"İqlim problemi hər bir ölkənin öz su ehtiyatlarını yaratmasını zəruri edir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Hazırda dünyanın ən mühüm problemlərindən biri su təhlükəsizliyi problemidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, çünki dəyişən iqlim şərtləri və qlobal iqlim problemi hər bir ölkənin öz su ehtiyatlarını yaratmasını zəruri edir: "Azərbaycan su ehtiyatları baxımından kasıb ölkədir. Çünki nəticə etibarilə su ehtiyaclarımızın yalnız 25%-i Azərbaycan ərazisində formalaşır. Digər su ehtiyatları isə transsərhəd çayları vasitəsilə Azərbaycana daxil olur. Ona görə də hazırkı mərhələdə qida və ərzaq təhlükəsizliyinin təmin olunması üçün Azərbaycanın yeni su və hibrid qovşaqlarına, su anbarlarına ehtiyacı var.

Bu mənada may ayının 19-da Araz çayı üzərində inşa edilmiş "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının istifadəyə verilməsi mühüm tarixi hadisədir. Həm də nəzərə almaq lazımdır ki, bu 30 il işğal altında qalmış Azərbaycan torpaqlarında inşa edilib və bu gün Azərbaycan xalqının xidmətinə verilib. Bu da ayrı tarixi hadisədir. Çünki işğal altında qalmış torpaqlarımız, su ehtiyatlarımız bizim üçün əlçatan deyildi. Ona görə də Azərbaycanın kənd təsərrüfatının böyüməsinə mane olurdu. Eyni zamanda Azərbaycan xalqının keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsini də məhdudlaşdırırdı. Hazırda bu problem ortadan qalxmış oldu. Biz bilirik ki, Qarabağ və Zəngəzur iqtisadi rayonlari kənd təsərrüfatımızın inkişaf etdirilməsi üçün çox zəruri ehtiyatlara sahibdir. İndi isə Azərbaycanın suvarılan torpaqları bu hidroqovşaqların istismara verilməsi ilə birlikdə birdən-birə böyüdü və bu, Azərbaycan xalqının ərzaq ehtiyatlarının qarşılanmasında mühüm rol oynayacaqdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə