Şuşadan verilən SƏRT MESAJLAR – TƏHLİL

Şuşadan verilən SƏRT MESAJLAR – TƏHLİL

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev dəfərlər bəyan edib və eləcə də sübut edib ki, Cənubi Qafqazda heç bir reagional məsələnin həlli rəsmi Bakının iradəsindən kənarda mümkün deyil. Dəfələrlə bildirilib ki, bölgədə maraqları olan qüvvələr belə Azərbaycanın yaratdığı reallıqları qəbul etməli, Azərbaycanla anlaşma yolu axtarmalıdırlar ki, strateji hədəfləri fiaskoya uğramasın. Eləcə də bəyan edilib ki, sülh müqaviləsinin bağlanması kənar vasitəçilər olmadan və iki ölkənin birbaşa təmasları ilə reallaşması ən doğru yoldur, çünki kənar vasitəçilər Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək vermək əvəzinə öz geosiyasi maraqlarından çıxış etməyə çalışırlar.

Rəsmi Bakı danışıqların iki ölkə arasında, vasitəçisiz olaraq aparılmasında israrlı idi və istədiyinə də nail olmaqdadır

Sevindirici haldır ki, sülh prosesi ilə bağlı, həmin prosesin uğurlu nəticələrlə başa çatması ilə əlaqədar getdikcə daha münbit şərait formalaşır. Çox yaxşıdır ki, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesi getdikcə daha da intensiv xarakter alır. Ən çox diqqəti cəlb edən və daha önəmli məsələ odur ki, haqqında qeyd olunan həmin proses məhz iki ölkənin birbaşa təmasları şəraitində davam edir və bu təmaslar zamanı regiondan kənar vasitəçilərin qətiyyən iştirakı yoxdur. Hətta olduqca əhəmiyyətli nəticələrin də artıq mövcud olması diqqət çəkən məqamdır. Məsələn, Azərbaycanın işğal altında qalan səkkiz kəndindən anklav olmayan dörd kəndinin Ermənistan tərəfindən geri qaytarılması barədə rəsmi İrəvanın qərarı xüsusi diqqətə layiq əhəmiyyətli irəliləyiş hesab olunur. Məhz iki ölkənin sərhəd bölgəsində onlarla sərhəd dirəyinin basdırılması heç də sıradan bir hadisə deyil. Bu o deməkdir, əvvəla, geri qaytarılan dörd kəndin yerləşdiyi bölgədə artıq sərhədlər dəqiqləşdirilib, digər tərəfdən də bunun əhəmiyyəti ondan ibarətdir ki, sülh danışıqları istiqamətində artıq ilk addımlar atılıb, hansıki bu, keçmiş SSRİ-nin dağılması ilə başlayan müstəqillik dövründə ilk dəfədir ki, müşahidə edilir. Amma etiraf edilməlidir ki, bütün bunlar heç də təsadüfi, yaxud da səbəbsiz olaraq baş vermir, bütün proseslərin arxasında Azərbaycanın geosiyasi iradəsi, rəsmi Bakının geosiyasi uğurları dayanır. Çünki rəsmi Bakı danışıqların məhz iki ölkə arasında və vasitəmisiz olaraq aparılmasında israrlı idi və buna da, yəni istədiyinə də nail ola bildi. Elə məhz ölkə rəhbərimizin, Ali Baş Komandanımızın, cənab Prezident İlham Əliyevin bununla bağlı Şuşada söylədikləri, bəyan etdikləri ölkəmizin öz istəklərinə, öz məqsədlərinə nail olduğu barədə, eləcə də Azərbaycanın geosiyasi iradəsi barədə bir xatırlatma sayılır və sözsüz ki, bu, Azərbaycanın öz məqsədlərinə çatmasını bildirən ciddi və sərt müsaj olaraq da qəbul edilir.

Azərbaycan öz geosiyasi iradəsini həm Ermənistana, həm də onun beynəlxalq himayədarlarına qəbul etdirməyə nail olub

Artıq dünyanın ən nəhəng ölkələrinə, regionda geosiyasi marağı olan süperdövlətlərə belə sübut edilir ki, iki ölkə arasındakı məsələləri regiondan kənar vasitəçilərin olmadığı şəraitdə daha sürətlə nizamlamaq mümkündür. Bu məqam özü böyük bir uğur, böyük bir diplomatik qələbədir. Çünki dünyanın hamıya məlum olan bir çox nəhəng dövlətlərinin də məhz regiona soxulmaları üçün, öz geosiyasi məqsədlərini reallaşdırlmaları üçün vasitəçilik etməkdə israrlı olmaları da bəllidir, rəsmi Bakının bunun əleyhinə olması da. Bütün bunların fonunda da məsələnin məhz Azərbaycanın istədiyi şəkildə davam etməsi elə bizim növbəti diplomatik qələbəmiz, ölkəmizin uğuru, siyasi müstəvidə zəfəri olaraq qiymətləndirilir. Hətta Ermənistanın özünün belə hər zaman beynəlxalq himayədarlarının prosesə vasitəçilik etməsinə çalışması, bunun üçün bütün səylərini səfərbər etməsi fonunda iki ölkə arasında danışıqlar barədə rəsmi Bakının irəli sürdükləri reallaşırsa, bu bizim növbəti qələbəmiz kimi qiymətləndirilməyə bilməz. Çünki bu məsələdə Azərbaycan öz geopolitik iradəsini həm Ermənistana, həm də onun beynəlxalq himayədarlarına qəbul etdirməyə nail oldu ki, bunun sayəsində də, artıq göz qabağında olan, inkaredilməz reallıq sayılan müsbət nəticə də artıq qəbul edilməkdədir, hansıki bu da bir mesaj olaraq çatdırılır.

Vasitəçisiz danışıqlara nail olunması və sülh prosesində müşahidə olunan irəliləyiş cənab Prezidentin tamamilə haqlı olduğunu isbat etdi

Diqqətə çatdıraq ki, sülh prosesində regiondan kənar vasitəçilərə qətiyyən ehtiyac olmadığını məhz Azərbaycan Prezidenti cənab İlham Əliyev prinsipial şəkildə lap öncədən bəyan etmişdi və bu, dövlət rəhbərimiz tərəfindən əsaslandırılmışdı da. Kənar vasitəçilərin Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək vermək əvəzinə, daha çox öz geosiyasi maraqlarını reallaşdırmağa çalışmaları da məhz açıq şəkildə dövlətimizin başçısı tərəfindən göstərilirdi. Hətta bildirilirdi ki, məhz kənar vasitəçilərin davranışları ucbatından sülh prosesində durğunluq yaranır və hərbi-siyasi gərginlik artaraq, yeni savaş təhlükəsi ön plana keçə bilir. İndi məhz iki ölkə arasında, heç bir ölkənin vasitəçiliyi olmadan danışıqlara nail olunması və bununla da sülh prosesində müşahidə olunan müsbət irəliləyiş cənab Prezident İlham Əliyevin tamamilə haqlı olduğunu birmənalı şəkildə isbat etdi. Həm də axı indi iki ölkə sərhəddində basdırılan hər bir sərhəd dirəyinin məhz danışıqlarda öz geosiyasi maraqları naminə vasitəçilik etmək istəyən kənar qüvvələr üçün də bir sədd olduğu sübut edildi. Təbii ki, həmin sədlərin, yəni sərhəd dirəklərinin hər birinin məhz kənar qüvvələrin, regionda öz maraqları naminə vasitəçilik etmək istəyənlərin geosiyasi maraqlarına ağır zərbə olması fonunda Azərbaycan və Ermənistan arasında razılaşdırılan delimitasiya prosesindən məmnun qalmaması, ələlxüsus da proseslərin rəsmi Bakının iradəsinə uyğun getməsindən narahat olmaları anlaşılandır. Anlaşılan odur ki, Azərbaycanın şərtlərinin qəbul edilməsi, təkliflərinin və mövqeyinin doğru olması artıq inkaredilməz reallıq kimi vasitəçilik etmək istəyənlərə bir zərbə kimi qəbul olunmaqdadır.

Ölkə rəhbərimiz daha kəskin, daha sərt mesajlarını revanşistlərlə yanaşı, həm də ermənilərə havadarlıq edənlərə ünvanlayıb

Cənubi Qafqazda öz maraqlarını bir daha ortaya atmaq üçün bəzi ölkələr, məsələn, Fransa kimi bir Avropa ölkəsinin məhz “erməni faktoru” məsələsini bir daha gündəmə gətirmək istəməsi əlbəttə ki, başadüşüləndir. Qərb dairələrinin özünün də məhz Azərbaycan və Ermənistan arasında yeni gərginlik yaratmaq üçün müxtəlif provokativ manevrlər etməsi də anlaşılan və hətta bundan sonra belə gözləniləndir. Bəlkə də bir çox ölkələr regionda öz geosiyasi maraqlarını bundan sonra da olsa ortaya qoyacaqlarına ümid edirlər. Çox güman ki, bunun üçün əlverişli şəraitin yaranacağını da həm gözləyirlər, həm də həmin şəraiti yaratmağa çalışırlar. Bu baxımdan rəsmi Bakının belə şərait yaratmağa çalışanlara, həmin şəraiti ümidlə gözləyənlərə, provokasiya yaratmaq niyyətli davranışlara sərt reaksiyası səbəbsiz və əbəs yerə deyil. Əksinə, tamamilə anlaşılandır və Ermənistanın silahlandırılmasının yolverilməz və olduqca təhlükəli nəticələr doğura biləcəyi barədə rəsmi Bakının Fransaya xəbərdarlıq etməsi də tamamilə yerinə düşür. Ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin məhz Azərbaycanın siyasətinin beynəlxalq hüquq və ədalət üzərində qurulduğunu növbəti dəfə xatırladaraq, Cənubi Qafqazda gərginlik yaratmaq istəyən dünya güclərinə mesaj göndərməsi heç də diqqətdən yayına bilməzdi və heç yayınmadı da. Ermənistanda revanşistlərin yenidən baş qaldıracağı halda, Fransa Ermənistana dağıdıcı silahlar verməkdə davam edəcəyi təqdirdə, rəsmi Bakının reaksiyasının buna adekvat olacağı barədə dövlət başçımızın vurğulaması ən sərt mesaj hesab olunur. Özü də bu mesaj təkcə Ermənistan tərəfi üçün deyil, işğalçı ölkəni qızışdıran, ruhlandıran, işğalçılara dəstək verməyə çalışanlar üçün də çox ciddi mesaj sayılır.

Ölkə rəhbərimizin çıxışından çoxları öz nəticələrini çıxarmış oldular və bir daha əmin oldular ki, rəsmi Bakının bu məsələdə öz "qırmızı xətləri" var. "Hər kəs bizim iradəmizin necə sərt olduğunu bilir. Eyni zamanda, Azərbaycan ordusunun da nəyə qadir olduğu artıq hər kəsə məlumdur", deyə növbəti dəfə xatırladan, xəbərdarlıq edən cənab Prezident İlham Əliyev həm də diqqətə çatdırıb ki, Fransanın Ermənistanı silahlandırması təhlükəli həddə çatarsa, bunun arxasında dayanan beynəlxalq güclərin, o cümlədən də, Fransanın məhz Azərbaycanın verəcəyi sərt reaksiyadan narazı qalmaq hüququ qətiyyən olmayacaq. Bir sözlə, ölkə rəhbərimiz bu dəfə daha kəskin, daha sərt mesajlarını birbaşa olaraq, revanşistlərlə yanaşı, həm də ermənilərə havadarlıq edənlərə ünvanlayıb. Onlar üçün dövlət rəhbərimzin dedikləri həqiqətən də olduqca sərt mesajlardır, çünki işğalçını dəstəkləmələrinin sonda nə ilə nəticələnəcəyi barədə öncədən xatırladılır. Xatırladılır ki, Azərbaycan dövləti öz sərhədləri ətrafında, eləcə də ümumilikdə regionda baş verənlərə müşahidəçi qalmaq niyyətində deyil və əgər Azərbaycanın milli təhlükəsizlik maraqlarına hər hansı təhdid yaranarsa, rəsmi Bakı ən sərt addımların atılmasında qətiyyən tərəddüd etməyəcək. Elə bu xatırlatma, bu xəbərdarlıq özü məhz Ermənistana himayədarlıq etməklə vəziyyəti gərginləşdirən, Cənubi Qafqazda öz geopolitik maraqlarını reallaşdırmaq naminə qarışıqlıq yaratmağa cəhd göstərən dünya gücləri üçün olduqca vacib, ciddi və sərt mesajdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə