Haqlı da bizik, güclü də!- Torpaqların əsl sahiblərinin «BÖYÜK QAYIDIŞ»I - TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"
"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.
Bu ilin sonuna qədər 20 min məcburi köçkünün doğma yurduna qayıdacağını bildirən dövlətimizin başçısı qeyd edib ki, qayıdan hər insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə, şəhidlərimizə Allahdan rəhmət diləyərək qayıdır. Bu, ümumxalq məsələsidir. "Torpaqlarımızın azad edilməsi necə ümumxalq məsələsi idisə, torpaqların bərpa olunması da ümumxalq məsələsidir", - deyə Prezident bildirib.
SÖZ ƏMƏLİN GÖLGƏSİDİR - QÜRURLA VERİLƏN VƏD QƏTİYYƏTLƏ GERCƏKLƏŞDİRİLİR
Bəli, bu gün dövlət başçımızın qürurla dediyi sözləri qətiyyətlə gerçəkləşir. Çünki Prezident İlham Əliyev verdiyi sözün arxasında dayanır. Çinin CGTN televiziya kanalına müsahibəsindən bildirib: "Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam".
Dövlət başçımızın söylədiyi kimi, müharibədən 3 il yarım keçməsinə baxmayaraq hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir.
Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları da prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur.
Prezident İlham Əliyev qələbə zəfərindən sonra bütün çıxışlarında bildirir ki, bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və buna da nail olacağıq.
"Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq!",-deyən Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır: "Məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir. Digər tərəfdən, özəl sektor artıq sosial məsuliyyət göstərərək belə gözəl imkanlar yaradır".
Dövlət başçımız çıxışlarında, beynəlxalq görüşləridə dəfələrlə vurğulayır ki…
BÖYÜK QAYIDIŞ ÜÇÜN QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA MÜKƏMMƏL HƏYAT ŞƏRAİTİ YARADIR
Bəli, bir qərinəyə yaxın dövrdə düşmən tapdağı altında əsir həyatı yaşayan Qarabağ və Şərqi Zəngəzurun qaranlığa qərq edilmiş hər guşəsi indi nura boyanır. Yenidən qurulub abadlaşan, dünyanın ən ecazkar məkanlarından birinə çevrilən bu yurd yerlərimizdə reallaşan möhtəşəm layihələr düşmənin bağrını yarır və Şuşanın, Kəlbəcərin, Ağdamın, Xocavəndin, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Suqovuşanın timsalında zəfərimiz parlayır. Çünki bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır, Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, qürurla öz doğma torpaqlarımızı qururuq, yaradırıq.
Deyilənləri təsdiqləyən amil 2023-cü ilin iyun ayında dövlət büdcəsinə edilmiş dəyişikliklərdən sonra xərclər 3 milyard manat artırılaraq 36 milyard manata çatdırılmasıdır ki, bu da müstəqil Azərbaycanın tarixində rekord göstəricidir. Xərclərə əlavə edilən 3 milyard manatın təqribən 1,8 milyardlıq hissəsinin Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə ayırlması isə belə bir həqiqətin növbəti təsdiqi oldu ki, işğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın milli prioritetidir.
Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bu barədə konkret şəkildə bildirmişdir: "Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə. Yəni, ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir".
BÜTÜN BU QURUCULUQ İŞLƏRİNİN TƏMƏLİNDƏ AZƏRBAYCAN XALQININ MARAQLARI DAYANIR
Sözsüz ki, bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır. Azərbaycan Prezidenti çıxışlarında, müraciətlərində də daima bildirir ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciətində demişdi ki, ona etimad göstərilərsə, Heydər Əliyev siyasətinə sadiq qalacaq. Və Azərbaycan xalqı İlham Əliyeva səs verərək Ulu Öndərə olan məhəbbətlərini və inamlarını göstərdi. Artıq Prezident İlham Əliyev cənablarının ilk prezident seçilməsindən ötən 20 il ərzində Azərbaycan sürətli inkişaf və tərəqqi yolunda uğurlu inkişaf yolunda davam etməkdədir. Hər bir vədin konkret əməli işi ilə təsdiqləyən Azərbaycan Prezidenti İlham Əliyevin Qələbəmizin Zəfərindən ötən üç il ərzində işğaldan azad edilmiş ərazilərimizə səfərləri çərçivəsində təməlqoyma mərasimində iştirak etdiyi yeni sosial obyektlərin say tərkibinə, icrasına başlanan infrastruktur layihələrinə, imzalanan Fərman və sərəncamlara, təsdiqlənən Dövlət proqramlarına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir!
Bəli, qələbəmizdən 3 il yarım keçməsinə baxmayaraq, dövlət başçımızın dediyi kimi: "Bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək".
"KEÇMİŞ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞLƏRDƏ DEMİŞDİM Kİ, SİZ ÖZ TORPAQLARINIZA QAYIDACAQSINIZ, BELƏ DƏ OLDU"
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qaytarıldığını vurğulayaraq bildirmişdir: "Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu. Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır".
Çünki bu gün haqlı da bizik, güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da: "Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır".
Çünki…
BU TORPAQLARIN SAHİBLƏRİ BİZİK - AZƏRBAYCAN XALQIDIR
Bəli, bu torpaqların sahibi Azərbaycan xalqı olduğu üçün də haqqı, ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək öz torpaqlarımıza sahib olduq.
Tarixi Zəfərimizin reallıqları yeni Dövlət proqramlarının qəbulunu bir zərurətə çevirdi. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də nəzərdə tutulan perspektivlər reallaşdırılır. Milli Prioritetlərin hədəfi ölkəmizdə siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsini sürətləndirmək, dayanıqlı makroiqtisadi sabitliyə, Böyük Qayıdışın mərhələli həllinə nail olmaq, əhalinin həyat tərzini daha da yaxışlaşdırmaqdır. Nəticə ehtibarilə işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa edilməlidir. Bu sahədə diqqət göstərilən ən mühüm amil insanların sağlam həyat tərzinin formalaşdırılması üçün ekoloji baxımdan əlverişli "yaşıl texnologiyalar"ın tətbiqinə diqqətin artırılmasıdır. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək. Qeyd edilən Milli Prioritetlər Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Bir mühüm məqamı da qeyd etmək istərdik ki, tarixi Zəfərimizdən sonra Ölkə Prezidenti İlham Əliyev 2021-ci il üçün planları və tapşırıqları açıqlayarkən bildirmişdi ki, planlarımız böyükdür. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur: "Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin."
Artıq bütün dünya görür ki, erməni vəhşilərinin dağıtdıqları ərazilərdə bərpa-quruculuq işləri sürətlənir, Qarabağ, Şərqi Zəngəzur dirçəlir, insanlar doğma ocaqlarına qayıdırlar. Azərbaycanın dünyaya təqdim etdiyi "ağıllı şəhər" və "ağıllı kənd" layihələri çərçivəsində yenidən bərpa edilən və qurulan torpaqlarımızda sakinlərin rahat yaşayışı üçün zəruri olan bütün imkanlar yaradılıb. 30 illik torpaq həsrətinə son qoyularaq bu yerlərdə çal-çağırın yaşanması qürurvericidir.
Bir sözlə, bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək olar ki, 30 illik işğala 44 gündə son qoyan və bu gün Zəfər yürüşünü inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək və insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB