“İndiki şəraitdə Cənubi Qafqazdakı sabitlik Qərb dövlətlərinə sərf etmir” - ŞƏRH EDİLDİ

“Ermənistanın sərhədlərdə gərginlik yaratması məqsədsiz taktika deyil. Bunun yaxın və uzaq məqsədləri var. Ermənistan və onun dostları Qərbdəki mərkəzlər tərəfindən idarə olunan bir prosesdir. Necə ki Ermənistan 30 illik işğal dövründə Azərbaycanın torpaqlarını xoşluqla qaytarmamaqla bölgədə daimi gərginliyin qalmasında maraqlı idi, bu gün də müharibədən sonra sülh sazişinin imzalanmasına imkan verməməklə gərginlik ocağının hələ uzun müddət mövcud olmasında maraqlıdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Ermənistan sərhədlərdə törətdiyi təxribatla ilk növbədə ölkə daxilindəki revanşist qüvvələrin ruhdan düşməməsinə və meydanlarda mübarizədən çəkilməməsinə çalışır: “İkinci növbədə bölgədə gərginliyin saxlanılmasında maraqlı olmaqla Rusiyaya və Azərbaycana qarşı yeni bir münaqişə ocağının qalmasına çalışır. Ermənistan bununla bölgədə Qərb qüvvələrinin söz sahibi olmasına imkan yaradır. Cənubi Qafqazda hazırkı reallıqlar Azərbaycanın gücü ilə yaradılıb və Ermənistan bunları Qərbin dəstəyi ilə dəyişməyə çalışır. Təsadüfi deyil ki, Ermənistanın sərhədlərdə törətdiyi təxribatlarda müəyyən Qərb qüvvələrinin aktiv rolu var. Son altı ayda nisbi sabitliyin olmağına baxmayaraq Ermənistan iki böyük təxribatını məhz Fransanın təkidi ilə törədib. Bu isə o deməkdir ki, Ermənistanın həm silahlanmasında, həm də bölgədə destabilizasiya və eskalasiya mərkəzinə çevirməkdə Qərbin, xüsusilə Fransanın planları ilə oturub-durur”.

A.Quliyev bildirib ki, Ermənistan bununla da Qərbi özünə, özünü də Qərbə müttəfiq kimi göstərir: “Beləliklə Cənubi Qafqazda, xüsusilə Azərbaycanla sərhəddə Ermənistanın törətdiyi təxribatlar yaxın və uzaq hədəflərə hesablanıb. Bunlar Ermənistan və Qərb qüvvələrinin birgə hazırladıqları təxribatlardır. Məqsəd isə Cənubi Qafqazda sabitliyin yaranmasına imkan verməməkdir. Azərbaycanın yaxın qonşularında, İsrail və Fələstin, Rusiya və Ukrayna arasında gərgin müharibə gedir. Belə bir şəraitdə Cənubi Qafqazda Azərbaycanın yaratdığı reallıqlar sayəsində sabitliyin hökm sürməsi Ermənistana və onun Qərb müttəfiqlərinə heç bir halda sərf etmir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə