Azərbaycan-Qırğızıstan əlaqələri Türk dünyasının inteqrasiyasına böyük töhfə verəcək – ŞƏRH EDİLDİ

Azərbaycan-Qırğızıstan əlaqələri Türk dünyasının inteqrasiyasına böyük töhfə verəcək – ŞƏRH EDİLDİ

“Bütün türk dünyası ilə əməkdaşlığın daim inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun 2024-cü ilin 24-25 aprel tarixlərində Azərbaycana reallaşan dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə və yeni inkişaf müstəvisinə qədəm qoyduğundan xəbər verir. Bu səfərlə mədəniyyət, tarix və ortaq dəyərlər baxımdan iki yaxın ölkənin əməkdaşlığının genişləndirilməsində doğrudan da yeni səhifə açılıb. Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə və ənənəlrə malikdirlər. Bundan başqa bu xalqlar dil və din eyniliyi də birləşdirir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan–Qırğızıstan münasibətləri daha yeni inkişaf mərhələsinə qədəm qoyub: “Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanda rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda qeyd etdi ki, Azərbaycanla Qırğızıstan arasında münasibətlər həm də tarixi yaxınlıqla bağlıdır. Qırğızıstanla Azərbaycan arasında münasibətlərin aktivləşməsi bütün istiqamətlərdə uzunmüddətli və səmərəli xarakter daşıyacağından xəbər verir. Əslində həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsində öz fəallıqları ilə seçilirlər. Azərbaycan və Qırğızıstan münasibətlərində qarşılıqlı maraq doğuran sahələrdən biri energetika və nəqliyyat sahələridir. Bu sahədə böyük potensial və Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlı olması da yeni əməkdaşlıq üfüqləri formalaşdırır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Azərbaycan və Qırğızıstanın əməkdaşlığının iqtisadi sahədə zənginləşməsinin birgə potensialımızın daha da artırılmasına fayda verəcəyini proqnozlaşdırmaq realdır. Bu möhkəm təməllər üzərində qurulmuş perspektivli münasibətlər türk dünyasının bir-birinə inteqrasiyasına böyük töhfə verəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə