COP 29-a ev sahibliyi əhəmiyyətli və məsuliyyətlidir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Ölkəmizin 2024-cü ildə dünyanın ən böyük beynəlxalq tədbirlərindən sayılan COP 29-a ev sahibi seçilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksək nüfuzunun, bir dövlət rəhbəri kimi ona bəslənilən etimadın nəticəsidir. Çünki Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində böyük təcrübəyə və təşkilatçılıq bacarığına malikdir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, bu etimad həm də son zamanlar dövlətimizə qarşı yönələn çirkin məqsədlər və məkrli kompaniyalar aparan siyasi dairələrə layiqli cavabdır, Azərbaycanın demokratik dəyərlərə sadiq olduğunun, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinin göstəricisidir.

“Qlobal əhəmiyyətli, olduqca vacib bir tədbirin keçirilməsinin Azərbaycana həvalə edilməsi və dünyanın diqqətinin Bakıya yönəlməsi qürur doğurmaqla bərabər, həm də yüksək məsuliyyət hissi tələb edir. ADA Universitetində təşkil olunan “COP 29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı cənab İlham Əliyev bu beynəlxalq tədbirə ev sahibliyi etməyin əhəmiyyətini qeyd edərkən bildirmişdir ki, “Bu Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür”.

COP 29 Azərbaycanı dünyaya bir daha təqdim etmək, tanıtmaq baxımından olduqca əhəmiyyətlidir. Bu mötəbər tədbirə sədrlik etmək dünyanın diqqətində olan və bəşəriyyəti düşündürən təxirəsalınmaz məsələlərin gündəmə gətirilməsinə imkan verəcək və özünün müsbət nəticələrini göstərəcəkdir. Bu tədbirdə dünyada gedən proseslərə, həm də iqlim, yaşıl proqramlarla bağlı məsələlərə Azərbaycanın öz mövqeyindən yanaşılacağı sözsüz ki, önəmli olacaqdır. Prezidentimiz də bu baxımdan bildirmişdir ki, “İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP 29 uğurla keçsin”.

Azərbaycan Prezidentinin forumdakı çıxışında dünyada baş verən hadisələrə, xüsusilə Azərbaycan - Ermənistan münasibətlərinə, bəzi dövlətlərin, ermənilərə havadarlıq edən siyasi dairələrin məkrli əməllərinə geniş yer verilməsi təbii olmaqla bərabər, dövlətimizin başçısının hadisələrə real baxımdan qiymət verməsi, münasibətlətin sağlamlaşdırılmasına, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə, bəşəri dəyərlərə sadiqlikdən, ciddi problemlərə beynəlxalq aləmin laqeydliyindən doğan narahatçılıqdan irəli gəlir. Dövlət rəhbərimizin dünyaya verdiyi hər bir mesaj, söylədiyi hər fikir xalqımızın milli maraqlarına hesablanıb və vətandaşlarımızın istəklərini ifadə edir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə