Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisindən Rusiya sülhməramlılarının təntənəli şəkildə yola salınması əslində tarixi bir hadisədir və bu tarix də heç zaman unudulmayacaq. Ona görə unudulmayacaq ki, əvvəla, iki ölkə liderləri arasında əldə olunan razılaşmaların nəticəsi olan bu addım, yəni sülhməramlıların ərazilərimizi tərk etməsi Rusiya və Azərbaycan arasındakı münasibətlərdə yeni mərhələnin astanası olaraq qəbul olunur və digər tərəfdən də bu, ölkəmizin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi baxımından çox böyük diqqətə, eləcə də təqdirə layiqdir.
Uydurmalarının qarayaxma, böhtan olduğuna, özlərinin də xəyanətkarlıqlarının isbatına, bir aksiom kimi qətiyyən ehtiyac qalmadı
Bəli, bundan sonra sülhməramlılar Azərbaycan ərazisində olmayacaqlar və bu vaxta qədər sülhməramlıların nəzarətində olan ərazilərimizi də elə özümüz nəzarətdə saxlayacağıq və bu böyük bir tarixi hadisə olaraq qəbul edilməkdədir. Sözsüz ki, bu vaxta qədər sülhməramlıların ərazilərimizdə yerləşdirilməsinin vacibliyini də unutmaq lazım deyil. Əvvəla, ona görə ki, üçtərəfli razılaşma imzalanandan sonra Qərbin və qərbyönümlü qüvvələrin ərazilərimizə bəhanə taparaq soxulmaması üçün rus sülhməramlılarının yerləşdirilməsi öldüqca vacib idi, əks halda, indi nə amerikalıları, nə də ermənipərəst fransızları təpikləsəydik də ərazilərimizi qətiyyən tərk etmək fikrinə belə düşməyəcəkdilər. Tarixi faktlar sübut edir ki, amerikalılar da, fransızlar da soxulduqları əraziləri ən yaxşı halda, hansısa qırğınlardan və fəlakətlərdən sonra tərk etməli olurlar. Hər halda bunu cəmiyyətimizin sağlam düşüncəli insanları qətiyyən istəməzdilər və bu səbəbdən də üçtərəfli danışıqlardan sonra sülhməramlıların yerləşdirilməsi tamamilə anlayışla qəbul edildi. Amma təəssüflə qeyd etmək istərdik ki, cəmiyyətimizdə sağlam olmayan düşüncə sahibləri də var imiş və sülhməramlıların ərazilərimizdə yerləşməsinə ağız büzməyi artıq peşə olaraq qəbul etməkdə idilər. Onlar iddia edirdilər ki, rüs sülhməramlıları qətiyyən ərazilərimizi tərk etməyəcəklər və əbədi olaraq ərazilərimizə nəzarəti də biz yox, guya elə onlar edəcəklər. Təbii ki, bu, yanlışlıq idi və yanlışlıq olduğu da sonda öz təsdiqini tapdı və görünür onların iddialarının məntiqsiz fikirlər kimi cəmiyyətimizdə qəbul edilməməsi də buna görə idi. Lakin etiraf da etmək lazımdır ki, onlar artıq öz məntiqsiz fikirləri ilə cəmiyyəti “zəhərləmək” niyyəti ilə hər cür fərziyyələr də uydururdular və bununla ab-havanı da korlamaq üçün əllərindən gələni əsirgəmirdilər. Ümumiyyətlə, bəzilərinin dinc belə dayanmaq fikrində olmadığı artıq göz önündə idi.
Ölkəmizin, müxalifət məvhumu barədə anlayışı belə olmayan, müxalifətçiliyi yanlış anlayan və radikal müxalifət düşərkəsi kimi özünü göstərən qüvvələri sülhməramlıların ərazilərimizdə yerləşməsindən sonra daha nələrə əl atmırdılar? Müxalifətçiliklə xalqa, dövlətə düşmənçiliyi, xəyanətkarlığı qarışdıran, ayıra bilməyən, ümumiyyətlə, başa düşməyən qüvvələr ölkəmizə də, dövlətimizə də, xalqımıza da qara yaxmağı özlərinə, olmayan simasızlıqlarına rəva bilirdilər. Onlar hətta utanmadan iddia edirdilər ki, guya Azərbaycan dövləti öz ərazilərini Rusiyaya “pay” verib və həmin əraziləri ermənilərdən alıb guya ruslara bağışlayıb. Sözsüz ki, birindən alıb digərinə pay verməyin məntiqsiz iddialar olduğu elə həmin anda da bəlli idi və ancaq xəyanətkarlıq kimi qiymətləndirilə bilərdi. Bir sözlə, hədsiz dərəcədə absurd bir qarayaxma ilə öz dövlətinə, öz ölkəsinə, öz xalqına xəyanətkarlıq etməyi özlərinə rəva bilmələri heç bir ölçüyə sığan sayıla bilməzdi. Amma məsələ burasındadır ki, ölkəmizdə olan demokratik şəraitin mövcudluğundan həyasızlıqla sui istifadə etməklə, hər bir şərə, böhtana belə əl atdıqları günün reallığı sayılır. İndi onların ağızlarına su alıb durmaları səbəbsiz deyil və dediklərinin, daha doğrusu, uydurmalarının, fərziyələrinin qarayaxma, böhtan olduğu və özlərinin də xəyanətkarlıqlarının isbatına bir aksiom kimi qətiyyən ehtiyac da qalmadı. Bəli, sülhməramlıların ərazilərimizi tərk etmələri ilə onların ağızlarına elə bil bir damğa vuruldu və əgər zərrə qədər həya, abır sahibi olsalar, daha bundan sonra qətiyyən ağızlarını köndələn qoymazlar. Zərrə qədər də olsa, həya-ar sahibi olsalar səhv etdiklərini etiraf edər və reallıqlardan çıxış edər, ölkəmizin, dövlətimizin diplomatik qələbələrini sevinclə qarşılayarlar. Daha dəqiq desək, məhz rus sülhməramlılarının ərazilərimi tərk etməsi, heç olmasa bundan sonra həqiqətləri dərk etmələri, reallıqları görmələri, vicdanları olduğu halda, bunu etiraf edəcəkləri fonunda onların özləri üçün də tamamilə başqa bir səhifə, yeni bir səhifə açmış olar.
Sülhməramlıların ərazilərimizi tərk etməsi sadəcə simvolik proses deyil, regionun firavan və dinc gələcəyi üçün atılmış mühüm addımdır
Rusiya sülhməramlılarının yekunda, daha doğrusu, zamanı gəldiyində ölkəmizin ərazilərini tərk etməsi Azərbaycan və Rusiya olmaqla, iki dövlətin öz münasibətlərini bərabərlik və qarşılıqlı hörmət əsasında qurmağa hazır olduqlarının əyani sübutudur. Eyni zamanda, Azərbaycan ərazisində xarici hərbi qüvvələrin bundan sonra olmaması, dəfələrlə qeyd edildiyi kimi, ölkəmizin suverenliyini və müstəqilliyini isbatlayır. Bu, həm də ölkələr arasında qarşılıqlı faydalı tərəfdaşlıq üçün əlverişli şərait də yaradır. Belə bir addım, yəni, sülhməramlıların ərazilərimizi tərk etməsi iki dövlət arasında etimadı hədsiz dərəcədə gücləndirir. Həmçinin bu addım ümumi maraqlara, eləcə də suverenliyə olan hörmətə əsaslanan daha dərin və çoxşaxəli əlaqələrin inkişafına böyük töhfələr vəd edir.
Həqiqətən də, məhz hər iki ölkənin ali rəhbərliyinin qərarı ilə rus sülhməramlılarının ərazilərimizi tərk etməsi sadəcə simvolik bir proses sayıla bilməz. Etiraf etmək lazımdır ki, bu, regionun firavan və dinc gələcəyi üçün, eləcə də məhz daha yaxın əməkdaşlığa doğru atılmış mühüm addımdır. Konstruktiv dialoqa və əməkdaşlığa hazır olduğunu nümayiş etdirən Azərbaycanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdiyini də etiraf etmək gərəkir. Çünki Rusiya sülhməramlılarının ölkəmizin ərazilərini tərk etməsinin sabitlik və sülh arzusunu vurğulayaraq, regionun inkişafında mühüm mərhələ olduğunu da başa düşmək çətin deyil. Yəni, yeni bir səhifənin açıldığını görməmək qətiyyən mümkün də deyil. Məhz bu səhifənin açılışı ilə Azərbaycan, təhlükəsizliyi və sabitliyi müstəqil şəkildə təmin etmək qabiliyyətini dünyaya nümayiş etdirir və öz suverenliyini möhkəmləndirməkdə davam edir. Elə Rusiya ilə münasibətlərdə hərbi elementdən uzaq olan yeni səhifə də sülh və firavan gələcək üçün möhkəm zəmin yaradacaq əməkdaşlığa və qarşılıqlı anlaşmaya perspektivlər açır. Bu səhifənin və bu perspektivlərin açılışı ilə Azərbaycan, beynəlxalq arenada konstruktiv dialoqa və fəal qarşılıqlı fəaliyyətə hazır olduğunu da nümayiş etdirir. Xarici hərbi qüvvələrin mövcudluğundan imtina edilməsi isə ilk növbədə Azərbaycanın müstəqillik və suverenlik prinsiplərinə sadiqliyini təsdiq edir və bu qərar, bu seçim məhz qonşu ölkələr və bütövlükdə dünya birliyi ilə daha davamlı, eləcə də qarşılıqlı faydalı əlaqələrin formalaşmasına töhfələr vəd edir. Yeni səhifə, yeni şərait artıq rahat qarşılıqlı əlaqə, iqtisadi artım, mədəni mübadilə və siyasi dialoq üçün imkanlar yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB