“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində konfrans keçirilib - YENİLƏNİB - FOTOLAR

Suraxanı rayonu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon təşkilatının təqdimatında Suraxanı rayon İcra Hakimiyyətinin, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və “Suraxanı OYL" Əməliyyat Şirkətinin birgə tərəfdaşlığı ilə keçirilən “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Yaşıl Dünya: Qlobal İqlim Dəyişiklikləri və Ətraf Mühitin Dayanıqlı İnkişafı Naminə Müasir Çağırışlar, Qarşıya Çıxan Problemlər və Həll Yolları” adlı konfrans keçirilib. SİA xəbər verir ki, konfransda YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, YAP-ın Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, COP29-un Təşkilat Komitəsinin üzvü Sevinc Fətəliyeva, Milli Məclisin deputatları Afət Həsənova, Naqif Həmzəyev, Məşhur Məmmədov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiriRəfael Gülməmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və Kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent, YAP İdarə Heyətinin üzvü Vazeh Əsgərov, “Suraxanı OYL" Əməliyyat Şirkətinin rəhbəri Rövşən Rzayev, digər rəsmi qonaqlar və Suraxanı rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonunda ucaldılmış abidəsi rəsmi qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilib, abidənin önünə tər güllər düzülüb.

Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.

Daha sonra YAP Suraxanı rayon təşkilatnın təqdim etdiyi “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş “Göy Dəniz, Yaşıl Dağ, Güllü Diyar Mənimdir” adlı sənədli film konfrans iştirakçılarına təqdimat edilib. Sənədli film təbiətin qorunması sahəsində dövlətin və Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi səmərəli ictimai fəaliyyətdən bəhs edir.

Konfransı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi böyük tarixi əhəmiyyətə malikdir. Yerli təşkilatın sədri vurğulamışdır ki, YAP Suraxanı rayon təşkilatı tərəfindən müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilməkdədir. Belə ki, müvafiq tədbirlər planına uyğun olaraq il ərzində ağacəkmə aksiyaları, nəzəri-praktik seminarlar, çimərliklərdə təmizlik aksiyaları həyata keçirilib. Vüqar Seyidov bildirib ki, bundan sonra da bu tədbirlərin keçirilməsi davam edəcək.

Ətraf Mühitin qorunması üzrə beynəlxalq ekspert, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı layihələrinin sabiq koordinatoru Çingiz Məmmədov geniş məruzə nitqi ilə çıxış edərək dünyada və ölkəmizdə iqlim dəyişiklikləri ilə bağlı statistik məlumatlarla konfrans iştirakçılarını tanış edib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovçıxış edərək deyib ki, Suraxanı rayonunda cari ekoloji vəziyyət daim nəzarət saxlanılır. Ekoloji balansın qorunması məqsədi ilə geniş təxirəsalınmaz tədbirlər görülməkdədir.

YAP-ın Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov da öz növbəsində qeyd etmişdir ki, ölkəmizdə ətraf mühitin dayanıqlı inkişafı naminə müasir çağırışlara cavab verən layihələr həyata keçirilməkdədir. Sadiq Qurbanov qeyd etmişdir ki, bunun üçün lazımi qanun bazası mövcudur.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, COP29-un Təşkilat Komitəsinin üzvü Sevinc Fətəliyeva noyabr ayında keçiriləcək COP29 ilə bağlı tədbirin ölkəmizdə keçirilməsinə toxunaraq dedi ki, ölkəmizin bu möhtəbər tədbirə ev sahibliyi etməsi beynəlxalq arenada böyük nüfuza malik olmasına əsaslanan amildir.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent, Vazeh Əsgərov çıxış edərək bildirib ki, Azərbaycan neft ölkəsi kimi ənənəvi enerji mənbələrinə malik olsa da qeyri-ənənəvi, müasir və ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişaf etdirilməsi böyük vüsət almışdır.

Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin direktoru, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Südabə Abdullayeva da çıxış edərək deyib ki, ümumtəhsil müəssisələrində, ümumiyyətlə təhsil ocaqlarında ekoloji təlim və tərbiyə gələcəyə qoyulmuş ən böyük mənəvi kapitaldır.

Sonda qeyd olunub ki, görülən işlər Suraxanı rayon ərazisində Prezident cənab İlham Əliyevin müvafiq sərəncamının icrasını uğurla həyata keçirmək məqsədi daşımaqdadır.

Konfrans Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə öz işini yekunlaşdırıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə