"Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir" - HULUSİ KILIÇ DANIŞDI
"Türkiyə və Azərbaycan əlaqələri dünyada nümunədir". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
O bildirib ki, bu əlaqələr mənbəyini Ulu Öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" sözündən, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin "Biz bir milət, iki dövlətik" sözündən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Türkiyə-Azərbaycan tək ürəkdir" sözündən və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "Türkiyə-Azərbaycan tək yumruqdur" sözündən almaqdadır. Türkiyə-Azərbaycan əlaqələri 15 iyun 2021-ci il Şuşa bəyannaməsi ilə strateji müttəfiq mərhələsinə çıxmışdır. Bu sənəd bəyannamədən əlavə iki ölkənin parlamentləri tərəfindən təsdiqlənmiş, bir razılaşmaya çevrilmişdir. Bu sənəd əlaqələrin bütün mərhələlərini əhatə etməkdədir. Bu əslində razılaşmadan əlavə dərs kitabıdır. Hətta Türkiyə-Azərbaycan əlaqələrinin "kupçası"dır.
İki prezident arasında davam etdirilən dostluq və qardaşlıq əlaqələri iki ölkənin xalqları tərəfindən böyük məmnuniyyətlə qarşılanır. İki ölkə parlamentləri arasında da əlaqələr mükəmməl şəkildə davam edir. Türkiyə Böyük Millət Məclisinin tərkibində Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Komitəsi var. Türkiyədə komitənin rəhbəri Şamil Ayrım, Azərbaycanda isə sədr Əhliman Əmiraslanovdur. Dostluq qrupları qarşılıqlı ziyarətlər edirlər, aralarında böyük həmrəylik vardır".
"İqtisadi əlaqələr çox inkişaf edir, qarşılıqlı ticarət həcmi hər il artmaqdadır. Keçən ilki rəqəmlər 7 milyard dollardır. Hərbi sahədə böyük əməkdaşlıq vardır. Bəzi silahların istehsalı Azərbaycanda həyata keçirilir. Azərbaycan zabitləri də Türkiyədə təhsil alırlar. Yenə hər ay qarşılıqlı hərbi tədqiqatlar aparılır. Bu da Türkiyə-Azərbaycan ordularını birləşdirməkdə və tək ordu sistemi kimi görünməkdədir. Mədəni əlaqələrin inkişafı, onsuz da irəlidədir. Türk filmlərinə Azərbaycanda böyük maraq var. Türk incəsənət xadimləri Azərbaycanda maraqla qarşılanır. Eyni zamanda Azərbaycanın folklor qrupları və digər mədəni fəaliyyət göstərən qrupları Türkiyədə böyük maraq görür.
Biz bir millət, iki dövlətik. Amma lazım gəldikdə bir dövlətə də çevrilə bilirik. Deyirəm ki, bizim olan Azərbaycanın, Azərbaycanın olan bizimdir. Bu da iki ölkə arasında əlaqələrin nə qədər üstün səviyyədə olduğunu göstərir. 1993-cü ildə Azərbaycan torpaqlarının işğal edilməsi ilə Türkiyə Ermənistan ilə sərhədini bağladı, diplomatik münasibətləri kəsdi. Bunun dünyada nümunəsi yoxdur. Bu bizim həmrəyliyimizin nə qədər güclü olduğunu göstərir. Hətta Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi bağlanmadan Türkiyə Ermənistanla əlaqələrini normallaşdırmayacaq. Onu gözləyirik. Biz bir millət iki dövlətik, lazım gəldikdə bir millət bir dövlətik deyirik. Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir" - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB