Kolonializmin neo-banisi – FRANSA - RAKURS

Kolonializmin neo-banisi – FRANSA - RAKURS

Fransa müstəmləkəçilik siyasətini yeni formada, həm də daha dəhşətli üsullarla davam etdirir. Öz gücündən, nüfuzundan, əlinə düşən fürsətdən yararlanan rəsmi Paris kiçik xalqları əzməklə, onların hüquqlarını tapdalamaqla dünyada yeni düzən qurmağa can atır. Fransa başqa ölkələrdə baş qaldıran separatçı, terrorla müşaiyyət olunan fəaliyyətləri dəstəkləyir, onları “haqq uğrunda mübariz” adlandırır, öz ərazisində baş verən oxşar hadisələrdə isə başqa mövqedə dayanır. Beynəlxalq çağırışlara əhəmiyyət vermir, dünya birliyinin mövqeyinə tərs davranır.

Fransız Polineziyasında nə baş verir? Uzaq Okeaniya adalarındakı yerli xalqlar uzun illərdir ki, Fransanın müstəmləkəsindən qurtulmaq üçün qanlı mübarizə aparır. Bu gün də hadisələr öz axarı ilə gedir. Fransa hakimiyyəti isə əksinə, yerli xalqın haqqını tanımaq əvəzinə ada dövlətində baş verən hadisələrdə başqa ölkələri, o cümlədən Azərbaycanı günahkar bilir.

Fransanın Sakit okeanda avtonom ərazisi olan Yeni Kaledoniya adasında gərginlik artmaqdadır. Yeni Kaledoniya konstitusiyasında dəyişiklikləri regionda yaşayan fransızların xeyrinə nəzərdə tutulan qanun layihəsinə etiraz edilib. Hadisə nəticəsində 54 təhlükəsizlik işçisi yaralanıb, 82 nümayişçi saxlanılıb. Paytaxt Noumea şəhərində qanun layihəsi ada millətini təşvişə salıb. Fransa Parlamentində qanun müzakirə edilərkən başlayan nümayişlər zorakılığa çevrilib. Qeyd edək ki, hadisə zamanı 200 avtomobil və 50-dən çox müəssisə yandırılıb.

Təhlükəsizlik qüvvələri Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində iğtişaşlar zamanı 140 nəfəri həbs edib. Bu barədə "Reuters" Yeni Kaledoniya prezidentinin nümayəndəsinə istinadən məlumat yayıb. Məlumata görə, iğtişaşlar nəticəsində 3 nəfər ölüb. Fransanın ali komissarı Lui Le Frank daha əvvəl açılan atəş nəticəsində bir nəfərin öldüyünü, iki nəfərin isə yaralandığını bildirib. Ali komissar vurğulayıb ki, iğtişaşçılarla mülki müdafiə qüvvələri arasında atışma olub. Polis məntəqəsinə basqın cəhdi yaşanıb. Fransanın daxili işlər naziri Jerald Dermanen bildirib ki, yüzlərlə insan, o cümlədən 100-ə yaxın polis və jandarm yaralanıb. Onlarla ev və ticarət obyekti yanıb.

Qeyd edək ki, Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində baş verən etirazlara cavab olaraq Fransa hakimiyyəti komendant saatı tətbiq edib və kütləvi tədbirləri qadağan edib.

Azərbaycandan reaksiya

Bakı Təşəbbüs Qrupu Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada Kanakların həbs olunması və mülki şəxslərə qarşı zorakılığa dair bəyanat yayıb: “Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı Fransa hakimiyyəti tərəfindən həyata keçirilən son həbslər və komendant saatının tətbiqi ilə əlaqədar ciddi narahatlığını bildirir. Fransa təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıqlar bizdə dərin narahatçılıq doğurur.

İctimai toplantıların qadağan edilməsi və müstəqillik tərəfdarlarının həbsi bu məsələnin qalıcı həlli hesab edilə bilməz. Fransa Senatı və Milli Assambleyası Yeni Kaledoniyada qanunsuz konstitusiya dəyişikliklərini dayandırmalıdır. Təklif olunan dəyişikliklər məqsədyönlü şəkildə seçki elektoratını qeyri-kanaklar hesabına artırmaq məqsədi daşıyır. Bu da, öz növbəsində, haqlı olaraq insanların narazılığına, habelə etiraz və nümayişlərinə səbəb olub.

Təəssüf ki, Yeni Kaledoniyada təklif edilən konstitusiya dəyişiklikləri ilə əlaqədar paytaxt Noumea şəhərində və ətraf ərazilərdə keçirilən ümumi etirazlardan sonra Fransa təhlükəsizlik qüvvələri səfərbər edilib, komendant saatı tətbiq olunub. Toqquşmalar nəticəsində 82 mülki şəxs hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Kanak xalqının rəyi nəzərə alınmadan Konstitusiyaya təklif edilən son dəyişikliklər, dinc etiraz aksiyalarında iştirak edən mülki şəxslərə qarşı zorakılıq və həbslər bir çox qanunların, o cümlədən insan hüquqlarının, ifadə azadlığının, xüsusən də Fransanın beynəlxalq öhdəliklərinin kobud şəkildə pozulması ilə müşayiət olunub.
Bakı Təşəbbüs Qrupu olaraq paytaxt Noumea şəhərində və ətraf ərazilərdə baş vermiş və insan həyatı üçün təhlükə yaradan hadisələr bizi dərindən narahat edir. Hüquq-mühafizə orqanlarının fundamental insan hüquqlarına hörmət etməsi məcburidir. Fransa polisinin etirazçılara qarşı həddindən artıq güc tətbiq etməsi bütün vətəndaşların təhlükəsizliyini və ləyaqətini təhdid edir. Biz Kanaklı dostlarımız ilə həmrəyik və onların ədalətli mübarizəsini daima yanlarında durmuşuq. Fransa hökumətindən Kanak xalqının qərarını nəzərə alınmasını tələb edirik. Bakı Təşəbbüs Qrupu olaraq dinc dialoqun, insan hüquqlarına hörmət və əsas problemlərin ədalətli həllinin tərəfdarıyıq. Öz müqəddəratını təyinetmə hüququ hər bir xalq üçün əsasdır və biz öz xalqı üçün daha yaxşı və layiqli gələcək istəyənləri dəstəkləyirik”, deyə bəyanatda bildirilir.

Fransanın yalanı və aldığı cavab

Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edirik. Bu cavab isə Azərbaycanın Xarici İşlər Nazirliyindən gəlib. Bildirilib ki, Azərbaycanı Yeni Kaledoniyanın timsalında guya separatçılığa dəstək verməkdə günahlandıran Fransanın daxili işlər naziri unudur ki, məhz Fransa tərəfi uzun müddət ərzində Azərbaycanda aqressiv separatizmi dəstəkləyən addımlar atıb, qondarma separatçı rejimin nümayəndələrini Fransada mütəmadi əsasda yüksək səviyyədə qəbul edib. Fransanın hakim partiyasının təşəbbüsü ilə Fransa Parlamenti Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən, separatçı rejimi tanıyan qərar və qətnamələr qəbul etməklə yanaşı, keçmiş qondarma separatçı rejim ilə dostluq qrupunun fəaliyyətinə imkan yaradıb.

Fransanın daxili işlər naziri erməni əhalinin qətliamı kimi Azərbaycana qarşı heç bir əsası olmayan gülünc və ucuz qarayaxmaya cəhd göstərmək əvəzinə, ölkəsinin uzun illər boyu həyata keçirdiyi və hazırda da davam etdirdiyi müstəmləkəçilik siyasəti çərçivəsində yerli xalqlara qarşı törətdiyi insanlıq əleyhinə cinayətləri, vəhşicəsinə qətlə yetirdiyi milyonlarla günahsız insanı unutmamalıdır. Bütün qeyd olunanların fonunda Fransa hökumət rəsminin beynəlxalq dövlətlərarası münasibətlər baxımından heç bir etik çərçivəyə sığmadan Azərbaycanın konstitusional dövlət quruluşu haqqında qəsdən təhqir dolu ifadələrdən istifadə etməsi tamamilə qəbuledilməzdir. Bir daha Azərbaycanın daxili işlərinə qarışmamağı və ölkəmizə qarşı əsassız iddialar səsləndirməyə son qoymağı Fransadan tələb edirik. Ölkəmizin öz milli maraqlarının qorunması üçün bundan sonra da bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edirik.

Demokratiyadan dəm vuran Fransa neokolonializm siyasətini hər vəchlə davam etdirir. XXI əsrdə özünü insan hüquqlarına hörmət edən əsas ölkə adlandıran rəsmi Paris Mayot adası, Yeni Kaledoniya, digər dənizaşırı icma və ərazilərdə yaşayan xalqların hüquq və azadlıqlarını kobud şəkildə pozmaqdadır. Lakin bu siyasət də fiasko ilə üzləşməkdədir. Keçmiş müstəmləkəsi Nigerdən biabırcasına qovulduqdan sonra Fransa nəzarət etdiyi Yeni Kaledoniyada müstəqillik hərəkatına zərbə vurmaq istiqamətində aktiv fəaliyyətə keçib. Hər vəchlə də müstəqillik uğrunda vuruşanlara əks-cəbhə yaratmağa çalışır. Yerli mediada yer alan xəbərlərə görə, Yeni Kaledoniya ilə bağlı 2 qanun layihəsi hökumətə təqdim olunub, birinci layihədə konstitusiyada dəyişiklik tələb edən Kaledoniyada yerli seçkilərdə səs verənlərin sayının artırılması, digərində isə yerli seçkilərin tarixinin dəyişilməsi nəzərdə tutulub. Hər iki layihə yaxın vaxtda Fransa parlamentinə təqdim olunacaq.

Yeni Kaledoniyada nə baş verir?

Hazırda Yeni Kaledoniyada yerli seçkilərdə yalnız 1988-ci ilə qədər orada məskunlaşan insanlar səs verə bilərlər. Yeni layihəyə əsasən isə hökumət burada anadan olan və ya ən azı 10 il müddətində burada yaşayan şəxslərə səs vermək hüququnu vermək istəyir. Dəyişiklik baş verəcəyi təqdirdə 40 000 nəfərə qədər əlavə insan səs vermək hüququnu əldə edəcək. Həmin şəxslərin mütləq çoxluğu Fransadan sonradan köçürülən (və ya onların övladları) və müstəqilliyin əleyhdarlarıdır. Göründüyü kimi, Fransa Yeni Kaledoniyada son dövrlər fəallaşan müstəqillik hərəkatına zərbə vurmaq və gəlmələr hesabına müstəqillik uğrunda mübarizə aparan qüvvələrə əks cəbhə yaratmağa çalışır.

Bir neçə gün əvvəl prezident Makron da Yeni Kaledoniya mövzusuna toxunub. O, bəyanatında “qırıcı təyyarələrimizi 48 saat ərzində Yeni Kaledoniyada yerləşdirə bilərik” təhdidini səsləndirib. Şübhəsiz ki, Fransa əleyhinə artan etirazların səbəbləri sırasında bu ölkəyə qarşı keçirilən tədbirlər, təşəbbüslər də yer alır. Konkret olaraq, rəsmi Bakının Qoşulmama Hərəkatının sədri kimi müstəmləkəçiliyə qarşı apardığı mübarizə də Yelisey sarayının maraqlarına toxunur. Hazırda Azərbaycanın təşəbbüs və təklifi ilə beynəlxalq aləmdə Fransa müstəmləkəçiliyinə qarşı ciddi mübarizə aparılır. Bu prosesə Bakının liderlik etdiyi heç kimə sirr deyil. Azərbaycan müstəmləkələrin – Fransanın dənizaşırı adlandırdığı ərazilərin nümayəndələrinin iştirakı ilə böyük konfranslar təşkil edir. Bəyan edilir ki, Qoşulmama Hərəkatında sədrliyi başa çatsa da, Bakı Təşəbbüs Qrupu yaşayacaq. Fransız neokolonializminin ifşa olunmasını və müstəmləkələrin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcək.

2024-cü il yanvarın 11-də Yeni Kaledoniya parlamentinin (Konqres) qarşısında keçirilən etiraz aksiyası da qeyd olunanların nəticəsidir. Aksiyada Fransanın Yeni Kaledoniyanın daxilində gərginlik yaratmaq siyasəti və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlar səslənib. Hətta aksiyada Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırılıb. Fransa hökumətinin yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiya dəyişiklikləri etməsini yolverilməz sayan aksiya iştirakçıları bildiriblər ki, kanaklar əhalinin maraqlarına zidd “konstitusiya islahatlarına” yox deyirlər. Bu arada, Yeni Kaledoniya nümayəndələri dəfələrlə bəyan ediblər ki, Fransanın atdığı addımlar onları neokolonializm istiqamətinə aparır. Açıq şəkildə bildirirlər ki, Fransa qardaşlıq bərabərliyi təşviq etdiyini deyir, özünü demokratik ölkə kimi tanıdır, bütün bunlar yalandır. Onlar Fransanı bürüyən sosial problemlər, irqçi cinayətlərin onun xarakterini göstərdiyini vurğulayıblar.

Yeni Kaledoniya xalqı mövqeyində qətidir. Nəyin bahasına olursa-olsun Fransa hökmranlığından qurtulmaq, sosial və siyasi müstəqillik əldə etmək hədəf götürülüb. Özlərinin də ifadə etdiyi kimi, məqsədləri gənc və yaşlı nəsillərin sosial məsələlər haqqında açıq danışa bildiyi xüsusi şəbəkə yaratmaqdır. Bununla Yeni Kaledoniyada təhlükəsiz gələcəyə nail olunmasına çalışırlar.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə