"Bolqarıstan Azərbaycanın strateji tərəfdaşı və dostudur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bolqarıstan Azərbaycanın strateji tərəfdaşı və dostudur". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

O bildirib ki, ölkələrimizarası əlaqələr 2015-ci ildən dərinləşməyə başlamışdır: "Dövlət başçılarımız ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərir. Azərbaycanla Bolqarıstan arasında imzalanmış 60-dan çox sənəd ölkələrimizi daha sıx əməkdaşlığa sövq edir. Azərbaycan Bolqarıstanın enerji təhlükəsizliyində həlledici rol oynayır. Belə ki, Bolqarıstan istehlak etdiyi təbii qazın 50%-ni Azərbaycandan idxal edir. O cümlədən Bolqarıstan Azərbaycan qazının Avropa bazarlarına çıxışının genişləndirilməsində mühüm rol oynayır. Ölkələrimizin birgə razılığı ilə Qara dənizin dibi vasitəsilə "Yaşıl Kabel" çəkilir. Bu layihə Azərbaycanda istehsal olunan yaşıl enerjini Bolqarıstana və ümumən Avropa bazarlarına çıxardılmasına imkan verəcək. Həm də ölkəmizin Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olması Avropa ilə Asiya arasında tranzit yükdaşımaların həyata keçirilməsində yeni fürsətlər yaratmışdır. Azərbaycan Bakı -Tiblisi -Qars dəmir yolunun Gürcüstandan keçən hissəsinin yükburaxma qabiliyyətini 1 milyon tondan 5 milyona artırmaqla tranzit imkanlarımızı genişləndirmişdir. Bolqarıstan üçün bu dəhliz iqtisadi əməkdaşlığın genişləndirilməsində yeni imkanlar açır.

Son iki ildə dövlət başçılarımızın qarşılıqlı səfərlərinin intensivləşməsi ölkələrimizarası münasibətləri daha da möhkəmləndirir. Bu baxımdan Bolqarıstan prezidenti Rumen Radevin Bakıya səfəri və bu səfər çərçivəsində imzalanmış yeni sazişlər ölkələrimizarası münasibətləri yeni mərhələyə yüksəldəcək. Beləliklə qeyd edə bilərik ki, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yükdaşımalar, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar və perspektivlər mövcuddur. Münasibətlərimizin möhkəmlənməsi bütün mövcud potensialın reallaşdırılmasına və qarşılıqlı hörmət və faydaya əsaslanmış ölkələrimizarası əlaqələrin inkişafına töhfə verəcək".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə