünlük təşkil edirdi. "Sizin fikrinizcə, COP tarixində qazıntı yanacağı hasil edən ölkənin dəyişikliklərin edilməsi və keçid prosesində aparıcı rola malik olması müsbət hadisə olaraq qiymətləndirilirmi?" sualına gəlincə isə Prezident İlham Əliyev "Biz məhz buna nail olmağa çalışırıq" - deyə bildirib ki, konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin: "Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni də anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir".
Azərbaycanda 2027-ci ilin sonuna qədər 9 Günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və Günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 qiqavata qədərdir.
Azərbaycan müasir dünyada Avropaya yaşıl enerjini ixrac etmək istiqamətində ardıcıl işlər görür.
Dünyada baş verən geosiyasi hadisələr fonunda enerji təhlükəsizliyi məsələləri diqqətdən kənarda qalmır. Avropanın enerji sahəsində asılılığı azaltmaq, alternativ mənbələr və etibarlı tərəfdaşlar axtarışında Azərbaycana xüsusi önəm verməsində bir sıra amillər özünü göstərir. Müasir dövrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir.

"NEFTİ OLMAYAN ÖLKƏLƏR NEFTİ OLAN ÖLKƏLƏRİ İTTİHAM ETMƏMƏLİDİR"

"Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq" - deyən Prezident diqqətə çatdırıb ki, COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. "Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir" – deyən Prezident bildirib ki, hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq: "Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə "siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız" deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik".
İqlim dəyişikliyi ilə bağlı 2030-cu ilə qədər dünyada əsaslı irəliləyişə nail olunacaq və qarşıda duran vəzifələrin həlli üçün Azərbaycanda keçiriləcək COP29-a qədər də ardıcıl işlərin aparılır. Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya birlikdə "üçlük" olaraq öz qarşılarına məqsəd qoyublar ki, COP29 və COP30 istiqamətində milli səviyyədə müəyyən edilmiş töhfələrin birgə təqdim olunması üçün fəaliyyət göstərsinlər. Bu istiqamətdə olan format uzunmüddətlidir.
Məlumdur ki. Azərbaycan beynəlxalq səviyyəli COP29-a sədrliyi öz üzərinə götürüb. 2030-cu ilə qədər Azərbaycanın enerji sektorunda külək, Günəş və su elektrik enerjisinin payını 30 faiz artıracaqdır. Əlbəttə ki, yaşıl enerjiyə keçidlə bağlı bütün ölkələrin səylərinin birləşdirilməsi vacib məsələlərdəndir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə